Təqsirsiz insanların həbsi Azərbaycana böyük rüsvayçılıq gətirəcək – İlqar Məmmədov

by Aztoday Xəbər Portalı

ReAL Partiyasının lideri İlqar Məmmədov “Amerikanın Səsi” radiosunun Azərbaycan xidmətinə müsahibəsində partiyanın təsis qurultayı, proqram sənədləri, hökumətlə dialoq, müxalif partiyalar arasındakı münasibətlər və son həbslər barədə danışıb.

– ReAl Partiyası təsis qurultayını keçirib. Təsis qurultayının əsas sənədləri nədən ibarətdir və hökumətin siyasi strategiyasından nə ilə fərqlənir?

– Qanunvericiliyin tələbinə görə, qeydiyyatdan keçmək istəyən partiya nizamnaməsini, proqramını, emblemini və digər sənədlərini qəbul etməlidir. Seçkili orqanlarını, yəni kimləri seçdiyi barədə məlumat təqdim etməlidir. Bunların hamısı toplanıb Ədliyyə Nazirliyinə təqdim edilməlidir. Bu proqrama və nizamnaməyə, əsas sənədlərə qurultayda səs verdik və indi onları Ədliyyə Nazirliyinə təqdim edəcəyik. Hakim partiyanın mövqeyindən fərqli olanlar, birincisi, ReAL Partiyasının daha kollegial idarəçiliyə sahib olmasıdır. Yəni, nizamnaməyə əsasən, qərarlar bir şəxs tərəfindən deyil, demokratik qaydada, kollegial formada qəbul olunur. Proqrama gəldikdə, biz bütövlükdə respublikaçı alternativik. Azərbaycanda hal-hazırda respublikanın təməl dayaqları sarsıdılıb. Son onilliklərdə aparılan siyasət nəticəsində respublika deyilən anlamın, quruluşun, sistemin təməlləri xeyli sarsıdılıb. Sözdə respublika var, əməldə respublika yoxdur. Biz ona görə indiki sistemə qarşı bir respublikaçı alternativik və fərqimiz də bundadır.

– Sizin Prezident Administrasiyasının şöbə müdiri ilə görüşünüzdə partiyanızın dövlət qeydiyyatına alınması ilə bağlı məsələlər müzakirə edilib. Bundan sonra partiyanızın qurultayını keçirmisiniz. Partiyanızın dövlət qeydiyyatına alınacağına inanırsınızmı?

– Biz keçən ilin dekabrında qurultay keçirilməsi üçün yer istəmişdik. Bir dəfə də bu ilin iyununda müraciət etmişdik. Hər iki halda bizə dövlət Bakı şəhər İcra Hakmiyyətinin şəxsində imtina cavabı vermişdi. Bundan sonra hakimiyyətlə keçirdiyimiz görüşlər seriyası zamanı, biz, ümummilli məqsədlərlə yanaşı, həm də bu mövzuya, partiyamızla bağlı məsələyə də toxunmuşduq. Söhbət əsnasında belə bir fikir formalaşdı ki, pandemiya şəraitini nəzərə alaraq, dövlət qurumları internet vasitəsi ilə onlayn keçirilən qurultayı da qeydiyyat üçün əsas götürə bilərlər. Bu söhbətdən nəticə çıxararaq və hakimiyyətin elan etdiyi siyasət dəyişikliyindən faydalanmaq məqsədi ilə (Siaysət dəyişikliyi nədən ibarətdir? Beş-altı ay ərzində bir neçə partiyanı qeydiyyatdan keçiriblər) bunu etdik. Prezident Administrasiyasına dedik ki, biz həmin siyasət dəyişikliyindən faydalanmaq istəyirik. Ona görə bu sistemi sınayacağıq. Bizi qeydiyyata alsalar, demək, həqiqətən də siyasət dəyişmişdir. Qeydiyyata almasalar, demək, onda siyasət dəyişikliyini hələ gözləmək lazımdır.

– Siz, həm də Prezident Administrasiyasının şöbə müdiri ilə hökumətin daxili siyasəti barədə müzakirələr aparmısınız. Mən bilmək istəyirəm ki, ReAL-ın daxili siyasətə münasibəti hökumətin siyasətindən nə ilə fərqlənir?

– Eyni olsa idi, yəqin biz, hər halda, hökumətdə bir yer tutardıq. Mövqeyimiz xeyli fərqlənir. Bayaq dediyim kimi, biz cümhuriyyətçiyik, respublikaçıyıq, hesab edirik ki, bu sarsıdılmış dayaqlar möhkmlənməlidir. Dövlət üçün əhəmiyyətli məsələlərdə qərarvermədə parlament, prezident və məhkəmə hakimiyyəti arasında tarazlıq yaranmalıdır. Bu bizim ideoloji mövqeyimizdir. Bundan başqa praktiki-siyasi məsələlər var. Onları biz, əlbəttə, bu görüşlərdə çalışırıq qaldıraq və qaldırırıq. Ölkəmiz üçün bütövlükdə əhəmiyyəti olan cari siyasi və iqtisadi məsələləri qaldırırıq. Mən, hələ deməzdim, bu məsələlərdə ciddi bir irəliləyiş var. Amma dialoq mövcuddur, fikir mübadiləsi aparılır və biz dialoq fürsətindən, dialoq imkanından sonuna qədər xalqın mənafeyi üçün istifadə etməyə çalışacağıq. O ana qədər ki, görəcəyik bu dialoq bir fayda vermir. Amma, mən ümid edirəm, inanmaq istəyirəm ki, bu ünsiyyət nəticəsində həqiqətən bir neçə önəmli məsələni, həmçinin hamsısnı həll etmək mümkün olacaq. Hamısının adını çəkmək istəmirəm, amma ən azından bir neçəsini demişik. Məsələn, vətəndaş cəmiyyətinin yaxşılaşdırılması sahəsində qanunvericilik çərçivəsində dəyişiklik edilməlidir. Bu kimi digər nümunələr də var, hansıları ki, biz qaldırırıq və praktiki siyasi, iqtisadi mövzulardır, hansı ki, insanların həyatını yaxşılaşdıra bilər. Dialoq, ünsiyyət siyasətçinin peşə vəzifəsidir. Biz bu vəzifəni sonunadək yerinə yetirəcəyik.

– Amma sizin bu danışıqlarınız sosial mediada çox böyük tənqidlərlə qarşılanır. Hətta, bəzi statuslarda sizin hökumətin öhdəliklərini yerinə yetirməyiniz, hökumətlə gizli danışığa getməyinizlə bağlı məlumatlar da yayılıb. Bu tənqidlərə münasibətiniz necədir?

– Heç bir məlumat yayılmayıb. Çünki belə bir məlumat ola bilməz. Sadəcə olaraq, hansısa adamlar sırf siyasi qərəz baxımından mövqe ifadə edə bilərlər. Bu mövqenin heç bir əsası yoxdur. Biz hakimiyyətlə ünsiyyətdə tamamilə açıq mövqedən çıxış edirik. Biz başqaları kimi gedib gizli söhbətlərdə iştirak etmirik. Biz hökumətlə açıq-aydın ünsiyyətdəyik. Deyirik ki, biz hökumətdən millətimiz, xalqımız üçün bunları və digər şeyləri istəyirik. Başqaları yəqin ki, öz təcrübələrindən çıxış edərək, hansı ki, onilliklərdir gedib hansısa gizli danışıqlarda iştirak edir və xalqa bunu başqa cür təqdim edirdilər. Biz, bu yolu gedə bilmərik. Biz ünsiyyətimizdə tamamilə açığıq. Hər görüş haqqında da olmasa, demək olar görüşlər seriyası haqqında ictimaiyyətə ətraflı məlumat veririk. Bu, həqiqi mənada sivil bir siyasi prosesdir, ünsiyyətdir. Hansını ki, biz qurub inkişaf etdirmək istəyirik. Dialoqdan imtina siyasətçiyə prinsip etibarı ilə yaraşmır. Ona görə biz peşə vəzifəmizə uyğun olaraq xalqımız, millətimiz üçün bu çalışmalarımızı davam etdirəcəyik.

– Elə isə digər müxalif partiyalarla sizin partiyanız arasında dialoq varmı?

– Biz hər kəslə, bütün siyasi partiyalarla dialoqa açığıq. Hansı mövzuda deyirlərsə, oturaq söhbət edək. Amma ki, bunun üçün bir atmosfer də qurulmalıdır. Bilirsiniz, bəlkə də bizə qarşı olan şər-böhtan indiyədək görünməyib. Mən bilmirəm, xatırlamıram. 20 ildir siyasi fəaliyyətlə məşğul oluram, hər halda bizə qarşı olan şər-böhtan dalğasını ki, bəzi təşkilatlar təşkil etmişdi, onların əlində prokurorluq olsa idi, mən sizə deyim, bizi bəlkə də asardılar. Yəni hökumət də məni şərləyib həbs etmişdi, bu birilər də şərləyir, bircə prokurorluqları yoxdur. Olsa idi, bəlkə də həbs edərdilər. Ona görə, demək istəyirəm ki, haklimiyyətin bu siyasəti ilə, bəzi müxalif təşkilatların siyasəti əslində bir bezin qırağıdır. Ona görə də deyirəm ki, bunların bir dənə prokurorluqları çatmır ki, bizi həbs etsinlər. Amma, yenə də təkrar edirəm, necə ki, biz hakimiyyətlə dialoqdayıq və axıra qədər bu yolu sınayacağıq, eyni ilə istənilən digər siyasi təşkilatlarla da dialoqa hazırıq. Amma bu şər-böhtan kampaniyalarını yığışdırmalıdırlar.

– Elə isə son dövrdəki həbslərə münasibətiniz necədir? ABŞ Dövlət Departamenti, Avropa Şurası, Avropa İttifaqı, dünyanın bir sıra aparıcı insan hüquqları təşkilatları bu həbslərdən narahatlığını bildirib. ReAL-ın buna münasibəti necədir?

– Biz də tənqidi münasibət göstəririk. Hesab edirik ki, Azərbaycan hakimiyyətinin əlində ciddi sübut yoxdursa, bu işi buraxsın. Yəni, sənin videosübutun yoxdursa, məhkəmədə təqdim etməyə digər maddi sübutların yoxdursa, bu iş buraxılmalıdır, qapadılmalıdır. Sadəcə hansısa ifadələr əsasında, kiminsə şahid ifadələri əsasında bu adamlara inandırıcı hökm oxuya bilməyəcəksiniz. Bu, Azərbaycana daha da böyük rüsvayçılıq gətirəcək. Necə ki, indiyədək olan tiplərdə, hansından ki, biz bir millət olaraq ciddi zərər çəkmişik. Ona görə, əgər həqiqətən videomateriallar, digər maddi materiallar, sübutlar varsa, bu işi görsünlər. Amma, hətta bu varsa belə, istintaq dövründə, hesab edirik ki, həbs olunan insanlar azadlığa buraxılmalıdır. Çünki, bizin fikrimizcə, onlar istintaq üçün heç bir təhlükə yaratmırlar. Eyni zamanda, təkcə şahid ifadələri əsasında ittiham və hökm irəli sürməyi heç kim qəbul etməyəcək, heç kim buna inanmayacaq.

– Sizin strateji sənədlərdə xarici siyasət kursu necədir? Hökumətin xarici siyasət kursunda nəyi bəyənirsiniz, nəyi bəyənmirsiniz?

– Proqram sənədində biz xarici sdiyasət barədə heç nə deməmişik. Bunu bilərəkdən etdik. Çünki Azərbaycan hakimiyyətinin xarici siyasəti kifayət qədər dimnamikdir və dəyişkəndir. Bəzi məqamlarda bizim mövqeyimiz onunla üst-üstə düşə bilər, bəzi məqamlarda üst-üstə düşməyə bilər. Biz xarici siyasət prioritetlərinin müəyyənləşdirilməsini proqramda deyil, hər seçkidən öncə seçki platformasında əks etdirəcəyik.

– Bəs hökumətlə hansı məqamlarda mövqeyiniz üst-üstə düşmür?

– Məsələn, həddindən artıq keçmiş Sovet İttifaqı dövlətlər camiyəsinə bağlılığı, sonra bu bağlılıqdan bəzən arxaik sovet tipli siyasi təcrübələrin ölkəmizin müdafiəsi üçün istifadə olunması, bu cür addımları biz, təbii ki, bəyənmirik. Eyni zamanda, məsələn Avropa İttifaqı ilə sazişin hazırlanması və o istiqamətdə işlərin irəliləməsi, demək olar kİ, saziş artıq hazırdır və bu yaxınlarda prezident Əliyev də bəyan etdi ki, o saziş bizim üçün prioritetdir. Bu addımları biz dəstəkləyə bilərik. Addımdan-addıma, tarixi məqamdan-məqama fərq var. Amma bizim indiyədək göstərdiyimiz xarici siyasət prioritetləri siyasi səhnədə göz qabağındadır və onu prorqamda əks etdiməyə ehtiyac yoxdur. Seçki platformasında daim əks olunur.

Bənzər Yazılar