Azərbaycana lazım olan ittifaq artıq var: bu, Türkiyə və İsraillə ittifaqdır

by Aztoday Xəbər Portalı

Azərbaycan-Ermənistan sərhəddində baş verən qarşıdurmadan dərhal sonra, eyni zamanda Azərbaycanın Türkiyə ilə birgə hərbi təlimlərinin keçirildiyi həssas məqamda mediada Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orucun ard-arda iki konseptual məqaləsi dərc edildi. Iyulun 27-də dərc edilmiş birinci yazı “Qafqazın gələcək hərbi-siyasi taleyi: Əliyev və Putin razılaşması”, avqustun 6-da dərc edilmiş ikinci məqalə isə “Türkiyə, Azərbaycan, Rusiya vahid səngərdə: İrəvanı yenidən bölmək planı” adlanır. Əslində Zahid Orucun yazdıqlarına onun fikirləri, mülahizələri deyib üstündən keçmək olardı. Əgər ki, həmin şəxs prezident tərəfindən yaradılmış Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri vəzifəsini daşımasaydı. Ölkənin Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, yəni rəsmi beyin mərkəzinə rəhbərlik edən bir şəxs olaraq bu yazıları sırf onun subyektiv fikirləri kimi qiymətləndirmək düzgün olmaz. Bəs, görəsən, müəllif bu məqalələrlə cəmiyyətə hansı mesajları verir?Politoloq Ərəstun Oruclu məqalələrdə müəllifin yazdıqlarını ASTNA-ya şərh edib.

***

– Ərəstun bəy, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Orucun ard-arda iki məqaləsi dərc olundu ki, əslində həmin məqalədə qoyulan məsələlər müzakirə yaradacaq məsələlərdir. “Qafqazın gələcək hərbi-siyasi taleyi: Əliyev və Putin razılaşması” və “Türkiyə, Azərbaycan, Rusiya vahid səngərdə: İrəvanı yenidən bölmək planı” adlı məqalələrdə Azərbaycan-Rusiya, Türkiyə-Azərbaycan- Rusiya birgəliyindən söhbət açılır. Sizcə, Zahid Oruc bu məqalələrlə kimə hansı mesajları verir?

– Hər şeyi öz adı ilə çağırsaq, qeyd etdiyiniz iki məqaləyə “Rusiyapərəstlərin yeni manifesti” və ya “5-ci kolonun arzuları” adını verə bilərik. Məqalələrin yazılma və ya tərcümə üslübuna xüsusi diqqət çəkmədən bunu deyə bilərəm ki, hər iki yazıda Azərbaycanı Rusiyanın təsir dairəsində və ya elə əsarətində saxlamaq cəhdlərinin aqoniyası görünməkdədir. Onların dərc olunması üçün zaman da təsadüfi seçilməyib. Ermənistan-Rusiya cütlüyünün Tovuz istiqamətində hücumunu nəzərdə tuturam. Daha doğrusu, Azərbaycana qarşı başladılmış hibrid müharibəyə start verilməsi anını. Bu arada onu da qeyd edim ki, hidrid müharibənin mühüm elementlərindən biri də informasiya müharibəsi və təxribatlarıdır. Məqalələrdəki mesajlar da əsasən cəmiyyətə, daha dəqiq desək, onun ictimai-siyasi fəal kəsiminə ünvanlanıb və bu da təsadüfi deyil. Rusiyanın qlobal planlarından olan Yaxın Şərq strategiyası çərçivəsində Azərbaycana son hücumu fiaskoya uğradı və faktiki Azərbaycan cəmiyyətində antirusiya əhvalını bir qədər də gücləndirdi. Bu yerdə haşiyəyə çıxım ki, Ermənistan həmin məsələdə yalnız vasitə rolunu oynamalı idi, amma bunu ya bacarmadı, ya da istəmədi. Rusiya isə Azərbaycanda təkcə ictimai rəydə itirmədi, həm də Azərbaycan-Türkiyə hərbi-siyasi birliyinin daha da möhkəmləndirilməsinə təkan verdi. Belə bir format və dinamika isə görünür, Kremlin reseptlərində ya ümumiyyətlə nəzərdə tutulmamışdı, ya da ciddi qəbul olunmamışdı. Türkiyə-Azərbaycan-Rusiya üçlüyü ideyası isə düzü, bir qədər təxəyyül məhsulu kimi görünür, baxmayaraq ki, məqalələrdə tez-tez açıq və ya sətiraltı Rusiyanın gücünün qabardılması təhdid cəhdi kimi də qəbul oluna bilər. Bizə lazım olan üçlük isə artıq var və onun sayəsində bu gün Azərbaycan Tovuz təxribatı ərəfəsində olduğundan daha özünə inamlı və qat-qat güvənli görünür. Mən Türkiyə-Azərbaycan-İsrail üçlüyünü nəzərdə tuturam. Həm Türkiyə, həm də İsrail ölkəmizin müstəqillik tarixi boyu Azərbaycanın yanında olduqlarını dəfələrlə əməldə sübut ediblər. Elə qeyd etdiyim son hadisələr zamanı da bunu ən açıq və qəti şəkildə nümayiş etdirdilər. Bizə isə belə müttəfiqlər lazımdır. Qaldı Rusiyanın guya Ermənistana qarşı olduğu iddialarına, məncə, belə bəsit təbliğatla ictimai rəydə çaşqınlıq yaratmaq şansları sıfıra bərabərdir. Azərbaycanda indi hər kəs Rusiyanın son iki yüz illik Qafqaz siyasətinin bizə nəyin bahasına başa gəldiyini yaxşı bilir. İstər Çar İmperiyası, istər SSRİ, istərsə də müasir Rusiya Federasiyası dövründə həmin siyasət dəyişməyib və heç zaman da dəyişməyəcək. Rusiyanın

Paşinyan hakimiyyətinə təzyiqini isə Ermənistana düşmənçilik kimi təqdim etmək ya hadisələrin mahiyyətini anlamamaqdan, ya da onları məqsədli şəkildə yanlış interpretasiya eləməkdən irəli gəlir. Mən daha çox ikincinin olduğunu düşünürəm.

– Sizcə, bu təhlil Zahid Orucun özünün gəldiyi nəticələrdir, yoxsa, hakimiyyət də Zahid Orucla eyni fikirləri bölüşür?

– Məncə bu, sualınıza cavab vermək üçün öncə hakimiyyət dedikdə kim(lər)i nəzərdə tutduğumuza aydınlıq gətirməliyik. Azərbaycan hakimiyyəti hazırda daxili rekonstruksiya mərhələsindədir və görünən də budur ki, həmin proses heç də gözlənildiyi kimi hamar getmir.

Bunu isə gözləmək lazım idi, çünki ölkədəki hakim ierarxiyanın müxtəlif qanadlarının müxtəlif xarici bağları vardı və onlar bu gün də mövcuddur. Şübhəsiz ki, rekonstruksiya prosesində hansısa hakimiyyətdaxili qrupların mövqelərinin zəifləməsi təkcə onların özlərini deyil, həm də xarici “partyorları”nı narahat edir. İndi 2 məqama da nəzər salsaq, sizin sualınızın cavabı necə deyərlər, öz-özünə gələcək. Birinci məqam, Zahid müəllimin ilk məqaləsinin ardınca AMEA prezidenti cənab Ramiz Mehdiyevin məlum qalmaqallı yazısıdır, ikinci məqam isə Tovuz döyüşlərinin ardınca başlanan Azərbaycan-Türkiyə birgə hərbi təlimləridir. Əminəm ki, cənab Mehdiyevin mesajlarının Azərbaycana dost və müttəfiq Türkiyə ilə birgə hərbi təlimlərə yaşıl işıq yandırmış İlham Əliyevə ünvanlandığı heç kəsdə şübhə doğurmur.

– Həqiqətənmi məqalələrdə sətiraltı vurğulandığı kimi, Rusiya Ermənistandan üzünü çevirərək Azərbaycan tərəfə üzünü tutub? Həqiqətənmi Azərbaycan bu vəziyyətdən Qarabağın azad olunması üçün istifadə edə bilər?

– Bu, məsələyə artıq ötəri toxundum və bir daha təkrar edirəm ki, Rusiya heç vaxt Ermənistandan üzünü çevirərək Azərbaycana üz tutmayacaq. Ermənistan Rusiyanın Qafqaz, Türkiyə və Yaxın Şərq siyasətində mühüm bir alətdir, bu status isə heç vaxt dəyişməyəcək. Onun məqsədi Azərbaycan-Ermənistan münaqişəsini növbəti dəfə və daha böyük miqyasda alovlandıraraq bölgəyə sülhməramlı adı altında öz qoşunlarını yeritmək və bununla da ən azı 3 məqsədə nail olmaqdır: Azərbaycanı zəiflətmək, Ermənistanda hakimiyyəti dəyişmək, bölgəyə qoşunlarını yeridərək Yaxın Şərqə quru yolunu açmaq və onun işləkliyini təmin etmək. Bu halda Daqlıq Qarabağ münaqişəsi də qeyri-müəyyən müddətə dondurulacaq. Yalnız bu şərtlər çərçivəsində Rusiya Yaxın Şərqə etibarlı çıxış əldə edə və Cənubi Qafqazda şəriksiz söz sahibinə çevrilə bilər. Bu isə bizim üçün həm suverenliyin məhdudlaşdırılması, həm də qeyri-müəyyən müddətə Rusiyadan asılılıq demək olardı.

– İkinci məqalədə deyilir ki, Bakıya lazım olan TAR (Türkiyə-Azərbaycan-Rusiya) ittifaqıdır. Yəni, üç ölkənin maraqlarının uzlaşdırılması və koordinasiyalı siyasətin həyata keçirilməsi. Bu üç ölkəni bir ittifaqda görmək mümkündürmü? Çünki biz yaxın tarixdə zaman-zaman Türkiyə-Rusiya yaxınlaşmasını və ardınca münasibətlərinin gərginləşdiyinin şahidi oluruq. Sizcə, belə bir ittifaq baş tuta bilərmi və nəticələri nə ola bilər?

– Mənə də maraqlıdır ki, ideya müəllifləri Liviya, Suriya, Aralıq dənizi hövzəsində və qismən də Qara dəniz bölgəsində qarşı-qarşıya duran iki regional gücü Azərbaycanda necə bir araya gətirmək istəyirlər? Ən azı bu gün belə bir konstruksiyanı mümkünsüz hesab edirəm. O, yalnız təxəyyül məhsulu ola bilər və zənnimcə, həm də Azərbaycan cəmiyyətində Türkiyəyə olan həssas münasibətlə manipulyasiya eləməyə yönəlib. Bayaq dediyim kimi, Azərbaycana lazım olan ittiifaq artıq var: bu, Türkiyə və İsraillə ittifaqdır. Əminəm ki, bu, üçlük aysberqin yalnız görünən kiçik bir hissəsidir. Rusiyanın Yaxın Şərqdə söz sahibinə çevrilməsi, həmin bölgəyə təsir eləməsi bu gün nə İsrailə, nə də Türkiyəyə lazımdır, onun qarşısını almaq isə Azərbaycanı qorumaqdan keçir. Bu isə bizi birləşdirən müştərək həyati maraqdır.

– Ümumiyyətlə, Azərbaycan öz gələcəyi üçün hansı istiqaməti seçməlidir? Rusiya tərəf daha etibarlıdır, yoxsa Qərb daha perspektivli?

– Məncə, bu sualınıza da dolayısı ilə olsa da, artıq cavab verdim. Rusiya heç vaxt bizə tərəfdaş olmayıb və olmayacaq. Digər tərəfdən də bu gün Azərbaycanın NATO-ya üzvlüyü nə realdır, nə də gündəlikdə var. Əksinə, yerləşdiyimiz onsuz da çox mürəkkəb coğrafiyada belə bir inteqrasiya cəhdi ölkəmizə qarşı təhdidləri daha da artırardı. Bizə isə bütün qonşularla normal ikitərəfli münasibətləri saxlamaq şərtilə xarici siyasət vektorunu əsasən Türkiyəyə və İsrailə doğru yönəltmək lazımdır. Bu da həm hərbi-siyasi, həm də sosial-iqtisadi baxımdan elə Qərb deməkdir. Rusiyanın bizə verə bildiklərini 200 ildən artıqdır görürük və bunu anlamaq üçün növbəti 200 ilə ehtiyac yoxdur. Amma Qərb də öz növbəsində Azərbaycan siyasətini çoxşaxəli qurmalı və onu yalnız təhlükəsizlik maraqları üzərindən həyata keçirməməlidir. Azərbaycanın azad, demokratik, hüquqi modern dövlət olmasına hərtərəfli dəstək verməlidir. Yalnız belə modelə malik dövlət etibarlı, sabit və güclü tərəfdaş ola bilər. Bizim də gələcəyə yolumuz budur. Asan yol deyil, amma mən ona alternativ görmürəm. Əminəm ki, azərbaycanlıların da mütləq əksəriyyəti məhz belə dövlətdə yaşamağı arzulayır.

Bənzər Yazılar