AnalitikaBizim seçimGündəmİqtisadiyyatManşet

Azərbaycanda balıq niyə az yeyilir? (ARAŞDIRMA)

Azərbaycan əhalisinin çoxu Xəzərin sahilində yaşasa da, balıq yemir. Səbəb korrupsiya və inhisarçılığın səbəb olduğu yüksək qiymətdir. Turan agentliyi bununla bağlı araşdırma aparıb.

Apaşdırmanı təqdim edirik.

Statistik məlumatlara inansaq, ölkədə tutulan və idxal edilən balıq zəruri minimal tələbdən çoxdur. Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən, minimal istehlak səbətində əhalinin balıq payı ildə 7,7 kq-dır. Amma Ümumdünya Səhiyyə Təşkilatı bir nəfərə ildə 19,6 kq balıq yemək tövsiyə edir.

Əhalinin sayı nəzərə alınanda əhalinin minimal balıq tələbatı ildə 69,3 tondur.

Dövlətstatkoma görə, 2016-cı ildə respublikada 678,9 ton balıq tutulub. Amma balıq və başqa bioloji resurslardan istifadə qaydalarına uyğun olaraq, balıq tutulması kvotası 793,5 tondur.

Tutulan balığın 315,6 tonu kilkə, 92,5 tonu kütüm, 86,1 tonu siyənək, 67,7 tonu kefal, 49,9 tonu çömçə balığı, 27,3 tonu çapaq, 20,8 tonu başqa balıqlardır.

Ötən il ölkəyə 15 mln. 384.8 min manatlıq 9 min 547,53 ton diri və dondurulmuş balıq idxal edilib.

Statistikaya inansaq, əhali gündəlik rasionda balıq problemi ilə üzləşməməlidir. Amma bir çox vətəndaşlar üçün balıq əlçatmaz ərzaq məhsuludur. Orta yaşayış səviyyəsi olan 30 nəfərlə ekspress-sorğu göstərib ki, minimal norma 30,5 kq olsa da, bir ailə ildə 5 kq-dan çox balıq yemir. İlkin səbəb qiymətdir. Azərbaycan sərhədinə kimi balıq orta hesabla 1,61 dollara gətirilir. Buraya ümumi gömrük rüsumunu da əlavə etsək (36%), balıq idxalı 2,19 dollara başa gəlir. Topdan satışda 25% əlavə etməklə onu mağazalara 2,74 dollara satır.

Yerli balığa gəlincə, onun qiymətində nə rüsum, nə də yük tranziti iştirak etmir. Mağazalarda təzə alabalıq 13,50, çəki balığı 12, suf 8, kütüm 12,90 manatdır. Bu, yerli çeşid balıq növlərinin az bir hissəsidir.

Nərə kürüsü ilə bağlı maraqlı vəziyyət alınır. Dövlətstatkoma görə, 2016-cı ildə respublikaya 228,75 min dollarlıq 1,11 ton kürü gətirilib. Ölkədən isə 51,03 min dollar məbləğində 300 kq kürü ixrac edilib.

Belə çıxır ki, idxal edilən kürünün kq-ı 206 dollar, ixrac edilənin kq-ı 170 dollardır. Dünya bazarında Xəzər kürüsünün 1 kq-ı 600-1000 dollardır.

Ayrıca götürülmüş ölkələr üzrə statistikada da fərqlər var. Azərbaycanın statistikasına görə, 2016-cı ildə Belarusdan qara kürünün 1 kq-ı 300 dollara alınıb. Belarus Milli Statistika Komitəsinin məlumatına görə, Azərbaycan qara kürünün kiloqramını 500 dollara alıb.

İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, Statistika Komitəsinin məlumatı çox şübhəlidir. Çünki qara kürünün dünya bazarında qiyməti rəsmi rəqəmlərdən çox yüksəkdir

“Məncə, vergidən yayınmaq üçün qiymətlər süni surətdə azaldılıb”, o hesab edir.

Cəfərli qeyd edib ki, balıq sahəsi tam inhisardadır, ona görə ölkədə bu məhsul bahadır.

“Gürcüstanda ala balıq 5 lari (3,5 manat), bizdə isə xeyli bahadır. Qonşu ölkədə 2 minə yaxın təsərrüfat ala balıq yetişdirir. Azərbaycanda belə müəssisələri barmaqla saymaq olar”, o bildirib.

Minimal balıq istehlakı standartı ilə bağlı N.Cəfərli deyib ki, Azərbaycanda indikatorlar qəsdən azaldılıb, çünki əmək haqqı və pensiyanın minimal məbləği onlardan asılıdır.

“İstehlak səbətinin indikatorları düzgün olsa, ölkədə minimal əmək haqqı və pensiya 200 manatı keçməlidir”, N. Cəfərli bildirib.

Ekspert qeyd edib ki, Azərbaycanın Xəzər sahilində yaşayan insanlarını balıqdan istifadə edənlərə aid etmək olmaz. Bunun əsas səbəbi bu məhsulun bahalığıdır.

Beynəlxalq ekspertlər çox maraqlı fakt bildirir: yeməyində dəniz məhsullarından daha çox istifadə edənlər balıq yeməyənlərdən 5-10 il çox yaşayır.

Balıq zülalı ət zülalından asan həzm olunur, quş ətindən daha qidalıdır. Müxtəlif pəhrizlərdə balıq tövsiyə edilir. Balıqda fosfor və kalium ərik qurusu və kişmişdən 40% çoxdur. Balıqda yod və manqan kimi əvəzolunmaz mikroelementlər var.

Bənzər yazılar

Back to top button