Qurban Qurbanov püşkü dəyərləndirdi

by Aztoday Xəbər Portalı

“Püşkü səbirsizliklə gözləyirdik. Mart ayından bu tərəfə rəsmi oyunlarımız yox idi, ona görə bu günü gözləyirdik”.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam təmsilçisinin rəsmi saytına açıqlama verən 48 yaşlı mütəxəssis Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkatmasını dəyərləndirib. O, avqustun 18-19-da Şimali Makedoniyanın “Sileks” klubu ilə ev görüşü barədə fikirlərini açıqlayıb: “Belə bir turnirdə bir oyunluq mərhələyə nəsə fikir bildirmək çətindir. Rəqib haqqında ən qısa zamanda məlumat toplayacağıq. Rəqiblə durumumuz eynidir, onlar da mart ayında çempionatlarını tamamlayıblar. Sadəcə “Sileks” bu gün ölkə çempionatlarında ilk oyunlarına çıxır. Rəqib haqqında geniş məlumat toplamaq da çətindir, çünki son rəsmi oyunlarını martda keçirib. Komanda və oyunçuları haqda istədiyimiz informasiyanı əldə etmək asan olmayacaq”.

Qurbanov hazırlığın düzgün aparılmasının vacibliyini qeyd edib: “Bu oyuna çox düzgün hazırlaşmalıyıq. Oyunumuz evdədir, ilk olaraq öz komandamı bu qarşılaşmaya tam hazırlamalıyıq. Əlbəttə ki, futbolçular öz yaxşı performanslarından, istədiyimiz formadan və oyundan uzaq olacaq. Bu matçda həddən artıq diqqətli olmalıyıq və güclü kollektiv kimi düşündüklərimizi meydanda yerinə yetirə bilsək yaxşı nəticə əldə edə bilərik. Hər bir halda bu mərhələnin bir oyunda keçirilməsi heç bir komanda üçün xoş deyil. Bütün bunlara baxmayaraq, çalışacağıq ki, qalibiyyət üçün düzgün oyun quraq və əlimizdən gələni meydanda edək”.

Bənzər Yazılar