İqtisadiyyat

Agentlik 1 milyona ofis icarəyə götürdü – Bu dəfə 7 qəpik az ödəyəcək

“Dövlət Məşğulluq Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Ceyhun-3” İstehsalat Kommersiya Firması (VÖEN- 1500330441) olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumata istinadən bildirir ki, “Ceyhun-3” İstehsalat Kommersiya Firması Məşğulluq Agentliyi üçün ofis sahəsi icarəyə verəcək. İcarəyə götürüləcək ofisin ümumi sahəsi 6 723 kv. metr olacaq və bunun üçün “Ceyhun-3” firmasına 12 aylıq icarə haqqı olaraq 989 min 894 manat 45 qəpik ödəniləcək. Rəqəmlərdən də göründüyü kimi, DSMF icarəyə götürdüyü ofis sahəsinə hər ay 82 min 491 manat ödəyəcək.

Qeyd edək ki, bu ilin yanvar ayında Məşğulluq Agentliyinin keçirdiyi analoji tenderdə də “Ceyhun-3” İstehsalat Kommersiya Firması qalib olub. Yanvar ayında keçirilən tenderin nəticəsində Məşğulluq Agentliyi eyni ofis sahəsi üçün “Ceyhun-3” firmasına 12 aylıq icarə haqqı olaraq 989 min 894 manat 52 qəpik ödəyib.

Açıqlanan məlumatlardan belə görünür ki, yanvar ayı ilə müqayisədə Məşğulluq Agentliyinin icarəyə götürdüyü ofisin qiymət 7 qəpik aşağı olub.

Məlumat üçün bildirək ki, “Ceyhun-3” İstehsalat Kommersiya Firması 1996-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan firmanın hüquqi ünvanı Nərimanov rayonu, Əliəşrəf Əlizadə, ev 30, m.12-də yerləşir. Firmanın qanuni təmsilçisi Bayramov Əliheydər Fəyyaz oğludur.

“Ceyhun-3” İstehsalat Kommersiya Firması Bakı şəhərində hündürmərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olur. Şirkətin adı daha əvvəl mətbuatda yaşıllıqların kəslilərək yerində binaların tikilməsində hallanıb.

Bənzər yazılar

Back to top button