İdman

Azarkeşlərin maaşını ödədiyi futbolçu, möcüzələrin memarı məşqçi – Filmin sonu

“Liverpul” 2015-ci ildə Brendan Rocersin yerinə baş məşqçi axtaranda yekun siyahıda adı olan üç mütəxəssisdən biri də Eddi Hau idi. Digərləri – Karlo Ançelotti və təbii ki, Yürqen Klopp. Ançelottinin avrokuboklardakı nəticələri, “Milan”, “Çelsi” və “Real”dakı göstəriciləri “qırmızılar”ın təcrübə kriteriyasına artıqlaması ilə uyğun gəirdi. Bir əmma var idi: transferlər. Karlonun transfer seçimləri “Liverpul”u qane etmirdi. Təyinat məsələsi, namizədlərin müəyyənləşdirilməsi prosesi həmin dönəm texniki direktor olan (hazırda idman direktorudu) Maykl Edvardsın öhdəliyində idi. Hə, “Liverpul”un hazırkı uğurlarında Klopp qədər rolu olan şəxsdən söhbət gedir. Mersisayd klubunda ənənəvi yanaşma da önəmlidi. Amma bu, texnologiyanın köməyini gözardı etmək anlamına gəlmir. Edvards və həmkarlarının hazırladığı proqrama görə, Ançelotti daha çox yaşlı futbolçuların cəlbinə üstünlük verirdi və gənclərlə təcrübəsi qənaətbəxş deyildi. “Liverpul”un prioriteti isə yaşı maksimum 26 olan, performansının pikinə yaxınlaşan, 3-4 il sonra da transfer bazarında dəyəri olacaq oyunçuları komandaya cəlb etmək idi. Yəni Ançelotti heyəti komplektləşdirmək baxımından sinifdə qalmışdı.

Eddi Hau isə gənc oyunçularla işləməyə üstünlük verən, onları inkişaf etdirməyi bacaran, bununla yanaşı, baxımlı futbol oynadan mütəxəssis kimi texniki direktorun daha çox marağını cəlb etmişdi. Edvards “Portsmut”da işləyərkən Eddi orada oyunçu idi. Amma “Liverpul”un yeni strukturunda qərarvermə prosesində emosionallığa yer yoxdu. Edvardsa görə, Hau, sadəcə, “son üçlük”də olmağı haqq etdiyi üçün orada idi. Təcrübə əskikliyinə baxmayaraq, Maykl ümumi dəyərləndirmədə Haunun Ançelottinin önündə olduğunu düşünürdü. Sadəcə, məlum adam Hau ilə Ançelottinin qarışığı idi. Son söz sahibi Edvards deyildi. O, namizədlər haqda fikirlərini qeyd edir, raportları hazırlayır və onları klub rəhbərliyinə təqdim edirdi. Ardınca rəhbərlik və sözügedən məşqçilər arasında görüş olacaqdı. Yekun qərarı “Liverpul”un sahibləri – “Fenway Sports Group” (FSG) rəsmiləri verəcəkdi.

Namizədlər FSG rəhbərliyi ilə görüş üçün ABŞ-a yollanırlar. Adətən, Kloppa dair materiallarda onun insanlar üzərindəki təsir gücü ön plana çıxarılır. Burada da ssenari fərqli deyil. Alman məşqçi heç kimə şans vermədən işi bitirir. “Liverpul”un direktoru və FSG-nin prezidenti Mayk Qordonun alman məşqçinin dominant xarakterə sahib olduğuna dair düşüncələri görüşün əvvəlindəcə anlamını itirir. Xüsusilə də, Kloppun öncə qarşısındakı dinləməsi, sonra fikirlərini dilə gətirməsi onun diqqətini cəlb edir. Qısa zaman kəsiyində onlar bir-birləri ilə dil tapa bilirlər. Qordona görə, Yürqenin təsir gücünü təkcə xarizma ilə əsaslandırmaq haqsızlıq olardı. Görüş bitər-bitməz Mayk FSG və “Liverpul”un sahibi Con Henri ilə əlaqə saxlayır və ona deyir: “Klopp istənilən beynəlxalq şirkətdə baş direktor işləmək potensialına sahibdi”. Beləcə, “Liverpul” yeni baş məşqçisini seçir.

Bu, Eddi Haunun qapısını döyən ilk şans deyildi. “Tottenhem” Poçettinoya alternativ axtaranda onu da düşünmüşdü – Ançelotti, Alleqri, Naqelsman və Mourinyu ilə yanaşı. Sonda yenə təcrübə punktunu doldura bilməmişdi. “Arsenal” Unay Emeri və Mikel Arteta seçimlərindən öncə onu da nəzərdən keçirib. Bir çoxlarına görə, Hau İngiltərə millisinin gələcək baş məşqçisidi. Lakin reallıq hələ də gözlənilən sıçrayışın reallaşmadığını deyir. “Komandası Çempionşipə düşdü” – futbol elə bir nöqtəyə çatıb ki, bəlkə də, CV-sindəki bu bənd onun yaxın müddətdə “böyüklər”in hədəfi olmasına əngəl törədəcək. Çox yox, 7-8 ay əvvəl isə vəziyyət tamamilə fərqli idi. Amma futbolun vurğuladığım özəlliyi həm də onun həmişə “radar”a düşə biləcəyini istisna etmir. “Vest Hem” Haunu, bəlkə də, PL-də ən çox arzulayan klubdu. Son illərdə bir neçə dəfə cəhd ediblər – xüsusilə də, Pelleqrinin gedişindən sonra. Mövsüm ortası olduğundan, Eddi müsbət qarşılamayıb. “Kristal Pelas” variantı da olub. Düzdü, son dönəmdəki nəticələrdən sonra “çəkicdöyənlər”in Moyeslə yola davam edəcəyi dəqiq kimi bir şeydi, “Pelas” isə yenicə Roy Hocsonla sözləşmə yeniləyib. Bununla belə, oyundakı hadisələr, əsas da məşqçilər özəlində danışsaq, işıq sürəti ilə cərəyan edir: ardıcıl iki məğlubiyyət və ya üç heç-heçə, verilən sözlər unudulur, müqaviləyə xitam verilir. Hansısa ortabab klub, “ilk altılıq” uğrunda mübarizə, avrokuboklar… – sonrasında Haunun qapısı hər an yenidən döyülə bilər.

42 yaşlı Eddi Haunun ömrünün 25 ilində “Bornmut” imzası var. Klub azarkeşləri 2004-cü ildə onun “Portsmut”dan qayıtması üçün aralarında pul toplamış və maaşını öz ciblərindən ödəmişdilər. Dördüncü divizionda hesablarından 17 xal silinəndə, komanda professional liqalardan uzaqlaşmağın bir addımlığında olanda Hau məşqçi kimi önə çıxmış və onun rəhbərliyi altında çempionatda qalmağı bacarmışdılar. Uzaq keçmişdən danışmıram, yaxın illərdə iflasın bir addımlığında olan “Bornmut” Eddi ilə 6 il ərzində üç divizion yüksəlmiş, skeptiklərə inad Premyer Liqada qalıcı komandaya çevrilmişdi. Birlikdə yaşadıqları əsl film mövzusudu. Üzgünəm, amma gözlənilənin əksinə, son aylar və dünən etibarı ilə filmin xoşbəxt sonluqla bitməyəcəyi dəqiqləşdi. Eddi Hau azarkeşlərə borcunu ödəyə bildimi? – ən azından bu sualla təsəlli tapmaq olar. 16 il əvvəl onun transferi üçün kampaniya başladan fanatın dediyi kimi: “Milyon dəfə artığını etdi”.

Rüfət Məcid
Fanat.Az

Bənzər yazılar

Back to top button