İqtisadiyyat

Əhaliyə artıq işıq pulu yüklənir?

Sosial şəbəkələrdəki müzakirələrə ekspertlər də fərqli şərh verirlər

“Ola bilər ki, “ağıllı sayğac”ların özündə problemlər var, sərfiyyatı düzgün hesablamır”

Son günlər sosial şəbəkələrdə elektrik enerjisi üzrə borcun “şişirdilməsi” iddiaları ətrafında müzakirələr aparılır.

Şikayətçilər iyul ayı üçün yaşadıqları evə normadan artıq işıq pulu gəldiyini iddia edir. Yəni elektrik enerjisinin sərfiyyatı ötən ayla eyni olsa da, işıq pulu bəzən hətta 2 dəfə artıq hesablanıb.

“Azərişıq” ASC isə belə şikayətlərin hər il olduğunu bildirərək iddiaları təkzib edir.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə “Sherg.az”a açıqlamasında enerji sərfiyyatının artıq hesablanması və ümumilikdə kommunal xidmətlərlə bağlı rəhbərlik etdiyi təşkilata çoxsaylı şikayətlər daxil olduğunu deyib:

“Gün ərzində bizə bir neçə şikayət daxil olub. Onlardan biri yeni tikilidə yaşayan vətəndaşdan MTK-nın sayğac pulu tələb etməsi ilə bağlıdır. Halbuki, ölkə Prezidenti 2009-cu ildə fiziki şəxslərə sayğacların pulsuz paylanması barədə ayrıca sərəncam verdi. Bu, vətəndaşlar tərəfindən çox yüksək qarşılandı. Lakin sonradan MTK-lar ölkə başçısının bu cür mühüm əhəmiyyət kəsb edən fəaliyyətinə kölgə salaraq vətəndaşlardan sayğac pulu “dilənirlər”. Daha doğrusu, bəzi MTK-lar hüquqi şəxs olmalarından istifadə edərək, özləri sayğacları müvafiq qurumlardan alıb onlarla müqavilə bağlayır və quraşdırılan sayğacın pulunu artıqlaması ilə vətəndaşdan alırlar. İlk baxışdan bu, hüquq pozuntusu sayılmır, amma birbaşa istehlakçı hüquqlarının pozulmasıdır. Qanunların müxtəlif yollarla pozulması dövlətin insanların sosial müdafiəsinə yönəlmiş siyasətinə əngəl törədir. Bu cür problemlə qarşılaşan vətəndaşlar sayğac pulu verməkdən imtina etsinlər və bizə müraciət etsinlər. İstehlakçı məhkəmə iddiası qaldırarsa, müəyyən yerlərə şikayət edərsə, sayğacı pulsuz ala bilər”.

Bütün kommunal xidmət sahələrində vəziyyətin bu cür arzuolunmaz olduğunu vurğulayan AİB sədri bu sahələrin inhisarçı qurum olduğunu deyib. Onun sözlərinə görə, öz istəklərini istehlakçılara diktə edən bu xidmət sahələri ilə bağlı ölçü götürmək də mümkün deyil:

“İşləri-gücləri istehlakçıdan artıq pul qopartmağın yolunu axtarmaqdan ibarətdir. Xoşbəxtlikdən istehlakçıları ümumi kanalizasiya şəbəkəsindən ayırmaq mümkün olmur. Əks halda ən dəhşətli vəziyyət bu sahədə yaşanardı. Məhz bu səbəbdən digər kommunal xidmət sahələrinin əməkdaşları xarici avtomobillərdə, kanalizasiya idarəsinin işçiləri isə nisbətən ucuz maşınlarda gəzir”.

“Bir şikayətçinin iddiasına görə, onun ünvanına 4 il əvvəldən 500 manat qaz borcunun olduğuna dair qəbz gəlib. Bu da azmış kimi kabel televiziyası da 300 manat cərimə yazıb. Ölkə başçısının ciddi cəhdlə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində real addımlar atdığı bir mərhələdə bu cür inhisarçı qurumlar isə əhalini soymaqla məşğuldur. Bütün bunlar isə birmənalı qanun pozuntusudur. Narazı olan bütün vətəndaşlar AİB-yə müraciət edə bilər. Bizim Birlik təmənnasız olaraq onların hüquqlarını müdafiə etməyə hazırdır. Eyni zamanda 195 “qaynar xətt”i vasitəsilə İqtisadiyyat Nazirliyinə məlumat verərək hüquqlarının qorunmasını tələb edə bilərlər”- deyə AİB sədri əlavə edib.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə hesab edir ki, bu cür anlaşılmazlıqlar sayğacların düz işləməməsi və ya sərfiyyatın çox yazılması kimi səbəblərdən qaynaqlana bilər:

“Ağıllı sayğac”ların özündə problem var və standarta uyğun deyil. Ola bilər ki, hansısa səbəbdən iş prinsipi pozulub. Yəni sərfiyyatı sadəcə düz hesablamır. Yaxud da, “Azərişıq”ın informasiya sisteminə, şəbəkəsinə kənardan qeyri-qanuni müdaxilə olub. Sayğaclardan ötürülən məlumatlar ola bilər ki, başqa alternativ bir “billing sistem”ə yönləndirilib və başqa hesablama aparılıb. “Azərişıq” ASC-nin “real billing” sistemində və ya ötürmə kanallarında problem yaşaması ehtimalı da istisna deyil.

Güman ki, hansısa səbəbdən məlumatların ötürülməsində kəsinti olub, rəsmilər də “manual” olaraq ortalama hesablama aparıblar. Bu ortalama hesablamalar üzrə olan bildirişlərdə də əvvəlkilərlə müqayisədə ciddi fərqlər olub.

Fikrimcə, şikayətçilərin iddia etdiyi kimi, “Azərişıq” tərəfindən məqsədyönlü olaraq, investisiya xərclərini qarşılamaq üçün belə bir addım atılması hədsiz, çox böyük risk olardı. Bu baxımdan inandırıcı deyil”.

Bənzər yazılar

Back to top button