Bakıda sərnişinlər avtobusun qapısından sallanıb gedir (VİDEO)

Print Friendly, PDF & Email

Sərnişinlər avtobusun içərisində deyil, qapıdan bayırda, qapıdan sallanaraq gedirlər. Paytaxtdakı sərnişin avtobuslarından birində qeydə alınan hadisənin görüntülərini vətəndaşlardan biri çəkərək “Xəzər Xəbər”ə göndərib.

İnsanlar marşrutun qapısından sallanaraq gedirlər. Görüntülər 20 yanvar metrosunun yanından Abşeronun Pirəkəşkül qəsəbəsinə gedən 114 nömrəli marşrutdandır.

Avtobusdan istifadə edən sərnişinlər deyir ki, belə hallar axşam saatlarında, sıxlıq müşahidə olunan zaman baş verir.

“Xəzər Xəbər” məsələ ilə bağlı marşrut xəttinin sahibkarı ilə əlaqə saxlayıb. Onun verdiyi açıqlamaya görə, sərnişinlərin qapıdan bayırda getməsi ilə bağlı hadisədən xəbərdardırlar. Həmin vaxt avtobusa minmək üçün çoxlu sayda insan axın etdiyinə görə avtobusun qapısında nasazlıq yaranıb və o bağlanmayıb. Bundan istifadə edən bir qrup sərnişin isə sürücünün tələbinə baxmayaraq avtobusdan sallanıb getməkdə davam ediblər. Ancaq sərnişinlər daşındıqdan sonra həmin avtobus təmirə göndərilib və onun qapısındakı nasazlıq aradan qaldırılıb. Marşrut xəttinin sahibi belə hadisələrlə qarşılaşan zaman vətəndaşları avtobusun içərisində qoyulan mobil nömrəyə zəng etməyi və öz şikayət və təkliflərini bildirməyi tövsiyyə edib.