Cəmiyyət

“Malını dağıtdılar, özünü isə 200 manat cərimələdilər” – VİDEO

Azərbaycanda küçə ticarəti 2014-cü ilin yanvarından ləğv olunub. Buna baxmayaraq, Bakının bəzi yerlərində hətta, mərkəzi küçələrdə xırda ticarətlə məşğul olan insanlara tez-tez rast gəlmək mümkündür. İnzibatı Xətalar Məcəlləsinin yeni “Qanunsuz küçə ticarəti” adlı 453-cü maddəsinə əsasən, qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə 80 manat cərimə tətbiq olunur.

Astara rayon Ərçivan qəsəbə sakini Məmmədov Tofiq Oruc oğlu Bakının “İnşaatçılar” metrostansiyasının çıxışında küçə ticarəti ilə məşğul olur.

“Ailəmiz 8 nəfərdən ibarətdir. Onlar mənim himayəmdədir. 3 ildir burda alver edirəm. İşsizlik problemi səbəbindən mən rayondan gəlib Bakının küçələrinə düşmüşəm. “Sədərək” Ticarət Mərkəzinin “Meyvəli” topdansatış meyvə-tərəvəz bazasından limonu 15 qəpiyə alıb “İnşaatçılar”da 20 qəpiyə satıram. Oktyabrın 9-da polis əməkdaşları mənim malımı dağıtdılar. Mən onlara aztəminatlı ailənin üzvü olduğumu, himayəmdə xəstə valideylərimin olduğunu izah etdim. Onlar dedilər ki küçə ticarəti qadağandır. Mən bununla razıyam. Metrostansiyalarının çıxışının 90 faizdən çoxunun qarşısında küçə ticarətçiləri var. Onlar məcburiyyətdən küçələrə düşüblər. Mən məhsulumu dağıtdıqlarına görə şikayətçi olacağımı dedim. Bunu eşidən kimi məni polis bölməsinə apardılar. Mənə həbs olunacağımı dedilər. Guya ki mən polisə müqavimət göstərmişəm”,-deyə T.Məmmədov bildirib.

O deyir ki, Altay adlı polisdən valideynləri ilə əlaqə saxlaması üçün icazə istəyib: “Mən ona dedim ki valideynim infarkt xəstəsidir, qoy ona həbs olunmağımla bağlı məlumat verim. Nigaran qalmasınlar. Həyatına təhlükə yaranmasın. Mənimlə doğru rəftar etmədilər. Mən polisə müqavimət göstərməmişəm”.

T.Məmmədov deyir ki, onu Yasamal rayon 29-cu Polis Bölməsindən Yasamal rayon Məhkəməsinə aparıblar. Məhkəmənin qərarı ilə İnzibati Xəttalar Məcəlləsinin 535.1 maddəsi (polisə müqavimət) ilə 200 manat cərimə edilb.

Məmmədov Tofiq Oruc oğlunun şikayəti əsasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə göndərilən informasiya sorğsuna cavab verilib. Cavabda bildirilib: “Vətəndaş T.Məmmədova küçə ticarətinin qadağan olunduğu izah olunub. O isə polisin qanuni tələblərinə tabe olmayıb müqavimət göstərdiyi üçün polis bölməsinə aparılıb. İnzibati Xəttalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq barəsində protokol təyin olunub və baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə də cərimə olunub”.

Bənzər yazılar

Back to top button