Cəmiyyət

Erkin Qədirli də mandatını girov qoysun?

Bizim camaatı bu dünyada heç nə ilə razı salmaq mümkün deyil. Bu, dəqiqdi, bu, yoxlanılmış, təsdiqlənmiş, möhürlü faktdı.

Jurnalist kimi dəfələrlə başıma gəlib. Veriliş aparıram, qonaq siyasətdən danışır, tamaşaçı altdan yazır: “Neynirik e siyasəti, acından ölürük, sosial yardımdan danışın”. Yardım mövzusundan danışan ekspert gəlir, tamaşaçı yenə şikayətlənir: “Yardımla iş düzələn deyil e, sistem kökündən dəyişməlidi. Ölkə siyasətindən danışın”…. Örnəklər bəs deyincədir. Eyni durum siyasətçi üçün də keçərlidir. Siyasətçi, deputat korrupsioner olur vay, rüşvət almır, yenə vay.

Son örnək deputat Erkin Qədirli ilə bağlıdır. Erkin bəy öncə Qurban bayramı ilə bağlı deputatlara ayrılan yardım barədə məlumat verib. Ardınca özünün maliyyə hesabatını açıqlayıb. Deputat olandan bəri nə qədər qazanıb, nəyə nə qədər xərcləyib. Açığı bir jurnalist və sıravi vətəndaş kimi zövq aldım bu mənzərədən. Adam qəpiyi-qəpiyinə hesabatını verib. Erkin bəyi müəllimlik dönəmindən tanıyan çoxsaylı tanış və dostlarımın da sayəsində bilirəm ki, olduqca təmiz, rüşvət almayan müəllim olub. Buna görə də maliyyə hesabatının səmimiliyi şübhə doğurmur. Amma baxıram yenə səs səsə qarışıb. Biri qabağına kalkulyator qoyub, kommunal xərclərin azlığına şübhə edir. Bir başqası yemək xərclərinin azlığını sorğulayır… Halbuki adam açıq mətnlə 2014-cü ildən boşandığını və ailə həyatı olmadığını yazıb. Yəni, bu da kommunal və mətbəx xərclərinin niyə cüzi olduğunu aydın şəkildə açıqlayır. Üstəlik xarakterini də izah edib ki, lüksə meylli deyil, geyimə marağı yoxdur, maşını da köhnədir. Yəni, bir dostu ilə dərdləşirmişcəsinə bütün xərclərini, gəlirini-gedərini qoyub ortaya.

Anlamıram, adam daha nə etsin? Adına saxta səs yazdırırlar, məhkəməyə şikayət edir. Kimlərsə seçki zamanı qutuya onun xeyrinə saxta bülleten atır, bunu deşifrə edir. Ən yaxın dostunun atası seçkidə qanunsuzluğa göz yumur, onu da bağışlamır. İndi də büdcəsində nəyi var-nəyi yox, sizin qabağınıza qoyur ki, necə yaşadığını, nəyin hesabına dolandığını görəsiz. Şəffaflıq istəmirdiz? Alın sizə şəffaflıq. Nədir sizi narazı salan? Onun təmizliyi? Onun təmizliyindəmi çirklənirsiz? Mən bizim redaksiyaya müsahibəyə gələndə onun köhnə maşınını görmüşəm, 3 il əvvəl efirə qonaq gələndə əynində olan pencəyi hələ də geyindiyinin şahidiyəm. Ona görə yazdıqlarına şübhə etmək ağlımdan belə keçmir. Çünki bilirəm, əminəm və inanıram. Adam 12 il boyunca Bakı Dövlət Universitetində, varlı balalarının oxuduğu hüquq fakültəsində dərs deyib də, tələbə dədəsinin cibinə göz dikməməyi başarıbsa, bunlar da onun üçün adidir.

Bu ölkədə halal zəhmətlə, halal məvaciblə də normal şəkildə dolanmaq olur, bəylər və xanımlar. Uzağa getməyib, öz sahəmizdən yazacam. Bəli, bu ölkənin jurnalistikasında çalışıb, kreditlə ev də almaq olur (bəlkə ömürdən illər alır, amma olur), maşın sahibi də olmaq mümkündür, hətta istəsən bağ sahibi də ola bilərsən. Yenə təkrarlayıram: hissə-hissə ödəməklə, illər uzunu tikib qurmaqla, bir qədər əziyyət çəkməklə. Heç kəs acgözlülüyünə don geyindirməyə çalışmasın. Pandemiya bizə heç nəyin, heç kəsin verə bilməyəcəyi dərsi verdi. Bəli, geyim mağazaları, istirahət mərkəzləri, kafe-restoranlar, gözəllik salonları…. bağlandı. Bəlli oldu ki, sırf meşşanlıq üçün onlara xərclədiyimiz pullarla nə qədər faydalı, qalıcı işlər görə bilərik. Onlarsız da həyatı maraqlı etmək olurmuş. Qırmızının bütün tonlarında cicili-bicili paltarımız olmayanda da günəş səhərlər çıxırmış. Qlamur kafelərdə makiyatu içmədiyimiz günlərdə də başımızı balışa rahat qoyub yuxuya gedə bilirmişik sən demə.

Xanımlar və cənablar. Əslində bu mənzərə dünyanın bir çox sivil ölkələrində mövcuddur. Bu, bizə deputatın qanun pozuntusu edib biznes qurmadan da, rüşvət almadan da yaşaya biləcəyini göstərir. Bu ölkədə aylıq 500 manat məcaviblə dörd nəfərlik ailə saxlayan adamlar var. Siz təkbaşına yaşayan bir kişinin mart-avqust ayları ərzində 20 min manat qazancla dolana biləcəyinə şübhə edirsiz? Aylara böləndə ayda 3.3 min manat edir, gözəl insanlar… Gerçəkdən ciddisiz, ya zarafat edirsiz?

Bu gözlər mandatını girov qoyan deputat da görüb, istirahət mərkəzi qurub, utanmadan mediada “yayda filan istirahət mərkəzində istirahət edin, ay camaat” deyib öz obyektini gizli reklam edənləri də. Bu yaxınlarda utanmadan öz istirahət mərkəzini reklam edən bir deputatın müsahibəsini dinləmişdim. Deyirdi ki, “mən deputat olana qədər acından ölürdüm bəyəm? Biznesmen idim, o istirahət mərkəzi də həmin vaxt qurulub”. Amma niyə indiyə qədər qanuna zidd olaraq, onun təsisçici özüdür, onun izahatı verilməmişdi. Əminəm ki, indi bu cür deputatlar Erkin bəyin əlindən zəncir çeynəyirlər. Adam həm israrla “mən sabun bişirməyəcəm” deyir, həm də gözütox həyat tərzi keçirir və bunu da çox gözəl əsaslandırır. Örnək gözəldir, səmimidir və stimulvericidir.

Sizi deyə bilmərəm, mən kasıbın balasını maşınının təkərləri altında xıncım-xıncım edən nazir, deputat balası yerinə, köhnə model maşın sürüb də, onu tez-tez usta yanına aparan deputatı tərcih edirəm. Mən yüksək cinli məmurlarla sahibkarlar arasında maklerlik edib, pul qazanan deputat əvəzinə aylıq 4-5 manatlıq işıq sərfiyyatı olan Erkin Qədirliyə üstünlük verirəm. Hər kəs seçimlərinə görə tanınır. Seçiminizi, münasibətinizi göstərdiz, sizi tanıdıq, təşəkkürlər!

Sevinc TELMANQIZI

Mənbə: musavat.com

Bənzər yazılar

Back to top button