GündəmManşetÖnə çıxanlarSiyasət

Qeyri-adi tüfeylilik qabiliyyəti

Şahin Hacıyev

Turan agentliyi

Nə ilə tüfeylilik etmək olar? Hakimiyyəti və ya rəhbərliyi tərifləməklə, vətənpərvərliklə, düşmənlərə qarşı ədavətlə. Rəhbərlik əmr etdi deyə ən mənfur tapşırığı yerinə yetirməyə hazır olmaq və ya zəifin əlindən almaq bacarığı artıq tüfeylilikdir.

Bu yolla dolanmaq üçün pul qazanmaq, gənclərə bunu öyrətmək və onları bunun normal olduğuna, belə olmalı olduğuna inandırmaq, bu zaman təmkinli görünüşü qoruyub saxlamaq prestijə çevrilib.

Bəzən elə gəlir ki, tüfeyli olmaq bacarığı milli xüsusiyyətdir, ətrafda belə şeylər o qədər çoxdur ki…

Belə hadisələrdən biri 2005-ci ildən, 1993-cü ildə ermənilərin sahə komandiri, ASALA terror təşkilatının liderlərindən biri Monte Melkonyanı qətlə yetirən Silahlı Qüvvələrimizin 708-ci briqadasının döyüşçüləri haqqında araşdırma aparıb məqalə dərc etdiyim zaman başlayıb.

Bu araşdırma üçün materialı uzun illər boyunca yığmışdım, çünki əvvəl yalnız Montenin iyunun 12-də Ağdam rayonunun Mərzili kəndində döyüşlər zamanı qətlə yetirildiyi məlum idi. Onu PDM-dən atılmış güllə qəlpəsi yaralamışdı.

Monte Melkonyanın adı 1990-cı ildə “Xəzər” jurnalında 1975-ci ildən başlayaraq müxtəlif ölkələrdə erməni terroristləri tərəfindən qətlə yetirilmiş türk diplomatların siyahısı dərc edildikdən sonra məlum olub.

Bu terror aktlarının əksəriyyətini aralarında Melkonyan da olan ASALA döyüşçüləri törədiblər. Həmin terror aktlarında 40-dan çox diplomat və onların ailə üzvləri həlak olub.

Melkonyanın öldürüldüyü haqqında ilk dəfə iyunun ortalarında Frans-press agentliyi məlumat yayıb, sonradan “Komsomolskaya pravda”da qeyd çıxıb və bu, o zaman məlum olan yeganə şey idi.

Bir neçə il əvvəl bu sətirlərin müəllifi Ağdam ətrafında döyüşlərin iştirakçıları haqqında məlumat toplayırdı. Məlum oldu ki, bu, 708-ci briqadanın məsuliyyət zonası idi. Sonradan Mərzili yaxınlığında döyüşə komandanlıq edən ikinci briqada batalyonunun komandirini tapmaq mümkün oldu.

Komandir Xətai Baxışovun və onun döyüş yoldaşlarının danışdıqlarından bu döyüşün mənzərəsi canlandı. Bu mənzərə erməni mənbələrinin təsvirləri ilə tamamilə üst-üstə düşürdü. Həmin təsvirlər arasında ən önəmlisi Melkonyanın qardaşının “My brothers way” (“Qardaşımın yolu”) kitabı idi.

Bundan sonra aydın oldu ki, Melkonyanı bu batalyonun döyüşçüləri, konkret olaraq 258 nömrəli PDM ekipajı qətlə yetirib.

Amma bu mövzuda məqalənin nəşrindən iki həftə sonra “Gün səhər” qəzetində, “525-ci qəzet”də Melkonyanın qətlinin İbad Hüseynovun rəhbərlik etdiyi hansısa kəşfiyyat qrupunun əməli olduğu iddia olunan material dərc olundu. Həm də Hüseynov, öldürmək də deyil, kimin başını kəsdiyini bilmirdi. Daha əvvəl isə əlbəyaxa döyüşdə yıxılan erməni onu öldürməməsi üçün yalvarıbmış (!).

Öldürülən şəxsin adı, guya, Moskva televiziyasında Melkonyanın öldürüldüyü haqqında məlumat yayıldıqda və hətta foto nümayiş olunduqda məlum olub…

Bu, tüfeylilik maşınının işinin başlanğıcı idi: digər məqalələr də yayıldı, versiyalar dəyişməyə, kitablar yazılmağa başladı, hətta MTN-in, guya özünümüdafiə dəstəsinin 20 yaşlı üzvünə tapşırılmış xüsusi əməliyyatı haqqında film də çəkildi.

Belə geniş mövzu üzərində necə tüfeylilik etməsinlər? Beynəlxalq nüfuza malik terrorçu öldürülüb. Bu haqda necə sakit danışmaq olar? Bunu qoşun başçılarımızın, kəşfiyyat qəhrəmanlarımızın qələbəsi kimi, nə qədər heybətli düşmənlə üz-üzə gəldiyini və onun necə gözəl devrildiyini bilən döyüşçülərimizin yüksək döyüş əhval-ruhiyyəsi kimi təqdim etmək lazımdır.

Belə bir layihə üçün nə qədər mənzil, maşın, orden və medal almaq olar, nə qədər gözəl tədbirlər keçirmək olar, nə qədər bahalı qəbullar, xarici səfərlər təşkil etmək olar, təsəvvür edirsiniz?!

Ötən illərdə hakimiyyətdə müəyyən dairələr bu mövzunu eninə-uzununa istismar etdilər, yalan danışmaqdan, Melkonyanı öldürmək üçün canını fəda edənlərə böhtan atmaqdan çəkinmədilər.

Eyni zamanda, iştirakçılarından biri parlamentin hazırki deputatlarından biri və onun əlaltıları olan bu çirkin kampaniyanın müəllifləri bu sətirlərin müəllifinə İbad Hüseynovu tənqid etməkdən əl çəkmək tələbi ilə təzyiq göstərməyə və onu hədələməyə çalışıblar.

Bu hadisənin pik nöqtəsi keçmiş MTN generallarından birinin kabinetindəki mübahisə oldu. Bu sətirlərin müəllifinə ağıllı olmağı və ermənilərin dəyirmanına su tökməməyi tövsiyə etdilər. Bu zaman MTN nümayəndəsi iddia edirdi ki, ermənilər Melkonyanın üzünü qoruyub saxlamaq üçün başını tikmişdilər (!).

O vaxtki MTN rəhbərliyi, işi MTN-in xüsusi əməliyyatı kimi təqdim edərək, öz “şöhrət” payını götürməyi qərara alaraq, İbad Hüseynov haqqında filmə sponsorluq edib…

Məlum oldu ki, məntiq dəlilləri işləmir və hakimiyyətin obyektiv və ədalətli reaksiyasını gözləmək sadəlövhlük olar.

Saxtakarlıqlara və canından keçən döyüşçülərin xatirəsini tapdalamaq cəhdlərinə cavab bu mövzu haqqında hər şeyi əks etdirən “258 nömrəli PDM-in ekipajı” adlı film oldu. Etiraf etmək lazımdır ki, bu sənədli film ciddi təsirə malik oldu və başqasının şöhrətinə yamanmaq istəyənlərin ovunu uzun müddətlik əlindən aldı, baxmayaraq ki, müharibəni saxtalaşdıranlar sakitləşmək istəmədilər.

Və bu günlərdə Müdafiə Nazirliyində İbad Hüseynovun qəhrəmanlığını tanımaq və Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ərəfəsində Monte Melkonyanın qətlinə görə ona Milli Qəhrəman adı verilməsi haqqında təklifi dəstəkləməyi tələb edən Prezident Aparatı nümayəndələrinin iştirakı ilə yeni mübahisə olub.

Müdafiə Nazirliyi rəhbərliyinin və həmin döyüşlərin bilavasitə iştirakçılarının təzyiqlərə boyun əyməməsi və başqalarının qanı üzərində parazitliyi davam etdirməyə hazır olan məmurlara uymaması onların ləyaqətini göstərir.

Müdafiə Nazirliyinin bu məsələ ilə bağlı cavab məktubu (aşağıda dərc edilmişdir) çox şeyi göstərir. Vicdanlı hərbiçilərə təşəkkürlər.

Bu mövzudan xəbəri olmayanlara isə “258 nömrəli PDM-in ekipajı” filminə baxmağı tövsiyə edirəm.

https://youtu.be/LLZfm4TFmRM

Bənzər yazılar

Back to top button