Həkimlərin maaşı verilməyib? – Deputatın tənqidlərinə cavab verildi

by Aztoday Xəbər Portalı

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB) tənqid edib.

Deputat bildirib ki, həkimlərə maaşlarının üç-beş dəfə artıq olacağı vədi yerinə yetirilmir.

R.Quliyev deyib ki, TƏBİB həmin həkimlərə ayrılan pulları verməməklə yanaşı, deputat olaraq, onun sorğusunu da cavablandırmır.

Bəs hansı səbəbdən həkimlərin maaşı kəsilir, yaxud verilmir?

Məsələ ilə bağlı tənqid hədəfi olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, təmsil etdiyi qurum COVID-19 xəstələrinin xəstəxana şəraitində müalicəsinə cavabdehdir, maliyyə məsələlərilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məşğuldur.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin müdiri Aynurə Əhmədova Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına uyğun olaraq yalnız yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən işçilərə cəlb olunduqları iş vaxtına mütənasib olaraq müddətli əlavələrin ödənilməsi nəzərdə tutulub.

“Bu baxımdan həm sözügedən rayondan, həm də digər yerlərdən bununla bağlı şikayətlər çoxdur. Bunun da əsas səbəbi COVID-19-la mübarizəyə cəlb olunmayan tibb personalının da əlavələr almaq istəyidir. Tibbi personaldan kimin pandemiya ilə mübarizəyə cəlb olunması həmin şəxs və tibb müəsisəsinin rəhbərliyi tərəfindən müəyyən edilir. Bəzi tibb işçiləri var ki, yaşı, ailə vəziyyəti, azyaşlı uşağı, hamilə olması səbəbindən COVID-li xəstələrlərlə işləməkdən imtina edir. Bəziləri də var ki, onlar koronaviruslu xəstələrin müalicəsinə cəlb olunmaq istəyir. Amma tibb müəssisələri də bütün heyəti yalnız COVID-li xəstələrin müyinə və müalicəsinə cəlb edə bilməz. O zaman digər xəstəliklərdən əziyyət çəkənlərin müalicəsini kim aparacaq? Ona görə də biz tövsiyə etmişik ki, tibbi personlın əməkdaşları növbəli şəkildə pandemiya ilə mübarizəyə cəlb olunsunlar ki, əlavələrdən hamısı yararlana bilsinlər. Sözügedən rayonda da məhz bu səbəbdən qaynaqlanan problemlərdir”.

A.Əhmədova qeyd edib ki, Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinin siyahısı, həmçinin əməkhaqlarına müddətli əlavənin hesablanması həmin tibb müəssisələri tərəfindən aparılır:

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq 3 iş günü ərzində müddətli əlavələrin ödənilməsini təmin edir”.

Qurum rəsmisi məlumatda ölkədə karantin rejim elan olunan aydan etibarən, Agentlik tərəfindən Lənkəran rayon Mərkəzi Xəstəxanasına aylar üzrə ödənilən vəsaitin məbləğini də açıqlayıb:

“Mart ayı üzrə 511 nəfərə 167 min 417 manat, aprel ayı üzrə 240 nəfərə 106 min 760 manat, may ayı üzrə 78 nəfərə 84 min 403 manat və iyun ayı üzrə 96 nəfərə 53 min 344 manat müddətli əlavə ödənilib. Daha təfsilatlı desək:

Mart ayı üzrə:

Tibbi profilaktik tədbirləri həyata keçirən 467 nəfər işçiyə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 142 min 314 manat vəsait ödənilib.

35 nəfər təcili tibbi yardım xidməti göstərən və bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 15 min 943 manat vəsait ödənilib.

Pasiyentlərə stasionar tibbi xidmət göstərən 9 nəfər işçiyə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 9 min 160 manat vəsait ödənilib.

Aprel ayı üzrə:

Tibbi profilaktik tədbirləri həyata keçirən 194 nəfər işçiyə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 55 min 778 manat vəsait ödənilib.

37 nəfər təcili tibbi yardım xidməti göstərən və bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 33 min 940 manat vəsait ödənilib.

Pasiyentlərə stasionar tibbi xidmət göstərən 9 nəfər işçiyə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 17 min 042 manat vəsait ödənilib.

May ayı üzrə:

Tibbi profilaktik tədbirləri həyata keçirən 41 nəfər işçiyə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 24 min 537 manat vəsait ödənilib.

35 nəfər təcili tibbi yardım xidməti göstərən və bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 52 min 170 manat vəsait ödənilib.

Pasiyentlərə stasionar tibbi xidmət göstərən 2 nəfər işçiyə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 7 min 696 manat vəsait ödənilib.

İyun ayı üzrə:

Tibbi profilaktik tədbirləri həyata keçirən 54 nəfər işçiyə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 19 min 454 manat vəsait ödənilib.

38 nəfər təcili tibbi yardım xidməti göstərən və bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 26 min 531 manat vəsait ödənilib.

Pasiyentlərə stasionar tibbi xidmət göstərən 4 nəfər işçiyə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 7 min 360 manat vəsait ödənilib”.

Bənzər Yazılar