AnalitikaDünya

GOESİYASƏTİN QARANLIQ DƏHLİZLƏRİNDƏ…

Hindistanın Mumbay limanından başlayıb, Türkiyədən yan keçərək Almaniyanın Hamburq şəhərində sona çatması gözlənilən bu dəhliz həm də Qərbin son üç ildə Çini tarazlaşdırmaq axtarışlarına cavabdır. Dəhliz multimodaldır, yəni dəniz, avtomobil və dəmir yollarından istifadə olunacaq. Bir tərəfdən Hindistandan Avropaya müxtəlif məhsullar daşınacaq, digər tərəfdən də Yaxın Şərqin enerji qaynaqları həm Avropaya, həm də Hindistana göndəriləcək. Bu o deməkdir ki, bütün aktyorlar iki dəfə qazanırlar. Avropa məhsul və neft alacaq. Hindistan məhsul satacaq və neft alacaq. Bu məqamda Hindistanın Türkiyəni ikitərəfli təzyiq altında saxlamağa çalışdığını söyləmək olar. Hindistan-Yaxın Şərq-Avropa dəhlizi Türkiyənin geosiyasi əhəmiyyətini azaldır və Yunanıstan və Rum Administrasiyasını Avropa üçün daha dəyərli edir…

Dünya siyasətinə və dəhliz rəqabətinə sürətlə daxil olan Hindistan-Yaxın Şərq-Avropa dəhlizinin qısa müddətdə hansı təsirlərə malik olacağı mübahisəlidir. Ancaq orta və uzunmüddətli perspektivdə təsirinin olacağı göz qabağındadır. Dəhliz reallaşdırılana qədər Çin Avropa üçün vacib olaraq qalacaq. Lakin sonradan onun əhəmiyyəti azalacağından iqtisadi problemləri daha da arta bilər. Ancaq indi, qütbləşmənin artması prosesində Hindistan, Türkiyə və Səudiyyə Ərəbistanı kimi orta güclərin ideoloji diskurslarla yalnız bir tərəfə üstünlük vermədikləri, bir çox rəqiblərlə münasibətlərini gücləndirərək milli maraqlarını reallaşdırmağa çalışdıqları anlaşılır.

Bu səbəbdən Səudiyyə Ərəbistanı dünən Çinə, bu gün isə ABŞ-ın dəstəklədiyi Hindistana yaxınlaşır. Qərbin də Körfəzdə təsirini yenidən artırmaq imkanı var. Nəticədə dəhliz rəqabətinin dəhliz müharibəsinə çevrildiyini söyləmək olar…

ÇİN NƏ EDİR…?

Əsədin Çinə səfərini Pekin administrasiyasının Yaxın Şərqdəki “izinin” aydınlaşdırılması kimi də şərh etmək olar. Əsəd Asiya oyunlarının açılışına dəvət edilən yeganə Yaxın Şərq lideri deyildi. Çin prezidenti Si eyni vaxtda Çində olan Küveyt vəliəhdi ilə də strateji əməkdaşlıq müqaviləsi imzalayıb. Küveytlə əldə olunan əməkdaşlıq sazişlərində bu ölkənin Mübarək Əl-Kəbir limanını “Kəmər Yolu” layihəsinə daxil etmək niyyəti bəyan edilib. Oyunlar üçün Çinə də gələn Səudiyyə Ərəbistanının naziri əliboş qayıtmayıb. Çin və Səudiyyə Ərəbistanı arasında imzalanan turizm müqaviləsi 2030-cu ilə qədər Çindən 4 milyondan çox turistin Səudiyyə Ərəbistanına gedəcəyini nəzərdə tutur…

Suriya lideri Əsədin Çindən gözləntisi ABŞ və Avropa Birliyinin vətəndaş müharibəsi səbəbindən tətbiq etdiyi birtərəfli embarqoları Pekin vasitəsilə qıra bilməsidir. Ukrayna müharibəsi ilə məşğul olan Rusiyadan gözlədiyi iqtisadi dəstəyi tapa bilməyən Dəməşq rəhbərliyi gözlərini Çin paytaxtına dikib. Çinin bölgəyə ən az maraq göstərdiyi ölkənin Türkiyə olduğu aydındır. AK Partiya hökumətinin Çindən hava hücumundan müdafiə raketləri alacağını əvvəlki açıqlaması, lakin daha sonra Qərbin təzyiqi ilə geri addım atması Pekinin Türkiyəyə ticarət baxımından baxışını xeyli soyudu. Bundan əlavə, AK Partiya hökumətinin xarici siyasətdə kəskin dönüşləri də Çinin Türkiyəni “əl boyu məsafəsində” saxlamasının başqa bir səbəbi olmalıdır…

Pərviz Əliyev, politoloq

Bənzər yazılar

Back to top button