ManşetSiyasət

Ankara – Bakı – Moskva iqtisadi üçbucağı təhlükəsizlik sahəsinə sirayət edə bilər

Azərbaycanın Naxçıvan Muxtar Respublikasında və digər rayonlarında hərbi atışlı və hərbi aviasiyanın tətbiqilə miqyaslı Azərbaycan-Türkiyə quru qoşunları hərbi təlimləri keçirilir. Təlimlər Ermənistan və Rusiya mətbuatında geniş müzakirə olunur. Bəzi ekspertlər deyirlər ki, Bakı və Ankaranın Ermənistana birgə atəş zərbələri hazırlayırlar. Yazırlar ki, ötən gün başlayan Rusiya-Ermənistan hərbi təlimləri Azərbaycan və Türkiyəyə qarşı müqavimət göstərməyə hazır olduqlarını nümayiş etdirmək üçün keçirilir.

Rusiyalı politoloq, REA İqtisadiyyat İnstitutunun elmi əməkdaşı Aleksandr Karavayev Azərbaycanla Türkiyənin Ermənistana qarşı müharibəyə hazırlaşması versiyası ilə razı deyil.

AzToday.az xəbər verir ki, Karavayev bu cür təlimlərin keçirilməsinin gizli motivlərinin olub-olmaması barədə Turan agentliyinin sualına belə cavab verib:

– Düşünmürəm ki, gizli mənalar haqqında danışmaq olar, hər şey üzdədir. Türkiyə ordusu bütün postsovet illərində Azərbaycan SQ üçün modernləşdirmə donoru kimi çıxış edib. Bu sırada həm təmənnasız yardım, həm kursantların miqyaslı hazırlanması, həm də hərbi-texniki əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında sazişlər var. Onlardan ən əsasının “Strateji tərəfdaşlıq və qarşılıqlı fəaliyyət haqqında saziş”in bu günlərdə 10 ili tamam olacaq (16 avqust 2010-cu il tarixində imzalanıb). Beləliklə, koordinasiyanın səviyyəsi planlı şəkildə artırıldı, nəzərə alsaq ki, Ankara dərhal Qarabağ münaqişəsi ilə bağlı mövqeyini Azərbaycan tərəfində öz təsir zonasında problem kimi müəyyənləşdirdi.

– Türkiyə ilə Azərbaycanın Rusiya ilə yaxşı və işgüzar qarşılıqlı faydalı münasibətləri var. Moskva bu cür təlimlərə necə yanaşmalıdır? Kreml özünü məhrum, aldadılmış hiss etmirmi?

– Düşünürəm ki, yox. Birincisi, bunlar müntəzəm manevrlərdir. İkincisi, prezident R.T.Ərdoğan iyulun 27-də prezident V.V.Putinə zəng edib, o cümlədən təlimlər haqda məlumat verib. Yəqin ki, Azərbaycan Müdafiə Nazirliyi də öz kanalları vasitəsilə Rusiya tərəfinə məlumat verib. Ola bilər, gələcəkdə müşahidəçi mübadiləsi aparmaq, rusiyalı hərbçiləri dəvət etmək lazımdır. Nəhayət, axı bizdə Moskva-Bakı-Ankara üçbucağı çərçivəsində iqtisadi koordinasiya var. Niyə də format təhlükəsizlik müstəvisində edilməsin? Türkiyə və Azərbaycan Rusiya silahlarının alınması üzrə liderdir. Azərbaycan üçün bu, müqavilələrin həcminə görə aparıcı təchizatçıdır. Artıq bir neçə ildir Rusiyanın hərbi ali məktəblərində Azərbaycandan yüzlərlə zabit təhsil alır. Bir sözlə, daha geniş hərbi əməkdaşlıq üçün əsas vardır.

– Hipotetik olaraq Azərbaycan və Türkiyə ordusunun çiyin-çiyinə döyüşəcəyi vəziyyəti heç olmasa, təsəvvür etmək olarmı? Bizim regionda belə bir kombinasiyanın, bu iki ordunun Rusiya ordusu ilə birlikdə “bir səngərdə” olması mümkündürmü?

– Hərbi təlimlər idmanda məşq kimidir, mütləq deyil ki, sparrinq tərəfdaş gələcək yarışda səninlə olsun. Bu təlim, təcrübə mübadiləsi, idarəetmə metodudur. Digər tərəfdən, indiki reallıqda da belə üçlü ittifaq üçün vəzifələr tapmaq mümkündür. Minalardan təmizləmə əməliyyatları, fövqəladə və təbii halların nəticələrinin aradan qaldırılması, virus pandemiyası dövründə fəaliyyət – bütün bunlar həm bizim ərazilərdə, həm də Qoşulmama Hərəkatı ölkələri miqyasında real qarşılıqlı təsir sahəsi ola bilər.

– Ermənistanda 1921-ci il tarixli Rusiya-Türkiyə müqaviləsindən xüsusilə çox danışırlar və xatırlayırlar. Müqavilədə Türkiyə və Rusiya Naxçıvan muxtariyyətinin üçüncü ölkənin təhlükəsindən qorumaq öhdəliyi götürürlər. Bununla yanaşı, nə Türkiyədə, nə Rusiyada, nə də Azərbaycanda rəsmi səviyyədə bu tarixi sənəd xatırladılmır, ona istinad edilmir. Bu ölü müqavilədir? Onun həyata keçirilməsi bu gün mümkün deyil? Ermənilərin bu sənəddən sitat gətirməsi nədən xəbər verir?

– Tendensiya belədir ki, köhnə razılaşmaları və əvvəlki hüquqi bazanı imkan daxilində yeniləşməməyə çalışırlar. Ancaq əgər yeniləri ilə əvəz olunmalı olsa, bunun reallıqlara cavab verdiyi yerdə ediləcək, məsələn, SSRİ-nin süqutundan sonra Xəzərin statusu problemi kimi. Hər bir halda fərdi çox şey var. Qafqazda sərhədlər postsovet dövlətləri formalaşdıqdan sonra yeni sazişlərlə təsbit edilib, real diplomatiyada bu fakta söykənirlər. İlk növbədə, sabitlik məqsədilə. İctimai rəy müstəvisində müzakirələrə gəlincə, burada istənilən dönüşlər və sıçrayışlar mümkündür. Amma hərəkət proqramına qədər uzaq məsafə var.

– Bakı və Yerevan bir-birini 12-14 iyul hərbi toqquşmanın şərhilə bağlı aqressiyada ittiham edirlər. Tovuz rayonunda hərbi toqquşmanın səbəbini necə görürsünüz?

– Erməni komandanlığı sərhədyanı insidenti qəsdən gərginləşdirib və bununla da döyüşlərə təhrik edib. Bu, məlum taktikadır, onlar neytral hissədə istənilən xırda insidenti gözləyirdilər, beynəlxalq səviyyədə tanınmış dövlət sərhəddində olması arzu olunan idi ki, Bakını döyüşlərə cəlb etsinlər və aqressiyada ittiham etsinlər. Aydındır ki, Azərbaycanın Ermənistan ərazisinə hücum etməsinin hiç bir mənası yoxdur. Ancaq əvəzində bu təbliğatı və deklarativ qələbəni gücləndirmək üçün fürsətdir. Paşinyanın məqaləsi də buradan irəli gəlir. O, dərhal Bakının ünvanına ultimatum verir və xarici müşahidəçilərə mesaj göndərir. Məntiq belədir – Azərbaycan prezidenti bizi Yerevanı almaqla hədələyir və indi də hərəkətə keçib… Nəticə isə yoxdur. Danışıqlar eskalasiyanın səngiməsinin növbəti dövrünə qədər idarələrin formal kommunikasiyası rejimində keçiriləcək.

Bənzər yazılar

Back to top button