Hadisə

“Nəcməddin Sadıkov haqqında səsləndirilən bütün ittihamlar əsassızdır”

“Mən Baş Qərargah rəisi Nəcməddin Sadıkovu hələ Birinci Qarabağ müharibəsindən tanıyıram və onun döyüş bacarığına yaxşı bələdəm. Bilirəm ki, onun haqqında səsləndirilən bütün ittihamlar əsassızdır”.

AzToday.az xəbər verir ki, bunu Sfera.az-a açıqlamasında ehtiyatda olan zabit Şahin Əliyev deyib.

Onun sözlərinə görə, Nəcməddin Sadıkovun haqqında qarayaxma kampaniyası aparılır. Ş. Əliyev bildirib ki, bu kampaniyanı aparanlar xarici dövlətlərdən maliyyələşənlərdir:

“Bu gün Nəcməddin Sadıkov, ümumiyyətlə ordu rəhbərliyi haqqında danışanlar tarixi hadisələri bilməyən insanlardır. Mən 1990-cı illər hadisələrinin iştirakçısı olmuşam. O vaxtlar, indiki hörmətli Müdafiə nazirinin birinci müavini – Baş Qərargah rəisi, cənab general-polkovnik Nəcməddin Sadıkov başçılıq etdiyi əməliyyatlarda uğur qazanması ilə seçilirdi. Gördüklərimə görə əminliklə deyirəm ki, Nəcməddin Sadıkov haqqında səsləndirilən ittihamlar tam əsassızdır. O, Azərbaycanı ürəkdən sevən generaldır”.

Ehtiyatda olan hərbçi vurğulayıb ki, Vətənə sadiq general N. Sadıkov haqqında deyilən fikirlərə əhəmiyyət vermək lazım deyil: “O, əsl döyüşçü kimi Ağdərə əməliyyatına rəhbərlik edib. İlk motoatıcı briqadanı da məhz Nəcməddin Sadıkov yaradıb. Bilənlər bilir, 703 saylı briqadanın təsisçisi və komandiri olub. Hazırladığı əməliyyat nəticəsində Ağdərəni onun sayəsində aldıq. Bunu necə unutmaq olar? Biz Ağdərəni alıb 709 saylı briqadaya təhvil verəndən sonra da döyüşləri davam etdirdik. Hər dəfə deyirəm, 1994-cü il aprelin 25-dən sonra Ağdərənin itirilməsi Surət Hüseynov ilə bağlıdır, Ağdərəni biz almışıq, o isə verib”.

Qeyd edək ki, Nəcməddin Sadıkov 1992-ci ilin fevralında 703 nömrəli briqadanın komandiri təyin edilib. SSRİ ordusundan Qarabağda müharibə başladığına görə gəlib.

Həmin ilin yayında onun komandanlıq etdiyi 703 saylı briqadanın bir sıra uğurlu əməliyyatları olub. Nəticədə Ağcabədi və Ağdərə azad olunub.

1993-cü ildə Surət Hüseynovun qiyamçıları Qazaxdan paytaxta kimi bütün icra hakimiyyətlərini özlərinə tabe edərək, Bakıya hakimiyyəti ələ keçirməyə gəlirdi. Həmin vaxt Surət Hüseynova boyun əyməyən çox az qoşun vardı. Ümummilli lider Heydər Əliyev prezident olaraq, qoşunlara çağırış edəndən sonra onun çağırışına səs verən Goranboy-Tərtər qoşunları boyun əyməyənlərdən oldu. Onlar da vaxtilə Nəcməddin Sadıkovun komandanlığı altında vuruşmuşdular.

Heydər Əliyevin tapşırığı ilə, Nəcməddin Sadıkovun idarə etdiyi Goranboy-Tərtər qoşunları Surət Hüseynovun çevrilişinin qarşısını aldı və qiyamçıları tərksilah olundu. Ümummilli liderin uzaqgörənliyi sayəsində qardaş qırğınının qarşısı alındı, dövləti uçuruma aparan qüvvələr zərərsizləşdirildi.

Əlavə edək ki, 1994-cü ildə müxalifyönlü OMON qruplaşması “8-ci kilometr” qəsəbəsindəki qərargahında baş prokuror Əli Ömərovu girov saxlayaraq ona işgəncələr verirdilər. Nəcməddin Sadıkov qərargaha gedərək, Əli Ömərovu azad etmişdi. Bununla da, baş verə biləcək böyük gərginliyin qarşısı alınmışdı.

Bənzər yazılar

Back to top button