Hadisə

Məhəbbət Vəliyeva 199 minin 50 minini hardan çıxarır?

Məhəbbət Vəliyeva 199 minlik “direktor əməliyyatının” 50 minini dərhal bizdən “çıxarmaq” hələ tez deyilmi?

Sərt karantin qaydaları qismən yumşaldılan kimi Yasamal məhkəməsinin də qapıları üzümüzə taybatay açıldı. Barəsində saytımızda bir neçə məqalə yayımlanan və bu günlərdə paytaxtın 20 saylı məktəbinə direktor təyin edilən Ağayeva Esmira Azər qızı saytımız barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Haqqında yazılanları şəxsi üçün təhqir hesab edən E.Ağayeva Rubrika.az saytından 50 min manat təzminat da tələb edir.

Xatırladaq ki, saytımızda 19.07.2020-ci il tarixində “199 minlik “direktor əməliyyatı”-Esmira Ağayeva 20 nömrəli məktəb-liseyə direktor gətirilir” başlıqlı məqalə yayımlanıb. E.Ağayeva həmin məqalədə səsləndirilən fikirləri təhqir hesab edərək məhkəməyə müraciət edib. Bildirilrik ki, yazıda əks olunan məlumatlar uzun müddət ölkənin müxtəlif medya orqanlarında yayımlanıb, E.Ağayeva haqqında daha sərt ittihamlar dərc olunub. İddia ərizəsində göstərilən faktlar daha əvvəllər də müxtəlif KİV-lərdə çap olunduğu halda görəsən E.Ağayeva bunları nədən indi özü üçün təhqir hesab edir? Apardığımız araşdırmalar zamanı həmin ittihamlara onun hər hansı təkzibi ilə də rastlaşmadıq. Göründüyü kimi, E.Ağayevanın indi bütün bunları özünün işgüzar nüfuzuna zərbə hesab etməsi sırf məqsədli şəkildə həyata keçirilir. Hesab edirik ki, bu addımları atmağa E.Ağayevanı “ruhlandıran” xüsusi qüvvələr var və onlara Təhsil nazirinin müavini M.Vəliyeva rəhbərlik edir. Dərc etdiyimiz yazılarda M.Vəliyevanın da adının çəkilməsindən sonra nazir müavini dolayısıyla bu addımı atıb.

Bir daha bildiririk ki, bu və ya digər hər hansı yazımızda kiminsə şərəf və ləyaqətini təhqir etmək məqsədimiz olmayıb və hər bir insanın şərəf və ləyaqətinə kimliyindən asılı olmayaraq böyük hörmət bəsləyirik. Ölkəmizdə mətbuat azadlığı təmin edilib və biz də cənab Prezidentimiz tərəfindən aparılan korrupsiya və rüşvətxorluğa qarşı mübarizəyə dəstək veririk. Amalımız ölkəmizdə olan neqativ hallara qarşı mübarizə aparmaqdır.

Təhsil naziri E.Əmrullayevi vəzifəyə təyin olunan kimi ilk təbrik edənlərdən biri də biz olmuşuq. Bu gün də cənab nazirə mediada hərtərəfli dəstək verməyə hazırıq. Məqsədimiz təhsil sistemində baş verən neqativ halların aradan qaldırılmasına yardım etməkdir. İnanırıq ki, Emin müəllim də öz fəaliyyətində məhz bu amilləri prioritet hesab edir. Odur ki, redaksiyamızın əldə edərək dərc etdiyi məlumatları təhqir hesab etmək medyaya qərəzli münasibətin təzahürüdür. E.Ağayeva illərlə haqqında səsləndirilən tənqidləri indi təhqir hesab etməkdəndirsə yeni dərs ilinə hazırlaşsa daha yaxşı olar. Qarşıda hələ uzun və məsuliyyətli bir yol durur. Yazıda bəhs olunan 199 min manatın 50 minini dərhal bizdən “çıxarmaq” hələ tez deyilmi? (Rubrika.az)

Bənzər yazılar

Back to top button