Dünya

ABŞ Ukraynaya uzun mənzilli ATACMS raketləri verib

Bazar ertəsi Bayden administrasiyası bu yaxınlarda Ukraynaya “165 kilometr məsafəli ATACMS raketləri” verdiyini təsdiqləyib. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi bildirib.

“Hesab edirik ki, bu, Ukraynanın hərbi imkanlarının əhəmiyyətli dərəcədə artmasını təmin edəcək”, – Ağ Evin mətbuat xidmətinin nümayəndəsi Turan-a bildirib.

Ukraynaya ATACMS verilib-verilməməsilə bağlı mübahisələr bir neçə aydır ki, davam edirdi.

İlk dəfə may ayında prezident Bayden bildirmişdi ki, Ukraynanın uzun mənzilli raket sistemləri ala bilməsi mümkündür. Turan-ın Vaşinqtondakı müxbirinə bildirmişdilər ki, Ukraynaya ATAMCS göndərilməsi “gündəmdədir”.

Ağ ev son qərarı yayın sonunda qəbul edib və ötən ay bu barədə prezident Vladimir Zelenskiyə bildirib. Dünən Ukrayna bu silahdan Rusiya vertolyotlarını vurmaq üçün istifadə edib.

Prezident Zelenski bu xəbəri açıqlayıb və bildirib ki, prezident Bayden ilə razılaşmalar “çox dəqiq yerinə yetirilir”.

«ATACMS özünü doğrultdu”, – o deyib.

Bu addım ABŞ Konqresində “müsbət addım” kimi qarşılansa da, Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri Maykl Makkol bu raketlərin çox gec verildiyindən məyusluğunu bildirib.

“Ukraynanın aylarla davam edən əks- hücumundan sonra bu silahların verilməsi tamamilə mənasızdır”, – Makkol deyib. (Turan)

Bənzər yazılar

Back to top button