Cəmiyyət

Həbs edilmiş jurnalist Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib

Həbsdə olan jurnalist Polad Aslanov istintaqda hüquqlarının pozulmasına və qeyri-obyektiv məhkəmə təhqiqatına etiraz əlaməti olaraq aclıq elan edib. O, ona münasibətdə ədalətin bərpa edilməsi və cinayət işinə xitam verilməsi üçün müdaxilə etməsi xahişi ilə prezident İlham Əliyevə müraciət edib.

Jurnalistin həyat yoldaşı Gülmira Aslanova müraciətin mətnini KİV-də yayıb.

Aslanov dövlət başçısına müraciətində xatırladır ki, 2019-cu il iyunun 12-də saxlanıldıqdan dərhal sonra o və onun ailə üzvləri Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən təzyiqə və şantaja məruz qalıb.

Aslanovun sözlərinə görə, onun təqibinə hələ 2018-ci ilin əvvəllərində “Eşq Səfəri MMC”nin rəhbəri Fəxri Həsənovun DTX əməkdaşlarının bu firmanın Məşhəd və Kərbəlaya göndərdiyi hər bir ziyarətçidən 10-20 dollar alması ilə bağlı müraciətini “Xeberman.com” saytında yayması səbəb olub.

Aslanov iddia edir ki, məlumatın nəşrindən sonra DTX-dən ona rüşvət müqabilində nəşri silmək təklif olunub. O, təkliflə razılaşmayıb və çəkisinin 42 kq olmasına və hərbi xidmətə yararsızlıq haqqında bileti olmasına baxmayaraq, apreldə, 29 yaşında hərbi xidmətə göndərilib.

Orduda xidməti bitirdikdən sonra, Aslanovun sözlərinə görə, DTX nümayəndələrindən və onun nəzarəti altında olan saytların rəhbərlərindən ona əməkdaşlıq təklifləri daxil olurdu.

Amma Aslanov bu təklifləri rədd edib və iyunun 12-də ailəsi ilə birlikdə İrandan keçərək NMR-də toy məclisinə gedərkən “Biləsuvar” sərhəd keçid məntəqəsində saxlanılıb. Aslanovun sözlərinə görə, bütün ailə üzvləri Bakıya DTX-yə qaytarılıb.

“Girov kimi saxladıqları anam, yoldaşım və 6 yaşlı qızımla hədələndim və bunun üçün istintaq zamanı istədikləri hazır ifadəyə imza atdım”, deyə Aslanov yazır.

O qeyd edir ki, dövlətə xəyanət ittihamına onun guya İran xüsusi xidmətlərinin tapşırığı ilə DTX-ni nüfuzdan salan material yerləşdirməsi səbəb olub.

“Bu əsassız ittihamla bağlı heç bir fakt-sübut və hal şahidi yoxdur”, deyə Aslanov yazır.

O, həmçinin uzun illər DTX-nin istintaq idarəsində işləmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə təhqiqatının qeyri-obyektiv olduğunu qeyd edir.

“Bütün qeyd etdiyim qanunsuzluqlara qarşı 05.08.2020 tarixdən etibarən aclıq aksiyasına başlamışam. Ürək -damar xəstəsi və çəkimin 45 kq olmasını nəzərə alsaq, bunun mənim üçün nə qədər ağır və çətin olduğunu, yəqin ki, təsəvvür edərsiniz.

Mən sizdən bir vətəndaş olaraq xahiş edirəm ki, istintaq və məhkəmə prosesinin yenidən qanunla, doğru-düzgün aparılması və mənə qarşı açılan qondarma Cinayət işinə xitam verilməsi üçün tapşırıq verəsiniz”, deyə Aslanov qeyd edir.

Müraciətin surətləri birinci vitse-prezident Mehriban Əliyevaya, DTX rəhbəri Əli Nağıyevə, baş prokuror Kamran Əliyevə, ədliyyə naziri Fikrət Məmmədova, Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə, ombudsman Səbinə Əliyevaya, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəliyinə, Aİ nümayəndəliyinə və digər beynəlxalq təşkilatların ölkədəki ofislərinə göndərilib.

Jurnalistin həyat yoldaşı Gülmira Aslanovanın verdiyi məlumata görə, bu gün o DTX-nin istintaq təcridxanasından Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Bu zaman jurnalistin noutbukunun və Nar Mobile mobil rabitə operatorunun İnternet xidmətindən istifadə üçün alınmış əvvəlcədən ödəniş kartının ailəyə qaytarılması haqqında qərar qəbul edilib.

O, həmçinin qeyd edib ki, jurnalistin işi üzrə məhkəmə prosesi iki aylıq fasilədən sonra avqustun 6-da bərpa edilib.

“Prosesdə şahid qismində özünü “ictimai müdafiəçi” kimi qələmə verən Samir Zeynalov dinlənilib. Bu şəxs Poladın orduya çağırılmasından sonra dövlət orqanlarına müraciət üçün hüquqi yardımını təklif edib və hətta bir neçə dəfə yardım edib. Amma bir dəfə o, mənə saytda təxribat xarakterli material dərc etməyi təklif etdi, mən imtina etdim. Onda başa düşdüm ki, o, xüsusi xidmətlərin adamıdır. Bundan sonra o, məni təhqir etməyə başladı. Məhkəmədə isə dedi ki, Poladı həbs etməsəydilər o, “vətən xaini” kimi onu öldürərdi. Mən şahidin həyat yoldaşımın ünvanına hədələrinə etiraz etdim, amma hakim məni zaldan çıxardı”, deyə G.Aslanova bildirib.

* Polad Aslanov 12 iyun 2019-cu il tarixində saxlanılıb və CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə 4 ay müddətinə həbs edilib. İstintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparır. Oktyabrın 5-də həbs müddəti 4 ay uzadılıb.

Dekabrda ona qarşı CM-in 134-cü (öldürməklə və ya sağlamlığa ağır xəsarət yetirməklə hədələmə) daha bir ittiham irəli sürülüb. Amma fevralın 10-da bu maddə üzrə zərərçəkmiş kimi tanınmış Dəyanət Babayev şikayətindən imtina edib. (Turan)

Bənzər yazılar

Back to top button