AnalitikaGündəmManşetSiyasət

“Qarabağda yarım qalmış işi başa çatdırmaq” barədə (ŞƏRH)

1994-cü ildəki atəşkəsdən sonra dəfələrlə Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi üçün hərbi əməliyyatlara başlamasına dair təhriklər oldu. İlk növbədə bu təhriklər Azərbaycanın lehinə və guya maraqlarına xidmət edən addım kimi görünsə də əsl məqsəd fərqli idi. Məsələn, Ermənistanın təhriklərdə məqsədi o idi ki, güclənən və kritik məqama hazırlanan Azərbaycan regional və qlobal şəraitin uyğun olmadığı bir zamanda hərbi əməliyyatlara başlayaraq uğursuzluğa düçar olsun. Vaxtından öncəki həmlə Rusiyanın ağır zərbəsiylə və “Azərbaycanın cəzalandırılması” ilə yekunlaşsın. Cənubi Osetiyadakına bənzər proses yaşansın. Ermənistanın de-fakto üstünlüyü daha da güclənsin, əlavə olaraq de-yure nəticələr də yaransın (müharibəni başladan və guya “erməniləri qırmaq istəyən” Azərbaycanın addımına cavab olaraq “tanınma” prosesi getsin). İkinci dəfə ağır məğlubiyyət yaşayan Azərbaycanda daxili çaxnaşmalar başlasın, ölkə ən az 50 il özünə gələ bilməsin.

Qərbdəki müəyyən güc mərkəzlərinin əsas məqsədi isə bu idi ki, proses nəticəsində Rusiya və Türkiyə açıq hərbi münaqişə formasında qarşı-qarşıya gələrək hər ikisi güc itirsin, eyni zamanda Azərbaycanın “güclü ordu”, “güclü dövlət” ritorikasının boş olduğu ortaya çıxsın. Təəssüf ki, bu sonuncunu arzulayanlar içərisində müəyyən soydaşlarımız da var idi. Bir qisminin dövlət qurumları tərəfindən hüquqları tapdandığı üçün, bir qismi dar siyasi maraqlara görə, bir qismi xaricdən istiqamətləndirildikləri üçün, bir qismi digər səbəblərə görə.

Qərbdəki müəyyən mərkəzlər üçün Qarabağ münaqişəsinin ən dəyərli yönü onun Rusiya və Türkiyənin gücünü udmaq potensialı idi.

Təbii ki, təhrik Ermənistan vasitəsilə edilirdi. İşğalı davam etdirir, atəşkəsi pozur, insanlarımızı qətl edirdi. Beynəlxalq hüquqa görə Azərbaycanın cavab vermək hüququ var. Sadə vətəndaşların təbii gözləntisi var idi və haqlı olaraq bu işğalın nə vaxt başa çatacağını soruşurdular. Amma bununla yanaşı süni şəkildə Azərbaycan daxilində hakimiyyət üzərində psixoloji təzyiq yaradılırdı. Bir qarış belə torpağı azad etməyimizi istəməyən güclər tərəfindən şüarlar hazırlanırdı: Bəs nə oldu, bəs nə vaxt alacağıq? Bunlar çoxdan satıblar. Namus-qeyrət əldən getdi, bəs nə vaxt Ermənistanın dərsini verəcəksiniz? Lazım nə vaxt gələcək və s.

Azərbaycan dövləti üçün isə Ermənistanın təhriklərinə, xarici qüvvələrin oyunlarına və xalqın təbii gözləntilərinə rəğmən doğru zamanı gözləmək vacib idi. Çünki, yeni müharibə ancaq qələbə ilə yekunlaşmalı idi. Əks halda sadəcə işğal altındakı ərazilər deyil, bütövlükdə dövlət, milli varlığımız təhlükə altına düşə bilərdi.

Ermənistan gedişatı və qaçınılmaz sonu gördükcə provakasiyalarını sıxlaşdırdı. Xüsusilə 2020-ci ilin ilk 7 ayında (Mayda və İyulda) çox çalışdı. Amma Azərbaycan səbr etdi. Ta ki, özü doğru bildiyi zamana qədər. Ermənistanın növbəti provakasiyasına cavab olaraq 27 sentyabrda başlayan müharibə noyabrın 9-da dayandırıldı (bizim rəsmi versiyada 10 noyabr deyilsə də nədənsə mən razılaşmanın noyabrın 9-da olduğunu düşünürəm).

Yeni suallar başladı: Bura qədər gəlmişkən niyə dayandıq? Xocalını, Xankəndini almadan dayanmaqda məqsəd nədir? Deyəsən yenə satdılar və s.

Cəmiyyətin gözləntisi, narahatçılığı aydındır və anlaşılandır. Amma xüsusi güc mərkəzlərinin bu gözləntilərdən yola çıxaraq yanlış qərarlara sövq edilməsinə çalışması xüsusi diqqəti cəlb edirdi. Həmin güc mərkəzlərini narahat edən Xankəndinin və Xocalının Azərbaycanın suverenliyi altına keçməməsi deyildi, Rusiyanın və Türkiyənin enerjisinin birlikdə udulması ssenarisinin (Azərbaycanın daha böyük dağıntılara məruz qalması bahasına) baş tutmaması idi.

Hətta müəyyən planlara görə müharibə elə bir mərhələyə keçə bilərdi ki, Qərb və Rusiya eyni tərəfdə fəal əməkdaşlıq edə bilərdilər (necə ki, müharibənin ilk mərhələsində və atəşkəs dövründə işğalçının yanında durmaqla bağlı etmişdilər). Beləcə Azərbaycan-Türkiyə ikilisi ortaq hədəf olacaqdı.

Bütün bunlar hələ ki, baş tutmadı. Təbii ki, çox doğru diplomatik və hərbi həmlələr sayəsində.

Ukraynada müharibə başladıqdan (Rusiya Ukraynanın işğalını yeni mərhələyə daşıdıqdan sonra) Xocalı və Xankəndi istiqamətində yeni hərbi əməliyyatlar mövzusu aktuallaşıb. Bunun təbii səbəbləri də var, amma eyni zamanda Qərbin planlarından qaynaqlanan hissəsi də. Amma çox diqqətli olmaq lazımdır. Bir dövlətin hərbi, siyasi, iqtisadi, mədəni imkanlarından daha vacibi düzgün planlar qurmaqdır (strateji planlaşdırma qabiliyyəti). Ondan daha vacibi isə doğru qərarları doğru zamanda qəbul etməkdir (strateji qərar qəbul etmə qabiliyyəti). Ümid edək ki, xarici siyasətdə indiyə qədərki maksimum rasional yanaşma davam edər. Doğru addım doğru zamanda atılar.

Araz Aslanlı, politoloq

Bənzər yazılar

Back to top button