HadisəSiyasət

Keçmiş nazir məhkəmədə yenə meydan oxudu: “Bilin ki, Əli İnsanov nə sınandır, nə baş əyəndir…”

“Səlahiyyətli biri xəbər göndərib ki, mənə sui-qəsd hazırlanır”

“Mənə olan münasibət Hitlerin ölüm düşərgəsindəki əsirlərə olan münasibətdir”

Keçmiş səhiyyə naziri Əli İnsanov yenə məhkəməsində bir sıra ilginc fikirlər səsləndirib. Məsələn, keçmiş nazir deyib ki, ona qarşı sui-qəsd planı hazırlandığı barədə xəbər çatdırıblar. O da öz növbəsində planı hazırlayanlara mesaj göndərib ki, hətta ölüm təhlükəsi də onu sındıra bilməz.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bütün bu fikirlər Əli İnsanovun aprelin 12-də keçirilən məhkəməsində səslənib.

Əli İnsanovun zərbəsindən mayorun beyni silkələnib?

Məhkəmədə əvvəlcə prokuror ittiham aktını elan edib. İttiham aktında yazılıb ki, 2016-cı il avqustun 23-də Ədliyyə Nazirliyinin əməkdaşları Əli İnsanovun da saxlanıldığı 13 saylı cəzaçəkmə müəssisəsində yoxlama aparıblar. Həmin vaxt müəssisənin həyətindəki ayrıca otaqda Əli İnsanova məxsus olduğu iddia olunan çantadakı yorğanın arasından şüşə qabda, eləcə də soyuducuda dərmanlar tapılıb. İttihama görə həmin otağın açarı olub. Əli İnsanov orada şəxsi əşyalarını saxlayırmış. Ekspertiza zamanı məlum olub ki, dərmanların tərkibində narkotik maddə və psixotrop maddələr var. 142 ədəd şüşə bankadan, 60 ədəd də soyuducudan dərman tapılıb, protokollaşdırılıb.

Bundan başqa, iddia olunur ki, Ədliyyə Nazirliyinin əməkdaşları protokol tərtib edərkən Əli İnsanovu çağırıblar. Əli İnsanov əvvəlcə protokolu cırıb, daha sonra mayor Anar Məmmədovun yaxasından tutub itələyib, onun başı qapıya dəyib. Yıxılıb, huşunu itirib, baş-beyin silkələnməsinə səbəb olan xəsarət alıb.

Qanunlar tapdalanır

Əli İnsanov ittihama belə münasibət bildirib: “Mən bütün böhtanları eşitdim, nədə ittiham olunduğumu biirəm. Qondarma ittihamdır. Mən qətiyyən özümü bu ittihamlar üzrə təqsirli bilmirəm”.

Bundan sonra Əli İnsanov ətraflı ifadə verib: “Təbii ki, məhkəmənin gedişindən narazıyam. Mənə qarşı irəli sürülən bütün ittihamları rədd edirəm. Hamısı yalan və quramadır. Təəssüf edirəm ki, hər yerdə olduğu kimi, burada da dövlətin qanunları tapdalanır. Biz ötən iclasda üç vəsatət verdik, vəkillərimin ağzından söz çıxmamış vəsatətlər rədd edildi – heç bir əsaslandırma olmadan. Axı siz vəsatətlərin hansı əsasla rədd edildiyini mənə izah etməli idiniz, qanunla əsaslandırmalıydınız. Ancaq bir kəlmə “vəsatət rədd olunur” deməklə kifayətləndiniz.

“Mən bugünkü hakimiyyətin müxalifiyəm”

Keçən iclasda verdiyimiz üç vəsatətdən biri mənim ev dustaqlığına buraxılmağım haqda idi. Bu da digərləri kimi təmin olunmadı. Prezidentin də sərəncamı var ki, bu maddələrlə ittiham olunanda alternativ qətimkan tədbirləri seçmək olar. Amma siz prezidentin sərəncamına da əməl etmədiniz. Mənim üçün 15 gün evdə qalıb yenə həbsxanaya qayıtmaq elə böyük bir şey deyil. Sadəcə, qanunların bu şəkildə tapdalanmasına təəssüflənirəm.

Bunu hamı bilsin ki, mən dövlətin və dövlətçiliyin müxalifi deyiləm. Mən bügünkü hakimiyyətin müxalifiyəm. Məhkəmədən də xahiş edirəm ki, bunları qarışdırmayın. Dövlətin qanunları tapdalanır, mən buna etiraz edirəm. Buna görə mübarizə aparıram.

“Kitablarımı, dərmanımı ölkəyə buraxmırlar”

Mənə olan münasibət bəllidir. Mən hər şeyi yaxşı görürəm, yaxşı başa düşürəm. Mənim ailə üzvlərimin ölkədən çıxışına qadağa qoyulub, işlə təmin olunmasına imkan verilmir. Müəllifi olduğum kitabların ölkəyə gətirilməsinə icazə verilmir, gətirilən kitablar gömrükdə saxlanılıb. Mənim “İnsanovin” dərmanımın satışından əldə etdiyim gəlirlərə, qonorara həbs qoyulub. Məhkəmə dərmana görə köçürülmüş 1 milyon yarım qonorarın olduğu hesaba qanunsuz olaraq, həbs qoyub. Mənim o qədər qonorarım olduğu halda, indi cibimdə pulum yoxdur.

“Mən 70 yaşımda narkoman oldum?”

Mənə olan münasibət Hitlerin ölüm düşərgəsindəki əsirlərə olan münasibətdir. Bunu kim və necə izah eləyə bilər, necə oldu ki, mən 70 yaşımda narkoman oldum? Bununla siz nə demək istəyirsiz? Ölkəni narkomanlar idarə edir? Əgər belədirsə, o zaman bir qərar çıxarın, yoxlayın, bəlkə məndən başqa da 5-6 nəfər narkoman var? Ağır şəraitdə saxlanıldığım haqda geniş danışmaq istəmirəm. Bu, bəllidir. Necə oldu ki, mən müəssisəyə narkotik gətirtdim, keçirtdim və bundan da heç kimin xəbəri olmadı? Bütün bunların hamısı düşünülmüş fantaziyadır. Necə oldu ki, mənim qaldığım yerdən yox, mənim yatağımdan yox, başqa yerdən mənim dərmanlarım çıxdı? Mənim dərmanlarım orada nə gəzirdi? Bunun izahatı verilməlidir? Olmazdımı ki, o dərmanlar aşkarlananda, protokol tərtib ediləndə mən də orada olaydım?

Ədliyyə Nazirliyinin Baş İdarəsindən gələn iki mayor müəssisədən narkotik tapır, amma həmin müəssisənin əməliyyatçısını, mayorunu işdən çıxarmırlar, cəzalandırmırlar, əksinə, ona rəis vəzifəsi verirlər. Həmin müəssisədə hər gün “şmon” olur, necə ola bilər ki, mən narkotik saxlamışam, bunu tapa bilməyiblər.

“Dostumun oğlu üzümə durur”

Bu zərərçəkmiş Anar Məmmədov mənim dostum olmuş Gülməmməd müəllimin oğludur. Penitensiar Xidmətin keçmiş rəis müavini olub. Onu mən müalicə eləyib, ölümdən qurtarmışam, ağır vəziyyətdə idi. Onunla çox yaxın münasibətlərim olub. Rəhmətliklə qardaş kimi idik. İndi gözlərimə inana bilmirəm. Mən Anarı qınamıram. Şüurlu şəkildə bu işə gedib, özü bilər, nə edir, etsin. Yəqin, ona da vəzifə verəcəklər…”

“Peşman deyiləm”

İfadə verərkən hakim Rəşad Mustafayev, eləcə də prokuror onun çıxışına müdaxilə edib. Bu yerdə yenə də prokuror onun sözünü kəsib, ittihamlar üzrə danışmağı tələb edəndə o, belə cavab verib: “Mən bu dövləti quranlardan biriyəm. Mən Əli İnsanovun dövlətçiliyə xidmətindən danışsam, siz onun yanında cılız qalarsız. Mən Heydər Əliyevə kömək elədiyimə görə peşman olmamışam. O, xalqa, mən də ona lazım idim. Ümumiyyətlə etdiklərimin heç birinə görə peşman deyiləm”.

“Mən Brus Li, Məhəmməd Əliyəm?”

Daha sonra Əli İnsanov ədliyyə mayorunu vurması, protokolu cırması haqda ittihamda yazılanlara münasibət bildirib: “Mən atletəm ki, o boyda məsafədən tullanıb, Anarın əlindən protokolu alıb cırım, sonra da ona yumruq atım? Axı mən protokolu niyə cırım? Mən bilmirəm ki, onu cırsam, yenisini tərtib edəcəklər? Guya o qədər adamın içində hamının əlindən çıxıb Anar Məmmədovu itələmişəm. Anar Məmmədov canlı-cüssəli adamdır, iki-üç dəfə məndən böyükdür. Mən Brus Li, Cek Çan, Məhəmməd Əliyəm ki, onu həm yıxım, həm protokolu cırım, mənim zərbəmdən qapıya dəyib yıxılsın?”

“Əli İnsanov poqonumu cırdı, 35 gün müalicə olundum”

Daha sonra Anar Məmmədov zərərçəkmiş qismində ifadə verib. O bildirib ki, müəssisələrdə axtarış-baxış əməliyyatları rüblük keçirilir: “Biz müəssisədəki yataqxanalara baxış keçirdik. Sonra 10-15 metr məsafədə bağlı, boş bir otaq vardı, ora baxış keçirmək istədik. Müəssisənin əməkdaşlarından soruşduq ki, niyə bağlıdır qapısı? Məhkumlardan biri dedi ki, bura Anarındır. Biz müəssisə əməkdaşlarına tapşırdıq ki, məhkum Anar Təhməzovu çağırsınlar. Gəldi, dedi ki, orada həm onun, həm də Əli İnsanovun əşyaları var. Axtarışa başladıq. Dörd çanta var idi. Orada Anar dedi ki, ikisi onun, ikisi isə Əli İnsanovundur. Çantaların birinin içində yorğan vardı, onun arasından şüşə qab çıxdı, içində dərmanlar vardı. Bunları protokollaşdırdıq. Əli İnsanovu çağırmaq istədik, dedilər, vəkili ilə görüşdədi. Sonra Əli İnsanov rəisin otağının yanındakı boş otağa gətirildi. Bildirdi ki, əşyalar onundu, amma şüşə qabdakı dərmanlar ona məxsus deyil. Protokolu tərtib edəndə Əli İnsanov protokolu cırdı, məni itələdi, poqonuma əl atdı, cırdı. İtələyəndə başım taxta qapının tininə dəydi, huşumu itirib, yerə yıxıldım. 30-35 gün xəstəxanada müalicə aldım.”

“Əli İnsanov mübarizə aparmaq üçün yaşayır”

Əli İnsanov Anar Məmmədovun yalan danışdığını söyləyib: “Guya mən bunu vurdum. Ondan sonra rəis mənimlə bağlı göstəriş verdi ki, əlimə qandal vurub, karsa aparsınlar. Bu zaman Anar qarşımda dimdik dayanmışdı.

Yadınızda saxlayın ki, Əli İnsanov nə sınandı, nə də kiməsə baş əyəndi. Bilin, agah olun. Səlahiyyətli bir nəfər mənə bir ismarıc göndərdi ki, ehtiyatlı ol, sənə qarşı sui-qəsd olacaq. İsmarıcı göndərən adama çatdırdım ki, narahat olmasın, Əli İnsanov mübarizə aparmaq üçün yaşayır. Heç bir təhlükə, hətta ölüm belə, məni sındıra bilməz.

Mənə göndərilən dərmanlar 7 süzgəcdən keçirdi. Gündəlik istifadə elədiyim dərmanlar da gözümün qabağında olur.

Mənim olduğu iddia olunan şüşə qabda əl izimin olub-olmadığını müəyyənləşdirmək üçün niyə ekspertiza keçirilmədi? Niyə məndən qan analizi götürülmədi ki, mən o maddələrin istifadəçisiyəm, yoxsa yox? “

Əli İnsanovun əleyhinə ifadə verəndən sonra azadlığa buraxılıb

Daha sonra açarlı otağın sahibi olduğu iddia edilən Anar Təhməzov dindirilib. O bildirib ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il 6 ay həbs cəzası alıb: “Əli İnsanovla müəssisədə tanış olmuşam. Mənə təklif elədi ki, onun işlərini görüm, çayını qızdırım, dərmanlarını gətirim və s. Ayda da mənə 30 manat verəcəyini dedi. İmkanım olmadığına görə razılaşdım”.

O da adaşı Anar Məmmədovun dediklərinə bənzər ifadə verib. Dindirmə zamanı məlum olub ki, cəzasının başa çatmasına 1 il 7 ay qalmış Novruz bayramında əfv olunaraq, azadlığa buraxılıb.

Əli İnsanov: “Səni təbrik edirəm, azadlığa çıxmısan. Narahat olma, kef elə. Bir yerdə o qədər çörək yemişik ki… Hamısı halal xoşun olsun. Anar Təhməzov, o şüşə qabı ora kim qoymuşdu? Bəlkə elə səni həbsdən buraxmaq şərti ilə özünə qoydurublar ora?”

Anar Təhməzov: “Mən qoymamışam. Bilmirəm”.

Daha sonra Rövşən Salahov hal şahidi qismində ifadə verib. Bildirib ki, 2011-ci ildən həmin cəzaçəkmə müəssisəsindədir. O da Anar Təhməzovun dediklərinə uyğun ifadə verib.

“Üzümə duranların hamısı mükafatlandırılıb”

Əli İnsanov bildirib ki, onun üzünə dayanan, əleyhinə ifadə verənlərin hamısı hansısa şəkildə mükafatlandırılıb – ya həbsdən buraxılıb, ya da vəzifə verilib.

Əliyev Şünas da Rövşən Salahov kimi hal şahidi olub. Onunla ifadələri də eyni olub.

Ardınca Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş İdarəsində rejim rəisi Füzuli İsmayılov ifadə verib. Onun ifadəsi Anar Məmmədovla tam bənzər ifadə verib.

13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Azər Hacıyev də dindirilib. O bildirib ki, axtarış aparılanda Əli İnsanov onun otağında idi: “Bir gün əvvəl siqaretə görə məhkum Vüqar Babayevlə aralarında mübahisə olmuşdu, onu aydınlaşdırmaq üçün çağırmışdım”.

Müəssisə rəisi onu da əlavə edib ki, Anar Məmmədova xəsarət yetirəndən sonra Əli İnsanova 7 gün kars cəzası verilib.

Əli İnsanov: “Mən Azər Hacıyevə heç bir sual vermək istəmirəm. Çünki mənə qarşı qurulan bu oyunun əsas iştirakçılarından biri o idi”.

Müəssisənin nəzarətçisi Ramal Hüseynəliyev, məhkum Zöhrab Nəbiyev də dindirilib.

Məhkəmə aprelin 19-da davam edəcək.

azadliq.info

Bənzər yazılar

Back to top button