İqtisadiyyat

Azərbaycanda uçot dərəcəsinin endirilməsi niyə kredit faizinə təsir etmir? (ŞƏRH)

“Uçot dərəcəsinin endirilməsinin banklarda kredit faizlərinə heç bir təsiri olmayacaq”.

AzToday.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin endirilməsi qərarını şərh edərkən deyib. Onun fikrincə, bu qərarın iqtisadiyyata təsiri yoxdur:

“Bu gün Mərkəzi Bank uçot dərəcəsini dəyişib, 0,25% azaldıb, faiz dəhlizinin yuxarı həddi 7,25%, aşağı həddi isə 6,25% müəyyən olunub. Bunun iqtisadiyyata təsiri yoxdur, çünki normal iqtisadi modeli olan ölkələrdə Mərkəzi Bankların uçot dərəcəsi ölkədə olan kredit faizləri üçün yön verən, həlledici amil olur. Amma bizdə heç bir ciddi təsiri yoxdur. Çünki iqtisadiyyat yoxdur. Sübut istəyirsiniz, buyurun: 2014-cü ildə MB-ın uçot dərəcəsi 3,5%, amma ölkədə biznes kreditlərinin ortalama faizi 18% civarında idi. İstehlak kreditləri isə az qala 30%-ə çatmışdı, sonra iki devalvasiya oldu”.

Natiq Cəfərli bildirib ki, Mərkəzi Bank 2016-ci ildə uçot dərəcəsini 15%-ə qaldırdı və banklarda kredit faizlərində ciddi dəyişiklik olmadı:

“Bu gün MB uçot dərəcəsini 6,75%-ə çəkib, amma banklarda kredit fazilərinə bunun heç bir təsiri olmayacaq”.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 7 faizdən 6, 75 faizə endirilməsi haqda qərar qəbul edib və faiz dəhlizinin yuxarı həddi 7,25%, aşağı həddi isə 6,25% müəyyən olunub.

Bənzər yazılar

Back to top button