Cəmiyyət

Bakı küçələrində “gecə növbəsi”: Təmir işləri niyə gecəyə saxlanılır?

Şəhərdə bəzən gündüz saatlarında yolun müəyyən hissəsində təmir işlərinin aparılması hallarına rast gəlirik.

Bu zaman təmir aparılan ərazidə avtomobillərin hərəkətində də problem yaranır. Təmir prosesi bəzən gündüz saatlarında tıxaca, əhalinin narahatlığına səbəb olur.

Maraqlıdır, təmir işləri niyə məhz gündüz saatlarında aparılır? Bu prosesi gecə saatlarında etmək mümkündürmü?

Mövzu ilə bağlı “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Cebhe.info-ya danışıb.

O bildirib ki, hazırda şəhərin mərkəzində tıxaca səbəb olacaq təmir işi aparılmır:

“Hazırda elə bir təmir prosesi getmir ki, kiməsə mane olsun, problem yaratsın. Yolda hər hansı qəza hadisəsi baş verərsə, o zaman da aidiyyəti qurumlar tərəfindən yol qazılır və təmir olunur. Gündüz vaxtı təmir işlərinin aparılmasının da qəbahəti yoxdur”.

Anar Nəcəfli qeyd edib ki, böyük küçələrdə küçənin müəyyən bir hissəsində təmir işləri gecə aparılır:

“Biz çalışırıq ki, sutkanın qaranlıq saatlarında, yəni gecə vaxtı təmir işləri aparılsın. Bu zaman qısa müddət ərzində, yəni 1-2 saatlıq ərazi təmizlənir, asfaltlanır və ərazidən çıxılır. Amma elə ərazilər də var ki, məsələn Xətai rayonunda böyük küçələr var. Hansıki uzunluğu 2500 metrdir və orada təmir işləri gecə-gündüz aparılmalıdır.

Orada qısa müddətli təmir aparılması mümkün deyil, gecə təmirik etdik, gündüz açdıq, işlər yekunlaşdı getdik ola bilməz. Onsuz da orada təmir işləri 1-2 ay davam edəcək. Orada gecə işləyib gündüz işləməməyin mənası olmayacaq. Çünki gecə işlədinsə, gündüz onsuz da yol bağlı olacaq, çünki gündüz vaxtı yolun açılıb, gecə bağlanması və əlavə maşınların gəlib saxlanması təmir prosesinə mane olacaq.

Bu səbəbdən də qısa müddət ərzində gecə-gündüz çalışaraq bu işlər həyata keçirilir. Qısa, problemsiz, balaca ərazilərdə təmir işlərini gecə görmək mümkündür və belə də olur. Amma böyük ərazilərdə, küçələrdə təmir işləri qısa zamanda bitmir”.

Bənzər yazılar

Back to top button