İdman

Operativ Qərargah qərar verdi: Premyer Liqanın startı nə vaxta qaldı?

Ötən gün Nazirlər Kabineti yanında Operativ Qərargah 13 şəhər və rayonda sərtləşdirilmiş xüsusi karantin rejiminin avqustun 31-dək davam etdirilməsi barədə qərar qəbul edib. Qərara əsasən, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək.

Sərtləşdirilmiş xüsusi karantin rejiminin davam etdiyi ərazilərdə bir çox sahələr kimi, açıq havada idman yarışlarının keçirilməsi də qadağandı. Bu da bütün idman sahələri kimi futbola da təsirini göstərəcək.

Peşəkar Futbol Liqası bir neçə gün əvvəl verdiyi açıqlamada Premyer Liqada 2020/21 mövsümünün startının avqust ayında baş tutacağını bildirmişdi. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departementinin rəhbəri Aslan Şahgəldiyev qeyd etmişdi ki, çempionatın startı ilə bağlı müxtəlif tarixlər müzakirə olunur:

“İşçi qrupu bu məsələ üzərində işləyir. Çempionatın startını onlar müəyyənləşdirəcək. Müzakirələr yekunlaşandan sonra açıqlayacağıq. Müxtəlif variantlar var. Avqustun 14-ü, 21-i variantı müzakirə edilib. Avqustun sonuna qədər də uzana bilər. Bu, Operativ Qərargahın karantin qaydası ilə əlaqədar çıxaracağı yeni qərardan asılıdır. Hər gün statistikada dəyişiklik olur. Ona görə də işçi qrupu bizə müraciət etdikdən sonra dəqiq tarix müəyyənləşdiriləcək”.

Operativ Qərargahın dünənki qərarı sonra çempionatın avqust ayında başlaması ehtimalının üzərindən xətt çəkdi. Beləliklə, Premyer Liqanın startı ən yaxşı halda sentyabr ayında baş tutacaq.

Xatırladaq ki, Premyer Liqamızda 2019/2020 mövsümü koronavirus pandemiyasına görə erkən başa vurulub və lider “Qarabağ” çempion elan edilib.

Mənbə: Fanat.Az

Bənzər yazılar

Back to top button