BNA-dan Bakını iflic edən daha bir addım – Camaat etiraz edir (FOTO)

by Aztoday Xəbər Portalı

Xətai rayonu, Naximov küçəsində aparılan yol-tikinti işləri öz “unikallığı” ilə burada yaşayan sakinlərin ciddi narazılığına səbəb olub.

Bu barədə Mia.az-a ərazidə yaşayan bir qrup sakin şikayət məktubu ünvanlayıb.

Bildirilib ki, yolun bir hissəsi 9,1 metrədək qismən daraldılsa da, digər hissəsi, xüsusilə, ticarət-iaşə obyektlərinin qarşısında, ümumiyyətlə, sərt şəkildə 7,4 metrədək daraldılmış, bununla da, yolun daim intensiv hissəsində gələcəkdə baş verə biləcək yol-nəqliyyat hadisələrinə münbit şərait yaradılıb:

“Eyni zamanda küçənin daim yağış suları ilə dolan hissəsindəki su-yağış barmaqcıqları da nədənsə ləğv olunmuşdur ki, bu da gələcəkdə həmin yerlərdə suların yığılmasına səbəb olacaq, nəqliyyat vasitələrinin hərəkətinə ciddi əngəllər törədəcəkdir. Küçənin sonundakı geniş ərazi də ağlagəlməz “layihə” yeniliklərilə bərbad hala salınmış, bir növ, çətin keçiləcək yol hissəsi halına gətirilmişdir. Naximov küşəsindəki sərt döngə də nədənsə genişləndirilmək əvəzinə, daraldılmış və bu zaman yolun həmin hissəsində daim qeydə olınan yol qəzaları nəzərə alınmamışdır”.

Məktubda qeyd olunur ki, əhali Bakı Nəqliyyat Agentliyinin əməkdaşlarına şikayət etməyə çalışsa da, bu təşkilatla əlaqə saxlamaq istəyini heç cür reallaşdıra bilmir: “Çünki təşkilatın qaynar xətti cavab vermir, mətbuat xidməti isə ümumiyyətlə, susur, çünki daim “məşğuldur. Bu istiqamətdə iş aparan əməkdaşlar, o cümlədən sərmayəçi İlqar Ağazadə (İqabal Ağazadənin qardaşı) isə deyilən iradlarla qismən razı olduğunu bildirsə də, yolun onlara təqdim olunan ıayihə əsasında inşa olunduğunu bildirərək, bu işdə yardımçı ola bilməyəcəyini vurğulayır.

Bütün bunları nəzərə alaraq Sizdən əhalinin haqlı narazılığını Bakı Nəqliyyat Agentliyinin rəhbərliyinə çatdırmağınızı xahiş edir, bununla bağlı çoxsaylı sakinlər tərəfindən imzalanmış şikayət ərizəsini ünvanınıza göndəririk. Onu da diqqətinizə çatdırırıq ki, bu yolda gələcəkdə baş verə biləcək yol-nəqliyyat qəzalarına görə ilk növbədə layihənin müəllifi – Bakı Nəqliyyat Agentliyi məsuliyyət daşıyacaq”.

Bənzər Yazılar