Analitika

Hərbi bazalar strateji ittifaqın təminatçısıdır

İkinci Dünya müharibəsindən sonrakı dövrdə ABŞ-la keçmiş SSRİ arasında gərginlik artdıqca Amerika müxtəlif ölkələrdə hərbi bazalar yaratmağa başladı. “Soyuq müharibə” dövründə bu hərbi bazaların sayı artdı. SSRİ də bir neçə ölkədə hərbi bazasını formalaşdırdı, ancaq Moskva hərbi bazaların sayına görə Vaşinqtondan xeyli geri qalırdı. SSRİ-nin 1991-ci ildə dağılmasıyla “soyuq müharibə” bitdi, Amerika qələbəsini elan etdi və birqütblü danyaya keçid baş verdi. Ancaq illər keçdikcə vəziyyət dəyişməyə başladı. Rusiya, Çin, Türkiyə, Braziliya və digər bir qrup ölkə ABŞ-ın hegemonluğunu qəbul etmir, çoxqütblü dünyanın formalaşması prosesində rol almağa başladılar.

ABŞ artıq hər yerə çatdıra bilmir, regional münaqişələr onu taqətdən salır. Bundan istifadə edən bir qrup dövlət regional siyasətlərini gücləndiriblər. Bu özünü həmin dövlətlərin müxtəlif dövlətlərdə yaratdıqları hərbi bazalarda da göstərir. ABŞ dünyada hərbi bazaların sayına görə ilk sırada qərar tutsa da, Vaşinqtonun müxtəlif qitələrdə ciddi rəqibləri peyda olub. Rusiya, Çin və Türkiyə müxtəlif dövlətlərdə və bölgələrdə, o cümlədən Yaxın Şərq və Afrikada hərbi bazalarının sayını artırmağa başlayıblar. Misal üçün Rusiya Ukraynada işğalçı müharibəsini davam etdirərkən, uzaq Sudanda hərbi dəniz qüvvələri üçün bazanın yaradılması prosesini sürətləndirib. Kremlin Sudan hökuməti ilə sazişi var. Rusiya və Çin hərbi güclərini artırmaqla yanaşı bundan sonra da harda mümkündürsə hərbi bazalarının sayını artırmağa çalışacaqlar.

Hərbi bazalar adətən dənizlərə və okeanlara çıxış və maliyyə ehtiyacı olan dövlətlərdə yaradılır. Bu sıraya Somali, Cibuti, Suriya kimi dövlətləri aid etmək olar. Ancaq təhlükəsizlik baxımından öz ərazisini üçüncü dövlətin hərbi bazası üçün açan varlı dövlətlər də var. Misal üçün varlı Cənubi Koreya özünü kasıb Şimali Koreyadan qorumaq üçün ABŞ-ın hərbi bazalarına ehtiyacı var. Qətər də varlı dövlətdir, ancaq Doha təhlükəsizliyini gücləndirmək və özünü qonşu ölkələrin birinin hücumundan qorunmaq üçün ABŞ və Türkiyənin hərbi bazalarının yerləşməsinə şərait yaradıb.

Türkiyə Azərbaycanın strateji müttəfiqidir, hərbi əməkdaşlıq üst səviyyədədir, birgə hərbi təlimlərin sayı ilbəil artır, iki dövlət arasında birgə hərbi texnikanın istehsalı prosesinə başlanılıb. Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan ordusu Türkiyə ordusunun kiçik modelinə çevrilməlidir” tezisi sürətlə həyata keçirilir. Rusiya Ermənistandan hərbi bazasını çıxarmayacaq. Fransa da hərbi nöqteyi-nəzərdən Ermənistanda yerləşməyə çalışır. İranın da Azərbaycan siyasəti dəyişməz qalır. Bütün bu amillər Türkiyənin Azərbaycanda hərbi varlığının daha üst səviyyəyə qaldırmasını diqtə edir.

“Atlas” Araşdırmalar Mərkəzi

Bənzər yazılar

Back to top button