Mədəniyyət

“Heydər Əliyevin şəxsi mühafizəçisi olmaqdan qorxdum, çünki…” (MÜSAHİBƏ)

Qaynarinfo-nun karantin günlərində onlayn şəkildə həyata keçən “Ordan-burdan” layihəsinin ilk qonağı aktyor, rejissor, ssenarist Rza Rzayevdir.

– Rza bəy, salam. Mövcud vəziyyətə uyğun olaraq soruşum. Necəsiniz? Karantin necə gedir? Həyatınızda nə kimi müsbət və mənfi tərəfləri olur?

– Əslində, mövcud vəziyyət mənim ümumi vəziyyətimdə heç bir dəyişiklik yaratmayıb. Həmişəki halım ilə yaşayıram. Türkiyədən qayıdandan, yəni, son 5 ildə iki-üç dəfə Neftçilərdən kənara çıxmışam. Uzun illərdir ki, elan olunmamış “karantindəyəm”.

– İlk təhsiliniz İdarəetmə və Biznes İnstitutunun Hüquq Fakültəsi, ikinci təhsiliniz isə Dövlət İdarəçilik Akademiyasında olub. Sonra da Türkiyənin Beykent Universitetinin Sinema və Televiziya fakültəsində magistr təhsil almısınız. Eyni zamanda Naxçıvan MR Bakı nümayəndəliyində müşavir kimi çalışmısınız. Hazırda isə rejissorsunuz. Niyə təhsil aldığınız ixtisasların arxasınca sonadək getmədiniz? Sizi nə sıxdı? Hazırkı obrazınız xəyallarınız idi, ona görəmi?

– Bu suala çox cavab vermişəm, indi çalışacam bir az fərqli cavab verim. Hər dövrün ixtisas seçimi olur, bizim dövrdə də dəbdə olan ixtisaslar var idi, yəqin, hüquq və inzibati idarəetme fakültəsini oxumaqda dövrün də öz təsiri olub. Ətrafım böyük olub, kim ilə ilk dəfə söhbət edirdim, deyirdi, səndən yaxşı nazir olar. Hətta universitet müəllimlərim də belə düşünürdü. Amma zamanında bütün təkliflərdən imtina etdim. Hətta böyük Heydər Əliyevin şəxsi mühafizəçisi olmaqdan belə! Onu qoruya bilməyəcəyimdən qorxdum! Nəyisə istəmək, arzu etmək, nəyinsə həsədində olmaq, kimdənsə nələrsə xahiş etmək xarakterimdə yoxdu. Həyatımda nə baş veribsə, özləri gəlib tapıb məni, istəmədən, nəyinsə dalınca qaçmadan. Elə aktyorluğa gəlişim də belə olub. Rejissorluğu da oxumaq istəmirdim, oxumağı vaxt itkisi hesab edirdim. Amma film çəkmək istəyirdim, İradə (Tuncay ) xanım da bu tutqumu bilirdi. Söhbət düşəndə də deyirdi ki, mütləq xarici ölkələrdən birində təhsil al, yoxsa, sonradan deyəcəklər qeyri-peşəkardı. Həm də, sənətin incəliklərin dərindən öyrən.

– Rza bəy, məmurluq yaxşıdır, yoxsa rejissorluq? Hansında daha rahat oldunuz? Yəni, konkret olaraq “qalstuk” həyatı, yoxsa “sportivni ponyatka”?

– Mövcud yaxşı yoxdu, olmayan yaxşıdı, əlin çatmayan. Məmurun müəyyən olunmuş çərçivəsi var. Rejissor isə çərçivənin içində çərçivə yaradandı, çərçivənin içindəki çərçivəni yaşamaqsa, daha çox zövq verir. Dövlət çərçivələr yaratmağa məcburdur. Amma dövlətin bizə təklif etdiyi azadlıq, fərdin istədiyi azadlıqdan böyük olmalıdır.

Mən kopleksli insanam, sərbəstliyi xoşlamıram, amma azadam və sərhədləri hər zaman qorumağa çalışıram. Başqalarının bağında gözüm yoxdu. Öz bağımı da göz bəbəyi kimi qoruyuram. Xəyalımdakı bağda rahatam, nə kiminsə suyun kəsirəm, nə də kiminsə evinə su axıdıram, heç qonşuların kimliyindən də xəbərim yoxdu. Nümayəndəlikdə işləyəndə də cəmi bir neçə dəfə qalstuk taxmışam. Yəni taxa bilərəm, amma taxmıram. Bizim işdə bu hal mümkün olan iş deyildi. Buna görə başım da çox ağrıyıb. Amma mən bunu ona görə bacarırdım ki, işimi itirmək qorxum yox idi. Narahat adam olduğum üçün rahatam. Rahatlıq axtarmıram, dünyanın ən narahat insanları rejissorlardı, dünyadan, insanlardan narahatlıq bu sənətə gətirir bəzi insanları. Onlar çox deyillər .

– Rejissorluq fəaliyyətiniz 2016-ci ildən başlayıb və ssenaristi, quruluşçu rejissoru olduğu ilk ekran işiniz “Geyilməmiş ayaqqabılar” filmi olub. Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş əsgərlərə həsr olunan film 2018-ci ildə təqdim olunub. Bütün bunlara baxmayaraq isə siz insanların gözündə “Drakon” olaraq qalmısınız. Bu, sizi narahat edirmi? Düşünürsünüzmü ki, ondan da yaxşı işləriniz olub və layiqincə qiymət, dəyər verilməyib?

-İnsanların səni istədiyin kimi tanımaq və qəbul etmək öhdəlikləri yoxdu, onların yaxşıları və pisləri ilə bizim yaxşı və pislərimiz fərqli ola bilər və olur da. Tamaşaçılardan çox özüm Drakon obrazını qoruyuram. Drakon obrazına xələl gətirəcək bütün rollardan imtina etmişəm və edəcəm də. Azərbaycanlıların gözündə sona qədər Drakon obrazını qoruyacam. Bu, mənim vətəndaşlıq borcumdur.

– “Bəsdir, ağlama!”, “Ünvansız qız”, “Niyyət”, “Dolu”,”Yarımçıq xatirələr” ,”Geyilməmiş ayaqqabılar”… bəs, sizcə hansı? Özünüzü tam ifadə etdiyiniz, “məhz budur” dediyiniz hansıdır ?

-“Bəsdir, ağlama!” kinoda ilk işim, “Ünvansız qız” dövrünə görə populyarlığımın zirvəsi, “Niyyət” buna da çəkilim, daha çəkilməyəcəm dediyim, “Dolu” uzun müddət uzaq qaldığım və yenidən həyatımı sənətə bağladığım, “Geyinilməmiş ayaqqabılar” isə vəfa borcum idi!

– Rza bəy, həyatda da özünüzü Drakon kimi hiss edirsinizmi?

– Drakon ümumiləşmiş azərbaycanlı kimliyidir. Amma müharibədə. Bu obrazı ədəbiyyatımıza Aqil Abbas, kinomuza isə Elxan Cəfərov gətirib. Mən isə obraza can vermişəm. Mənim simamda tanınıbsa, sevilibsə, bu da qismət imiş.

– Yəqin ki, hiss etməmiş deyilsiniz, sizə olan bəzi münasibət isə həm də “qolu zorba, vurub-yıxan” obrazı formasındadır. Necə düşünürsünüz, belə təqdim ediblər sizi, ya həqiqətən də beləsiniz?

– Bir az özümdə var, bir az da kimlərsə məqsədlərinə çatmaq üçün məqsədli formalaşdırıblar və bu, məni narahat etmir.

– Bəs, kriminal oğrularla necə, dostluğunuz varmı?

-Tanıdıqlarım olub, bəzilərinə rəğbətim də olub, amma münasibətim rəğbətdən o tərəfə keçməyib. Yaxın və uzaq qohumlarımın içərisində də bu aləmdə tanınanları olub və indi də var.

– Bir az da ədəbiyyatdan danışaq. Mütaliə edirsinizmi?

– Hər gün ən azı iki saat mütaliə edirəm, amma bədii ədəbiyyat yox. Son dövrlər sinemaya, psixologiyaya ve antropologiyaya aid ədəbiyyat oxuyuram. Nümayəndəlikdə işlədiyim 8 il ərzində gündə azı 6 saat mütailə etmişəm, yəni, gündəlik işim mütailə olub. Çünki mənə iş tapşırmırdılar, heç bir işin arxasınca göndərmirdilər. Guya “oyundan ” kənar saxlayırdılar. Mən də bundan istifadə edib mütaliə edirdim .

– Ən çox sevdiyiniz xarici müəllif?

– Dostoyevski ve Moem

– Ən çox sevdiyiniz azərbaycanlı müəllif?

– Şifahi xalq ədəbiyyatında Dədə Qorqud, poeziyada Məmməd Araz. Onlar bizim ədəbi konstitusiyamızdır!

– Ən sevdiyiniz 6 əsər adı deyin. Həm yerli, həm də xarici.

– Statistikadan xoşum gəlmir . Statistika xatirinə də kimlərinsə adını yazmaq istəmirəm. Həm də seçilmişlərin içindən seçim etmək çətindir.

– Müasir Azərbaycan ədəbiyyatında kimləri tanıyırsınız, oxuyursunuz? Mütəmadi olaraq oxuduğunuz gənc yazar varmı?

– Demək olar ki, çoxunu izləyirəm. Məmur olduğum dövrdə çoxunun kitab təqdimatında da iştirak edirdim, kitablarını alırdım.

– Rza bəy, özünüzu bir sözlə ifadə edin desəm, bu söz hansı olar?

– O söz yoxdu..

– Müsahibəni oxuyanlara nə demək istəyirsiniz?

– Onun-bunun qabağına atılan top olmayın. Futbolçu ola bilmirsinizsə, tamaşaçı olun.

Qaynarinfo.az

Bənzər yazılar

Back to top button