Mədəniyyət

“Karantin – Qadın” – İlqar Tağı yazır

Dostumla çimərlikdəydik. Günəşli hava, xoş meh, dalğalanan nazlı dəniz, narın qum və qamış kepkalı çətirimizin daldalanacağı. Özümüzlə damaq arsenalı götürmüşük – soyuducudan çıxartdığımız dünəndən iliyinədək sərinlənmiş qarpız, şor balıq buğlaması, paketlənmiş duzlu tumlar, sərin sular, hər ehtimala qarşı – termos çayı və s. Ətraf karantindən təkrar qurtulmuş, çöhrələrində xoşbəxtlik nişanəli çoxsaylı “residivistlərlə” dolu… İşverənlik edərək, bunu deyib, deməmiş olum ki, bu basabasda bir maskalı adam da rastıma çıxmadı. Dəniz maskalı adam tanımaz…
Dostumla çətir altında fərqli mövzularda söhbətləşirik. Bir qədər keçmişdi, şaqraq qadın gülüşü qulaqlarımızı oxşadı. Gülüşü məlhəmverici idi…

Boylanıb baxmadım, azərbaycanlı qadına qanrılıb baxmağa biz tərəflərdə pis baxırlar. Amma üzbəüz stollarda oturanlar nəzərlərini bizim stolumuz istiqamətindən arxamızdakı gülüşü eşidilən həmin xanıma tərəf zilləmişdilər…
Dostumla yeni mövzumuz qeyri-ixtiyari olaraq, gülüş və “gülüşün fəlsəfəsi” oldu…

Bu gülüşlər bir qədər sonra periodikləşdi. Gülüşə boylanası oldum… İki xanım idi, bir kişi. Hərdən o biri xanım da ona qoşulub gülürdü. Onun gülüşü birincininkinə parodiya kimi səslənirdi, onun gülüşündən doğan ab-havaya sanki küy qatırdı.

Dostumla dənizə növbəylə girib-çıxırdıq. Mən növbəti dəfə dənizə girib, suda bir qədər əl-qol atıb, çıxdım. Qayıdanda həmin qız çətirimizlə üzbəüz, başqasının ailəvi qamış alaçığının günəşə tərəf “divarı” önündə poz verib şəkil çəkdirirdi, onun bu pozverməsi daha çox, fotosessiyaya oxşayırdı. O bunu ətrafa göz gəzdirmədən, tam sərbəstliklə edirdi. Xanıma fokuslanmış sayı bilinməyən qoşa gözlərçün qamış alaçığın divarı rekvizitsiz fotostudiya qismindəydi. Xanım gah əlini gözünün üstünə qoyaraq, uzağa baxırmiş kimi poz verirdi, gah sağ yambıcını irəli verib, ombasını pəncəsi üzərində bir qədər qaldıraraq, çəpəki nəzərlə və pəmbə dodaqlarına təbəssüb qonduraraq, gözlərini obyektivə zilləyirdi, gah əllərini belinə qondurub nazlı poz alırdı, yaxud mütənasib qamətini qabağa əyməklə merilinmonrosayağı öpücükgöndərmə pozu alırdı… Fotoqraflıq edənsə onlarla gələn orta yaşlı saqqallı simpatik kişiydi. Xanımın yuvarlaq yanbıcları, şişman, iştahlı döşləri göz oxşayırdı. Xanımın poz verməkdə məqsədi sanki şəkil atdırmaq yox, bu “nemətlərilə” ətrafı gözəlliklə doldurmaq idi. Hiss olunurdu, dodaqları süni şişirdilmişdi, süni olsaydı da yanbıcları və döşləri ilə harmoniya təşkil edirdi. Hər kadrda dodaqlarını qaçırırdı. Dişləri ağardılmışdı, bunu ona yaraşdırmadım – bu, günəşdən qarabuğdayılaşmış bədəninə sintetik naxış təsiri bağışlayırdı. Mənə görə, dişləri təbii olsaydı daha da cazibədar görünərdi.

Bu fotosessiya studiyada, səhnədə, ya podiumda olsaydı gurultulu və sürəkli alqışlarla bitə bilərdi… Ətrafdakı ehtiras dolu işıldaşan gözləri alqış əvəzi qəbul edə bilərik.

Fotosessiya bitəndən sonra geyinməyə başladılar. O geyindikcə ətrafdakı işıldaşan gözlər öləziməkdəydi. Onlar çimərliyi tərk edərkən gənc seyrçilərdən ətrafa yayılan iki-üç saatlıq testosteron uçuşunu da özləriylə apardılar…

Bu mənzərədə məni daha çox cəlb edən şey həmin xanımın yanındakı bədəni qızarmış ağbəniz kişinin ətrafdakıları vecinə almamağı, xanımı qısqanmamağı, həmin xanımla soyuqqanlı və kübarcasına davranışı oldu. Bu bəlkə də həmin xanıma artıq “yiyələnməyinin” arxayınlığından yaranırdı.

Onlar gedəndən sonra dostumla yeni müzakirə mövzumuz şopenhauersayağı “nəyə görə qadın yanbıcları yuvarlaq olduqca cazibəli olur?” oldu… Bu da bir qədər sonra, sonuna qədər çözülməyəsi mövzu olaraq bağlandı və yenidən cavabı tez tapılası “soyuq mövzular”ın müzakirəsinə keçdik.

***

Axşamüstü qayıtdıq şəhərə. Dostumdan ayrıldım, çəkildim günortaqabağı, çimərliyə getməzdən əvvəl çıxdığım öz yuvama. Bir qədər sonra, içəridə səbrim çatmadı, çıxdım bayıra, yoldan keçənləri seyr edim. Artıq alatoranlaşırdı şəhər. Qonşu dükandakı Malik bir totuq-motuq xanımla yanımdan keçir. Xanım elə görkəmdədir ki, yanında rəşadət göstərməmək olmaz…

Malik mənimlə salamlaşdı.

– Vay, vaay, bu nədir! – deyə, xanım yerə baxıb dilləndi.
Baxam, divar boyu, asfaltın üstündə göyərçinə oxşar bir boz quş çabalayır.
– Nədi o, ay qonşu? – mən soruşuram.
– Bayaqdan burda çabalayır, uçanda deyəsən harasa dəyib, yaralanıb düşüb…
– Ay daa, caan, yazıq… – xanım ah-uf etdi.

Qəfildən, Malik əyilib yaralı quşu alası əlinə və nəsə edib, kənara, ağacın yanına tolazlayası.
– Sən nə etdin ona, boğazını üzdün? – mən soruşası.
– Həə, onsuz da ölürdü də. – deyib, quşun tüklərindən təmizləyirmiş kimi, əllərini çırpışdırıb, xanımla uzaqlaşdı.

Uzaqlaşdıqca, xanımın “”niyə belə etdin, axııı,… ay daaa” qırıq-qırıq səsi eşidilirdi.
Güman etdim, o göyərçinin başını qoparmaqla qadına “kişi olmağın” nümunəsini göstərmək istəyirmiş, çünki göyərçinin yaralı olub çabalamasını ordan bir müddət əvvəl tək keçəndə görmüşdü, amma bu hərəkəti etmək ağlına gəlməmişdi.
Özlüyündə, adamın təsəvvüründə quşun “adamlarının razılığı olmadan” onu evtanaziya etməsi humanist addım imiş. Amma, əslində onun bu hərəkəti gözəl xanıma onun daha çox təkəbbürlü, kişisayağı qərarlı birisi olmasını göstərmək istəyindən doğurdu.

Adamın göyərçinə göstərdiyi “kişilik dərsi”ni bir qədər sonra yanına saldığı bu gözəlçəyə də keçəcəyi ağlımdan keçdi…

Qadın gözəlliyi kişilərdə hərdan xoş, hərdən əcayib, bəzən də qəddar təzahürlər doğurur – bəlkə də bu, yaradılışdan insan şüurunu deformasiyaya uğrada bilən yeganə qüvvədir.

İlqar Tağı

10.08.2020

Bənzər yazılar

Back to top button