İqtisadiyyat

Yeni büdcə qaydasının tətbiqinin müvəqqəti dayandırılacağı gözlənilir (EKSPERT)

“Bu gün Milli Məclisdə 2020-ci ilin büdcəsində dəyişikliklərlə yanaşı, yeni büdcə qaydasının tətbiqinin müvəqqəti dayandırılacağı da gözlənilir”.

AzToday.az xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, ötən ildən tətbiqinə başlanan yeni büdcə qaydasına əsasən müəyyənləşdirilən Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı həddinə bu ilin büdcəsində əməl olunmayacaq:

“Yeni büdcə qaydası üzrə 2020-ci il üçün neftin bir barelinin orta illik qiymətinin 35 ABŞ dolları fərziyyəsi əsasında büdcə parametrlərini yenidən hesabladıqda Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin gözlənilən həcmləri təqribən 2,5 milyard manat azaldılmalıdır. Amma Maliyyə Nazirliyi qaydaların tətbiqini dayandırıb, Dövlət Neft Fondundan dövlət büdcəsinə transferti təsdiq olunmuş 11350 milyon manatdan 12200 milyon manatadək artırmağı təklif edir”.

Qubad İbadoğlu qeyd edib ki, 2020-ci ilin dürüstləşdiriləcək dövlət büdcəsində 1 il bundan əvvəl tətbiqinə başlanan yeni qaydaların dayandırılması hesabına fonddan transfertin 850 milyon manat artırılması sayəsində büdcədə neft gəlirlərinin payı 58 faizə çatdırılır:

“Dürüstləşdiriləcək büdcədə neft sektorundan proqnozlaşdırılan 13990 milyon manatın 87,2 faizini və ya 12200 milyon manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 12,8 faizini və ya 1790,0 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan (ARDNŞ və BP-dən) daxilolmalar təşkil edir. Dövlət Neft Şirkəti (ARDNŞ) üzrə büdcə ödənişləri 1240 milyon manat və neft-qaz sahəsində fəaliyyət göstərən Hasilatın Pay Bölgüsü sazişlərindən mənfəət vergisi 550 milyon manat nəzərdə tutulur ki, bu da o deməkdir ki, ARDNŞ dövlət büdcəsinə təsdiq edilmiş proqnozdan 210 milyon manat və ya 14,5 faiz, BP isə Hasilatın Pay Bölgüsü sazişlərindən mənfəət vergisi üzrə təsdiq edilmiş proqnozdan 180 milyon manat və ya 24,7 faiz az ödəniş edəcək. Azalmanın səbəbi xam neftin ixrac qiymətinin təsdiq edilmiş göstəricilərdən 20 ABŞ dolları az götürülməsi və OPEK+ sazişi üzrə hasilat həcmlərinin aşağı düşməsi ilə əlaqədardır”.

Bənzər yazılar

Back to top button