Siyasət

YAP-da kim yola salınacaq, kimlər qalacaq? – Partiya yenidən qurula bilər

İslahatlar növbəsi hakim Yeni Azərbaycan Partiyasına (YAP) çatıb.

Yenisabah.az xəbər verir ki, artıq bəzi YAP-çı deputatlar partiyanın yenilənməsinin zəruriliyi barədə ucadan danışmağa başlayıblar. Doğrudur, YAP-da islahatların həyata keçirilməsinin vacibliyindən partiyanın qurucularından olan keçmiş icra başçısı Musa Musayev aylar əvvəl danışmışdı. Lakin onda Musa Musayevə dəstək verən demək olar ki, olmadı. Yalnız bir neçə qocaman YAP-çı partiyadakı mövcud düzəni yüngül formada tənqid etməklə kifayətləndi.

Musa Musayev bəyan edirdi ki, partiyanın bütün rəhbər strukturlarında dəyişiklik edilməlidir. YAP-ın qurucularından olan keçmiş icra başçısının bu yanaşması təsadüfi deyildi. İlk gündən mərhum Heydər Əliyevin yanında olanlar, YAP-ın yaradılmasında fəallıq göstərənlər 2005-ci ildən sonra “vurulmağa” başlayıb. Əli İnsanov, Əli Nağıyev, Sirus Təbrizli, Musa Musayev, Əli Əlirzayev, Maksim Musayev və başqa qocaman YAP-çılar pərən-pərən salınmışdı. Bu şəxslərdən bəziləri məhz pariyada yaranmış atmosferə açıq etiraz etdiyinə görə kənara atılmışdı, bəziləri isə siyasi ambisiyaları üzündən arzuolunmaz şəxs elan edilmişdi.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti (AMEA) Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı qalmaqaldan sonra isə YAP-da islahatlar mövzusu daha açıq şəkildə müzakirə edilməyə başlayıb. Ramiz Mehdiyev hakim pariyada Siyasi Şuranın üzvüdür. Nəvəsinin toyunda Siyasi Şuranın başqa bir üzvü Abel Məhərrəmov və həmin vaxt YAP-da icra katibinin müavini postunu tutan və faktiki olaraq partiyanı idarə edənlərdən biri olan Siyavuş Novruzov da iştirak etmişdi.

Bu məsələ ictimailəşəndən sonra Siyavuş Novruzov partiyadakı postunu itirdi. Bu, kluarlarda YAP-da dəyişikliklərin anonsu kimi qiymətləndirilirdi. İndi deputat Elman Nəsirovun bu barədə ucadan danışması artıq düymətə basıldığını söyləməyə əsas verir.

YAP-da gözlənilən islahatlara gəlincə, pariyanın sədrinin dəyiəşəcəyi inandırıcı görünmür. Yada salaq ki, ölkə başçısı İlham Əliyev həm də hakim pariyanın sədridir. Onun 4 müavini var: Birinci vitse-prezident Mehriban Əliyeva, Baş nazirin müavini Əli Əhmədov, akademik Akif Əlizadə və Baş nazirin keçmiş müavini Əli Həsənov. Güman edilir ki, müavinlərdən biri – Əli Həsənov postunu itirə bilər. Akif Əlizadə də yaşa görə istirahətə göndərilə bilər. Lakin nəzərə alsaq ki, YAP-dakı dəyişikliklər həm də komandanın yenidən qurulması prinsipilə həyata keçirələcək o zaman Akif Əlizadənin hələ rəhbərlikdə saxlanılacağını söyləmək olar.

Daha çox dəyişikliyin İdarə Heyəti və Siyasi Şurada baş verəcəyi şübhəsizdir. Hazırda YAP-ın İdarə Heyətində 20, Siyası Şurada isə 84 nəfər təmsil olunur. Partiya sədri və onun müavinləri, eyni zamanda İdarə Heyətinin üzvləri həm də Siyasi Şurada təmsil olunur. Bu baxımdan düşünmək olar ki, İdarə Heyətindən çıxarılacaq partiya üzvü Siyasi Şurada da təmsilçiliyini itirə bilər. Lakin bu prinsip bəzi YAP-çılar üçün keçərli olmaya bilər. Yəni, mümkündür ki, İdarə Heyətində fəaliyyətinə son verilən hansısa YAP-çının Siyasi Şurada təmsilçiliyinə toxunulmasın. Yenə də bu, həmin şəxsin mövcud şərtlərə uyğun gəlib-gəlməməsindən asılı olaraq.

Mülahizələrə görə, Hacıbala Abutalıbov, Prezidentin keçmiş köməkçisi Əli Həsənov, Baş nazirin keçmiş müavini Əli Həsənov, AzTV-nin keçmiş rəhbəri Nizami Xudiyev, deputat Mixail Zabelin, Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva, deputat Siyavuş Novruzov, deputat Arif Rəhimzadə İdarə Heyətindəki təmsilçiliyini itirə bilər. Bu şəxslərdən Hacıbala Abutalıbovun Siyasi Şurada saxlanılacağı güman edilir. Digərləri isə bu qurumdan da çıxarıla bilər. Onlardan başqa Siyasi Şurada İsmət Abbasov, keçmiş rabitə naziri Əli Abbasov, Prezident Admnistrasiyasının keçmiş şöbə müdiri Fatma Abdullazadə, Elnur Aslanov, Mirkazım Kazımov, AMEA prezidenti Ramiz Mehdiyev, akademik Abel Məhərrəmov, Rafiq Məmmədhəsənov, keçmiş Baş nazir Novruz Məmmədov, keçmiş deputat Hadı Rəcəbli və Dilarə Seyidzadənin təmsilçiliyinə son verilə bilər.

Bunlar əlbəttə ki, ehtimallardır. Başqa bir mülahizəyə görə isə ümumiyyətlə YAP bir partiya kimi ləğv edilə onun bazasında yeni iqtidar partiyası yaradıla bilər.

Vidadi Məmmədov

Bənzər yazılar

Back to top button