İqtisadiyyat

Sürücü davranışlarında müsbətə doğru irəliləyişlər var (RƏY)

Bir müddət əvvəl biz sərnişinlərlə düzgün rəftar etməyən, qaydalara riayət etməyən, sükan arxasında mobil telefonla danışan və hətta sükan arxasında nahar edən sürücü davranışlarının şahidi olurduq.

Lakin bir müddət sonra BNA bu məsələləri bir qədər nəzarətə götürdü.

“Finans.az” xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov ictimai nəqliyyatda avtobus sürücülərinin davranışlarını şərh edərkən deyib. Ekspert bildirib ki, hazırda “BakuBus” sürücülərindən elə bir narazılıq yoxdur:

“Əksinə biz görürük ki, “BakuBus” avtobus sürücüləri lazım gəldikdə sərnişinlərə yaxından kömək edirlər. Onlar səhhətində problem yaranan, ağır yükü olan və digər bu kimi problemləri olan sərnişinlərə yardım etməyə tələsirlər. Bunlar müsbətə doğru addımlardır”.

E. Cəfərov əlavə edib ki, lakin ictimai nəqliyyatda çalışan bir sıra daşıyıcı şirkətlər var ki, sürücülərinə qarşı heç bir tələb irəli sürməyiblər:

“Həmin sürücülər yenə də bəzən sərxoş halda avtobusu idarə edir, sükan arxasında siqaret çəkir, bəzən də, mobil telefon ilə danışırlar. Bunlar “BakuBus”a aid olmayan digər marşrut xəttinin sürücüləridir ki, bu daşıyıcı şirkətlər hələ də sözügedən məsələni idarə edə bilməyiblər. Fikrimcə, bu cür şirkətlərə qarşı müəyyən sanksiyalar tətbiq edilməlidir. Həmin şirkətlər ya o sürücüləri işdən kənarlaşdırmalı, yaxud da özləri daşıyıcılıq fəaliyyətindən könüllü surətdə imtina etməlidirlər. Düşünmürəm ki, onlar könüllü surətdə imtina etsinlər, buna görə də onlara qarşı hər hansı bir sanksiya irəli sürülməlidir. Təəsüf ki, hələ də sərnişinlərlə mübahisə edən, nalayiq ifadələr işlədən sürücülər var. Lakin müsbətə doğru irəliləyişlər nəzərəçarpacaq dərəcədədir. Sürücü davranışlarına nəzarətin ciddiləşdirilməsi, həmin daşıyıcı şirkətlərə qarşı ciddi tədbirlərin həyata keçirilməsi sürücü özbaşınalıqlarının aradan qaldırılmasına müsbət təsir görstərə bilər”.

Bənzər yazılar

Back to top button