Siyasət

Paşinyan Rusiyanın sülhün bərqərarına kömək edəcəyinə ümid edir, ancaq bəzi qüvvələrdən qorxur

Hazırda Cənubi Qafqaz regionu üçün çətin dövrdür, təhlükəsizliyə təhdidlər var. İndi dünya birliyinin və Ermənistanın strateji tərəfdaşı Rusiyanın diqqəti Ukraynaya yönəlib. Bu, regionda sabitliyin pozulmasına gətirib çıxara bilər. Bu barədə çərşənbə günü Ermənistanın baş naziri Nikol Paşinyan Vladivostokda keçirilən Şərq İqtisadi Forumda çıxışı zamanı bildirib.

“Rusiyanın Ukraynadakı müharibə ilə həddən artıq məşğul olduğunu və bundan sabitliyi pozmaq üçün istifadə edə biləcəklərini düşünən qüvvələr var”, – Paşinyan deyib.

“Bu qüvvələr gələcəkdə öz hərəkətlərinə haqq qazandırmaq üçün Moskvada Ermənistanı qərbyönlü, Qərbdə isə Rusiyapərəst hökumətli ölkə kimi təqdim etmək istəyirlər”, – Paşinyan deyib, onların hansı qüvvələr olduğunu dəqiqləşdirməyib. O ümidvar olduğunu bildirib ki, “Rusiya ilə sıx tərəfdaşlıq şəraitində regionda vəziyyəti nəzarətdə saxlamaq mümkün olacaq”.

O həmçinin Rusiyanın dəstəyilə Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq səylərindən danışıb. “Biz artıq Türkiyə ilə danışıqlara başlamışıq. Rusiyanın dəstəyilə Türkiyə ilə münasibətləri yoluna qoyacağımıza ümid edirik”, – Paşinyan deyib.

Qarabağa gəlincə, o qeyd edib ki, “Dağlıq Qarabağ problemilə bağlı Azərbaycanla intensiv söhbət gedir”.

“Biz təkcə Ermənistanın strateji müttəfiqi kimi yox, həm də Azərbaycanın yaxın tərəfdaşı kimi Rusiyanın dəstəyinə ümid edirik”, – Paşinyan deyib.

Sonra o Ermənistanın regionda kommunikasiyaları açmaq niyyətini təsdiqləyib ki, bu da ona qonşu ölkələrlə əlaqələri möhkəmləndirməyə imkan verəcək və Azərbaycan üçün də faydalı olacaq.

“Hüquqi məsələləri həll etmək, yolun hansı hüquqi tənzimləmə üzrə işləyəcəyini müəyyən etmək lazımdır. Mövqe ümumilikdə aydındır – yollar ərazisindən keçdiyi ölkələrin tam suverenliyi altında fəaliyyət göstərməlidir”. (Turan)

Bənzər yazılar

Back to top button