Cəmiyyət

Virtual məktəb layihəsi şagirdlər üçün göydəndüşmə idi, amma… – Ekspert

“Martın 3-dən etibarən tədris prosesinin dayanması ən çox aşağı sinif şagirdlərinə mənfi təsir göstərdi. Nəzərə alsaq ki, onlarda oxuma, yazma və anlama vərdişləri yeni formalaşırdı, uzun müddət planlaşdırılmamış tədrisdən kənarda qalma onlarda bu qabiliyyətlərin itməsinə və ya azalmasına səbəb ola bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, Təhsil Nazirliyinin 11 martdan etibarən Mədəniyyət TV-də Tele Dərs layihəsinə başlaması şagirdlər üçün dərs axınının təmin olunmasına imkan verdi:

“Virtual məktəb layihəsini, evdən çıxmadan da ibtidai sinif şagirdlərinin təhsil almalarına davam etmələri olduqca müsbət qiymətləndirirəm. Təhsil Nazirliyinin virtual məktəb platforması ibtidai sinif şagirdləri üçün təhsilin əlçatımlılığının təmin olunmasıdır”.

Ekspert bildirib ki, martdan fərqli olaraq sentyabrdan onlayn formada təhsilə başlanmağın effekti olmayacaq:

“Nəzərə alsaq ki, resurs çatışmazlığı var, Təhsil Nazirliyinin virtual məktəb layihəsi şagirdlər üçün göydəndüşmə layihə idi. Amma burada bir məqam var idi ki, mart ayında virtual dərs keçən şagirdlər ona qədər 7 ay ənənəvi formada dərs keçmişdilər. Lakin sentyabrdan bunun onlayn formada başlanması effektiv olmayacaq. Amma yeni tədris ilində yalnız bunlarla davam etmək olmaz. Çünki hər iki layihəyə orta məktəblərdə çalışan 150 min müəllimin yalnız 50-60 nəfəri cəlb olunur. Ona görə də yeni forma tətbiq edilməlidir. Düşünürəm ki, dərslər həftə ərzində hər gün olmamalıdır. Belə ki, 1-3-5-7-9-11-ci sinif şagirdləri məktəblərə 1-3-5-ci günlər, geri qalan siniflər isə 2-4-6-cı günlər gəlməlidir. Bu zaman isə sosial məsafə və digər qabaqlayıcı tədbirlərə diqqət yetirmək lazımdır”.

Ekspert həmçinin deyib ki, 4447 orta məktəbdə təhsil alan hər bir şagirdə dövlət büdcəsi hesabına planşetlər verilməli və bütün şagirdlər üçün distant – onlayn təhsilə qoşulmaq üçün bərabər imkanlar yaradılmalıdır:

“Dərsləri 1 sentyabrdan başlamalı, bütün sentyabr ayı boyunca əvvəlki ilin materilları təkrarlanmalı, yalnız oktyabr ayından yeni sinifin materillarının keçirilməsinə başlamaq lazımdır. Hesab edirəm ki, bu sahə üçün ilk növbədə qanunvericilik bazası yaradılmalı, ondan sonra digər texniki işlər görülməlidir”.

Bənzər yazılar

Back to top button