AnalitikaManşetSağlamlıq

Koronavirus Azərbaycanda – 2020

Dr. Vasif İsmayıl.
Az. Tibb Universiteti
Onkologiya kafedrası assistenti

Giriş:

Çin Xalq Respublikasının Uhan şəhərində 2019-cu ilin son rübündə başlayıb tezliklə bütün dünyaya yayılan korona-virus (SARS-CoV-2) və onun yaratdığı xəstəlik (Coronavirusdisease-19) insanlıq tarixinin son onilliklərində görmədiyi və düşünməyə belə çətinlik çəkdiyi dəyişikliklərə səbəb oldu. Bu araşdırmanın məqsədi Sars-CoV-2 pandemiyası daxilində Azərbaycanda aparılan tədbirlərin və ümumi vəziyyəti qiymətləndirməkdir.

Araşdırmamız açıq mənbələrdən eyni zamanda sosial şəbəkələrdə gedən məlumatlar və şəxsi müşahidələr əsasında nəticə əldə edilməyə çalışılmışdır.

Nəticələr:

SARS-CoV-2

Keçən 2019-cu ilin Dekabr ayında Çində Hubey vilayəti Uhan şəhərində bəzi mənbələr dəniz məhsulları bazarından meydana çıxdığı düşünülən səbəbi məlum olmayan pnevmoniya xəstəliyinin yayıldığını bildirdilər. Artıq 7 Yanvar, 2020-ci il tarixində bunu yeni növ koronovirus (SARS-CoV-2) olduğu aşkar edildi və 30 Yanvar 2020-ci il tarixində isə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)-u Beynəlxalq Təhlükəli Xalq Sağlığı Məsələsi (PublicHealthEmergency of InternationalConcern) elan etdi.

20 Yanvarda ÜST-nınbu xəstəlik haqqında ilk raportunda ancaq 4 ölkədə ümumi 282 yoluxan olduğu bildirilirdisə.

30 yanvarda artıq 4 qitədə yoluxmuş insan qeydə alınmışdı.

20 İyul 2020 isə virus artıq planetimizin bütün ölkələrində aşkar olmuşdu.

Pandemiyası zamanı ölkələrin aldığı tədbirlər

İlk yoluxmuş qrupların araşdırılması zamanı SARS-CoV-2 üçün çoxalma indeksi (reproductionnumber) 1-dən yüksək (2.24-3.58) hesablandı (S. Zhao, Q. Lin, J. Ran, S.S. Musa, G. Yang, W. Wang, et al.,, 2020). Bu xəstəliyin çox sürətlə yayılacağı mənasına gəlirdi. SARS-CoV-2 üçün ölüm faizi müxtəlif şərtlərdən ötrü dəyişkənlik göstərsə də, ilkin olaraq 2.2% olaraq hesablandı (M. Bassetti, A. Vena, D. Roberto Giacobbe, 2020). Bundan əvvəlki SARS və MERS virusları üçün ölüm faizi 15-35% arasında hesablanmışdı.

Hava-damcı yolu ilə yayılan koronavirus xəstəlikləri ilə mübarizədə təbabətin əlində heç bir effektiv dərman preparatı və eləcə də peyvənd mövcud deyildir. İndiyə qədər partlayış göstərmiş SARS və MERS ancaq ümumi müalicə tədbirləri və karantin ilə ortadan qaldırıla bilmişdi. SARS-CoV-2 məsələsində də – vaxt qazanmaq, bu zaman ərzində virusu daha yaxşı öyrənib sürətlə dərman və peyvənd hazırlamaq üçün – yeganə karantin üsulu seçildi.

Karantin tədbirləri ümumi olaraq kütləvi və fərdi olaraq bölünə bilər. Kütləvi tədbirlərin əsas qayəsi insanlar arasında təmas nisbətinin azaldılması, hətta minimuma endirilməsidir.

Təmas nisbətinin və əhali sıxlığının azaldılmasının ən təsirli yolu praktik olaraq ərzaq və dərman təmini, eləcə də ictimaiyyətin təxirəsalınmaz ehtiyaclarını ödəmək üçün məhdud iş yerlərinin fəaliyyəti xaricində cəmiyyətin bütün sahələrini bağlamaqdır. Buna ingilis dilində “lockdown” deyilir və Azərbaycan dilinə “Tam təcrid” kimi tərcümə edilə bilər.

Tam təcrid- Minimal ehtiyaclardan başqa bütün sahələrdə işlər dayandırılır.

Mümkün olduqda on-lineiş rejiminə keçilir.

Təhsildə on-line iş rejiminə keçirilir.

Bütün nəqliyyat vasitələrinin fəaliyyəti dayandırılır.

Ölkə sərhədləri bağlanır.

Yoluxmuş şəxslər, şübhəlilər xəstəxana və ya xüsusi ayrılmış yerlərdə təcrid edilirlər.

Nisbi təcrid – Sosial məsafəni saxlamaq şərti ilə iş yerləri açılır.

Açıq və qapalı sahələrdə insanların toplaşmasına məhdudiyyətlər gətirilir.

On-line iş rejimi mümkün olan sahələrdə rejim qorunur.

Nəqliyyat sistemi sosial məsafə qaydalarına uyğunlaşdırılaraq fəaliyyətinə davam edir.

Ölkə sərhədləri müəyyən şərtlər daxilində açılır.

Yoluxmuş şəxslər, şübhəlilər ciddi şikayətləri olmadığı müddətdə evdə özünü təcrid edirlər.

Beynəlxalq səfərlərdə son 48 saatda aparılmış SARS-CoV-2 anticismləri sınağı şərt qoşulur.

Əlbəttə siyahıda göstərilməsə də əllərin və ortaq istifadə edilən səthlərin, məskanların müntəzəm dezinfeksiyası istənilən təcrid rejimində mütləq şərtdir. Amma mütləq şərt kimi olmasa da, məsləhət görülən və bəzə ölkələrin qanun çərçivəsində tələb qoyduğu nisbi təcrid tədbirlərinin biri də əhalinin ictimai yerlərdə üz maskalarından istifadə etməsidir.

Epidemiyanın başladığı Çində, daha sonra isə epidemiyanın tüğyan etməyə başladığı Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Türkiyə, Rusiya, İtaliya, Fransa və Almaniyada bir müddət tam təcrid tətbiq edildi.

Burada mübahisə doğuran İsveç təcrübəsidə maraqlıdır, belə ki, bu ölkə təcrid üsullarında imtina edib yalnız əhaliyə sosial məsafəni saxlamağa tövsiyə edirdi. Bu ölkədə yüksək yoluxma və ölüm hallarını müzakirə edəndə İsveç rəsmiləri deyirdilər ki, dərman ki, yoxdur, demək hamı xəstələnəcək, təcrid üsulları tətbiq edilən ölkələrdə isə bu bir az gec baş verəcək, bunun müqabilində İsveç iqtisadiyyatı ən az zərər görəcək.

Aparılan tam təcrid siyasəti əlbəttə xəstəliyin yayılmasınıdayandırmayacaqdı, ancaq yayılma sürətini aşağı salaraq xəstəxanaların doluluq nisbətinə nəzarət, səhiyyə sisteminin gücləndirilməsi üçün zaman qazandırırdı.

Hadisələrin gedişi Tam tədric siyasətinin uğurlu olduğunu göstərirdi. Belə ki, yuxarıda adı çəkilən ölkələrin görülən Tam təcrid siyasəti nəticəsində yoluxmuş insan sayında artım görməmişdir.

Azərbaycanda epidemiyanın başlanğıcı

Azərbaycanda olmuş ilk SARS-CoV-2 yoluxmuş şəxs haqqında məlumat 26 Fevral tarixində Gürcüstan tərəfindən elan edildi. Gürcüstan Səhiyyə naziri YekaterinaTikaradze Azərbaycanda üzərindən taksi ilə İrandan gələn 50 yaşlı Gürcüstan vətəndaşı kişinin yoluxucu xəstəliklər şöbəsinə yatırıldığını və onda virus testinin müsbət olduğunu bildirdi.

Artiq 27 fevralda pandemiyaya qarşı ölkəmizdə Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargan (OQ) yaradıldı, və ertəsi gün OQ Azərbaycanda qeydə alınmış ilk SARS-CoV-2 yoluxmuş şəxs haqqında məlumat bildirdi. Aparılan sınaqlar nəticəsində SARS-CoV-2 virusu təsdiqlənmiş, amma müalicə başlamadan xəstələrin biriitirilmişdir.

Azərbaycanda virusun intensiv yayıldığı ilk günlərdən aydın oldu ki, milli səhiyyə sistemi xəstəliyə qarşı mübarizə üçün hazır deyil. Xəstəxana çarpayıları, fərdi mühafizə vasitələri, dərmanlar, tibbi avadanlıq çatışmırdı. Təcili yardım xidməti xəstələrin artan axınının öhdəsindən gələbilmirdi. Ancaq 2020-ci ilin may ayına qədər bu problemlərin bir çoxu həll edildi.

Pandemiya Azərbaycanda siyasi vəziyyətə də öz təsirini göstərdi. Belə ki, 20 Mart 2020-ci ildə ölkə başçısı İlham Əliyev müxalifətin təxribatlar törədə biləcəyini və əhali arasında çaxnaşma yarada biləcəyini təxmin etmişdir və onları təcrid etmək lazım ola biləcəyini söyləmişdir. Nəticədə 30-a yaxın müxalifət nümayəndəsini əsasən “karantin rejimini pozduğuna görə” həbs etdirildi.

Azərbaycanda tam təcrid qərarı gecikdimi?

Görülən ilk tədbirlər:

Nazirlər kabineti İran ilə ölkə sərhədlərini 29 Fevral saat 16:00-dan etibarən məhdudlaşdırıcı rejim əsasında bağlanmasına qərar verdi. Bu sırada Azərbaycanda gündəlik qeydə alınmış yoluxmuş insan sayı nəfər idi.

Gürcüstan ilə sərhədlər isə yalniz 14 Mart tarixində bağlı elan edildi. Bu sırada Azərbaycanda gündəlik qeydə alınmış yoluxmuş insan sayı 4 nəfər idi.

Bundan bir gün əvvəl 13 Mart tarixində isə Nazirlər Kabineti qərarı ilə ölkədə xüsusi rejim tətbiq edilərək nisbi təcrid başladıldı.Bu sırada Azərbaycanda qeydə alınmış aktiv yoluxmuş insan sayı 11 nəfər idi.

22 Mart tarixində iri ticarət mərkəzlərin bağlanması haqqında qərar verildi. Bu sırada Azərbaycanda qeydə alınmış aktiv yoluxmuş insan sayı 53, gündəlik qeydə alınmış yoluxmuş insan sayı 12 nəfər idi .

30 Mart tarixində isə “evdə qal”, yəni Tam təcrid haqqında qərar verildi. Bu sırada Azərbaycanda qeydə alınmış , nəfər idi .

Qonşu Ermənistanda tam təcrid qərarı alındığı zaman qeydə alınmış aktiv yoluxmuş insan sayı 249, gündəlik qeydə alınmış yoluxmuş insan sayı 14 nəfər idi (24 Mart)

Qonşu Gürcüstanda tam təcrid qərarı alındığı zaman qeydə alınmış aktiv yoluxmuş insan sayı 110, gündəlik qeydə alınmış yoluxmuş insan sayı 7idi (31 Mart)

Burada bir tendensiya aşkar şəkildə seçilir: hər üç Cənubi Qafqaz ölkəsi ilk siqnallar təsdiqləndikdən sonra təcili şəkildə sərhədləri bağlayan qərarlar versə də, tam təcrid qərarını 1 ay sonra qəbul ediblər. Məsələn İtaliyada Tam təcrid – 9 Martda, İranda – 14 Martda, Ukrainada- 17 Martda, Alnaniyada və Britaniyada – 23 Martda qəbul edilib.

Cənubi Qafqazda Tam təcridin müqayisəli nəticələri də maraqlıdır. Belə ki (nisbi əhali əmsalı tətbiqindən sonra) Azərbaycanda aktıv yoluxmuş insan sayı – 273, Gürcüstanda – 275, Ermənistanda isə – 747-dir(hər ölkədə tam təcrid qərarı verilən günkü rəqəmlərdir).

Görünür, Tam təcrid qərarının verilməsində Azərbaycan və Gürcüstan vaxtında davrandığını, Ermənistanın isə gecikdiyini söyləmək olar.

Virusa yoluxmuş insanları necə müalicə edirdilər?

Dünyada Corona-19-un necə və nə ilə müalicə ediləcəyini heç kəs bilmirdi, buna görə də birinci dalğada ölkədə virusa yoluxmuş insanlar demək olar ki, öz taleyinə buraxıldı. Bəzi klinikalarda yoluxanlara yalnız parasetamol(ağrıkəsici, temperatursalıcıvə zəif anti-iltihab dərmanı) verilirdi. Virus ağciyərləri zədələməyə başladıqda, xəstələr ağ ciyərlərin süni tənəffüs cihazlarına (STA) qoşulurdılar. Əslində virusa qarşı müalicə vasitələri yox idi, bu halda həkimlər bədəndə virusun mövcudluğunun nəticələri ilə mübarizə aparmağa başladılar. Həkimlər xəstəliyi daha dərindən araşdırdıqları zaman virusun bədəndə xəstənin həyati funksiyalarına maneə törədən bir immun hücumu doğurduğunu, bundan əlavə, virusun ölümlə nəticələnən geniş tromboza səbəb olduğunu bildirdi. Müvafiq olaraq, həkimlər bütün dünyada olduğu kimi Azərbaycanda da xəstələrə immunosupressantlar və antikoaqulyantlar yazırdılar).

Müalicə prosesində iştirak etmək üçün yalnız ölkənin virusoloqları deyil, həm də müxtəlif profilli həkimlər cəlb edilmiş, belə həkimlərin əməkhaqqıları bir neçə dəfə artırılmışdı. Bir çox həkimlər yoluxmuş şəxslərinmüalicəsinə könüllü şəkildə qoşulurdu. Təəssüf ki, koronovirusa qarşı fədakar mübarizə zamanı 34 həkim dünyasını dəyişib.

Azərbaycanda epidemiyası ilə əlaqədar Tam təcrid dövrü

31 Mart tarixində Azərbaycanda ümummilli karantin elan edildi. İnsanlardan həyati xidmətlər (ərzaq, dərman tədarükü, təcili tibbi yardım və s.) istisna olmaqla şəxsi evlərdə, mənzillərdə, daimi və ya müvəqqəti yaşayış yerlərində 20 Aprelə qədər qalmaq tələb olundu.

Bu sırada Azərbaycanda qeydə alınmış aktiv yoluxmuş insan sayı 369, gündəlik qeydə alınmış yoluxmuş insan sayı 41 nəfər idi. (https://www.worldometers.info, 2020).

Bundan sonra İyulun 27 qədər Karantinin gah sərtləşməsinin gah da yumşalmasının şahidi olduq.

27 Apreldə müəyyən fərdi iş və xidmət sahələrinin fəaliyyətinə icazə verildi.

18 May tarixində Tam təcrid rejimi başa çatdı.

31 May tarixindən etibarən iri ticarət mərkəzlərinin fəaliyyəti qismən bərpa olundu.

06 İyun – 08 İyun və 14 İyun – 16 İyun tarixləri arasında (həftə sonu) Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda təxirəsalınmaz xidmətlər istisna olmaqla bütün sahələrdə hərəkət məhdudiyyəti (küçəyə çıxma qadağası) tətbiq edildi.

5 İyul – 5 Avqust tarixləri arasında ölkədə yenə təcrid rejiminə keçildi.

29 İyul – Milli məclis karatin qaydalarınin pozulmasına görə cərimələri iki dəfə artırdı. Bundan sonra fiziki şəxslər 100 manat ($60) məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.

Azərbaycanda gündəlik yoluxma sayı qrafiki

Qrafikdən göründüyü kimi

Hər məhdudlaşdırıcı tədbirdən 7-14 gün sonra gündəlik yoluxma sayında artım, daha 10-11 gün sonra ciddi azalma görülür

Məhdudiyyət hər yumşaldığında 10-11 gündə gündəlik yoluxmada artım, daha 7-8 gün sonra yeni bir artım görülür

Gündəlik yoluxmada hər artım sonrasında 1-4 günlük azalma ilə dalğavarı xarakter göstərir

Gündəlik yoluxma sayında dalğalanma görünsə də, aktiv yoluxmuş insan sayında stabil artım müşahidə edilir

Təcrid siyasəti nə qədər təsirli oldu?

Azərbaycanda aktiv yoluxmuş insan sayı incələndiyi zaman 2 zirvə: 13 Aprel-də – 847 və 15 İyulda – 8 652 nəfər ilə keçilmişdir. Gündəlik yoluxmuş insan sayında 17 May tarixində nisbi təcridə keçildiyi zaman isə sabit artış tendensiyası görülür. Bu tarixdən əvvəlki dövrdə tam təcrid icra edildiyini nəzərə alarsaq, gündəlik yoluxma sayında artım maraqlıdır.

Şəkil: Bakıda təcrid dövründə ictimai nəqliyyatdan görüntü. Mənbə “Facebook” sosial şəbəkəsi, Altay Göyüşovun profili, tarix 2 İyun. (https://www.facebook.com/altaygoyushov/photos/a.358761690999100/1545274315681159)

Əgər bu yeni xəstəliyə qarşı dərman kimi vasitələrimiz yoxdursa və müraciət etdiyimiz Tam təcrid təsirli deyilsə, karantin niyə icra edilir?!

Ortaya çıxan suallar bunlardır:

Niyə Tam təcrid bəzi ölkələrdə təsirli olduğu halda Azərbaycanda Tam təcridə baxmayaraq, gündəlik yoluxma sayında artış gördük?
Niyə bəzi ölkələrdə nisbi təcrid belə təsirli olduğu halda Azərbaycanda tam təcrid dövrü belə gündəlik yoluxma sayında artımla müşahidə edildi?
SARS-CoV-2 virusu ötürülməsində təcrid ümumiyyətlə təsirli bir metoddurmu?

SARS-CoV-2 ötürülməsində iqlim, havanın hərarəti, rütubəti kimi müxtəlif faktorlar araşdırılsa da, ən çox üzərində durulan məqamlar sosial məsafə və üz maskalarının istifadəsidir. Əslində tam təcridin fəlsəfəsi də təsirli sosial məsafə əldə etməkdir.

Sosial məsafə və üz maskalarının, gözləri örtən sipərlərin yoluxma üzərindəki təsiri haqqında DerekChu və yoldaşlarının 27 İyunda “Lancet” jurnalında dərc etdikləri məqalədə SARS, MERS və SARS-CoV-2 koronavirus ailəsi üçün sosial məsafənin 1 metrdən uzaq tutulması, üz maskaları və gözlərin sipərlə qorunmasının yoluxma riskini dəfələrlə azaldığı müəyyən edilmişdir.

Sosial məsafənin pozulduğu əsasən qapalı məkanlardır! ABŞ-nınXəstəliklərinYayılmasına Nəzarət və Önlənməsi mərkəzi (CentersforDiseaseControl and Prevention – CDC) nəqliyyatda yoluxmanın önlənməsi üçün əllərin nəqliyyatdan istifadə etmədən əvvəl 60%-lik spirt məhlulu ilə təmizlənməsi, maska taxılması və ən az 2 metr məsafə saxlanılmasının riskləri azaltmaq üçün şiddətlə tövsiyə edildiyini bildirir.

May ayının əvvəlindən etibarən, hələ nisbi təcrid siyasəti icrasından əvvəl yoluxma hallarındakı artımın 27 Apreldə verilən SMS ilə icazələrin 2 saatdan 3 saata qədər uzadılmasını göstərmək olar. Əvvəlki icazə müddəti olan 2 saatda insanların ictimai nəqliyyatdan istifadəsi vaxt yetməzliyindən daha çətin idi. Ancaq icazə müddəti 3 saata qədər uzadıldıqdan sonra əhali ictimai nəqliyyatdan daha çox istifadə etdiyi səbəb kimi göstərilə bilər. Sözsüz ki, böyük marketlər, bank qarşısındakı növbələr, eləcə də yas mərasimləri də müəyyən rol oynamışdır.Əhalinin böyük bir hissəsi rəsmi məlumata inanmır və ümumiyyətlə virusun mövcudluğunu inkar edirdi.

Bakı rayonları üzrə rəqəmlər maraq kəsb edir.

Beləki, şəhərin mərkəzi, daha varlı və savadlı əhalinin yaşadığı rayonlarda virusa yoluxanların sayıdaha azdır.

Bakı rayonları üzrə yoluxanların sayi

12,8 % Sabunçu,

12,7 % Yasamal,

12 % isəBinəqədi

11,3 % Xətai,

11,2 % Nəsimi,

9,6 % Nərimanov,

9,1 % isə Suraxanı

6,9 % Nizami,

6,8 % Qaradağ,

4,5 % Xəzər,

2,8 % Səbail

Pirallahı- 0,3%..

Azərbaycanda təcrid dövründə əhalinin uyumu haqqında digər maraqlı məqama isə Dövlət Statistika Komitəsinin saytında rast gəlmək olar. Verilən rəqəmlərə görə 2020-ci ilin ilk 6 ayında 2019-cu ilin eyni dönəminə nisbətən əczaçılıq məhsulları və tibbi ləvazimat satışından gəlirdə 134.5% artım, avtomobil benzini və dizel yanacağı üçün isə 99.8% dəyişiklik görülmüşdür. Azərbaycanda Mart ayından etibarən kifayət qədər uzun müddət yanacaq qiymətlərində azalma olduğunu nəzərə alsaq, əslində yanacaq istifadəsində də artımın olduğunu anlamaq olar (BBC Azərbaycanca, 2020)

Sadalanan faktlar Azərbaycanda əslində təcrid qaydalarına əhalinin uyumunun az olmasının gündəlik yoluxma və nəticədə aktiv yoluxmuş xəstə sayında artımda rolu olduğunu düşünməyə əsas verir.

Covid-19 pandemiyasının gələcəyi haqqında bəzi düşüncələr

SARS-CoV-2 virusu bütün dünyaya yayılmışdır və ölkələrin ayrılıqda bu vəziyyətdən qurtulması artıq mümkün deyildir. Pandemiyadan çıxış üçün ancaq aşağıdakı real senariyalar mümkündür:

SARS-COV-2 üçün təsirli virusəleyhinə preparatın kəşfi
SARS-CoV-2 üçün təsirli immun sistem vasitələrinin (peyvənd və anticismlər) hazırlanması.
Təbii qazanılmış immunitetin formalaşması.

Virusların müalicəsində mövcud olan müalicə preparatlarını viruslara xas olan və olmayan deyə 2 yerə bölmək mümkündür. Təbabət tarixində indiyə qədər HİV (Спид), Herpes virusu (HSV), Hepatit B və C virusu (HBV və HCV), İnfluenza A və B viruslarına xas nisbətən təsirli preparatlar hazırlana bilmişdir.

Eyni zamanda viruslarla müalicədə ümumi, virusun özünə xas olmayan virusəleyhinə preparatlar da mövcuddur Ancaq indiyə qədər koronovirus ailəsinə qarşı onlara xas təsirli preparat hələ də məlum deyildir.

ABŞ-daki Milken institutunun 3 Ayqust üçün verdiyi məlumata əsasən virusəleyhinə preparat üçün cəmi 31 namizəd mövcuddur, amma onların heç biri üçün klinik çalışmalar hələ bitməmişdir və hazırda istifadə edilə bilməzlər (Milken Institute, 2020).

İmmun sistem vasitələrindən artıq yoluxmuş və xəstəlik simptomları özünü göstərən insanlar üçün ya hazır anticismlər, ya da xəstələnib sağalmış insanın qan zərdabı istifadə oluna bilər. Yenə Milken institutunun məlumatına əsasən hazırda 81 anticism namizədi üzərində iş gedir və heç biri klinik istifadə üçün hazır deyildir.

Peyvəndlər ətrafında isə gedən məsələlər daha maraqlıdır. ÜST-nin verdiyi məlumata əsasən 31 İyul, 2020-ci il tarixinə qədər 26 peyvənd namizədi vardır və bunlardan ancaq 6-sı klinik çalışmaların son mərhələsi olan 3-cü faza keçmişdir (World health organisation, 2020). Bunlardan 2-sinin 2020-ci ilin sonlarına, digərlərinin isə 2021-ci ildə hazır olacağı güman edilir.

“Microsoft” şirkətinin rəhbəri, kasıb ölkələrin vətəndaşları üçün pulsuz peyvəndləşdirmə layihələrinə külli miqdarda pul ayıran filantrop BillQeytsin dediyinə görə “varlı ölkələr” üçün koronovirus pandemiyası 2021-ci ilin sonlarına doğru sonlanacaqdır” (Cnet, 2020).

Virusun təbii qazanılmış immunitet ilə təhlükəsinin azaldılması senariyası ən qorxulu haldır. Buradakı əsas məqamlar təbii immunitetin qazanılması üçün ən yaxşı halda dünya əhalisinin 2%-ininitirillməsi, eləcə də təkrar yoluxma ehtimalı ilə itkilərin dəfələrlə artmasıdır. Burada 2% ehtimalının ancaq yaxşı səhiyyə sistemi olan ölkələr üçün qüvvədə olduğunu, kasıb üçüncü dünya ölkələri üçün bu rəqəmin dəfələrlə çox olacağını da nəzərə almaq lazımdır.

Azərbaycandakı mövcud vəziyyət

22 avqust 2020-ci il tarixində Azərbaycanda (10 milyon nəfər əhali) koronovirus infeksiyasına yoluxma ilə bağlı 35 105 fakt aşkar edilmişdir. 22 avqust tarixində bir gün ərzində 184 nəfər yoluxmuş; cəmi ölənlərin sayı – 515; sağalanlar -32 842; Aktiv xəstələrin sayı-1748 olmuşdur. (Bütün dünyada COVID-19 pandemiyası 800 min insanın ölümünə səbəb oldu).

İqtisadi və sosial vəziyyət

Pandemiya və karantin Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərib.

Dövlət Statistika Komitəsinin məlumatına görə karantin tədbirləri nəticəsində 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanda ÜDM-in azalması 2,7% təşkil edib.

Pandemiyaya qarşı mübarizə tədbirlərinin maliyyə dəstəyinin təmin edilməsi üçün hökumət tərəfindən “Koronovirusa Qarşı Mübarizə Fondu” yaradıldı, ölkə vətəndaşları və hüquqi şəxslər tərəfindən həmin fonda təqribən 86 milyon manata ianə edildi. Toplanmış vəsait lazımi tibbi avadanlığın alınması üçün sərf edildi. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbəri Zaur Əliyevin bəyanatına əsasən koronovirusa qarşı mübarizə tədbirləri də dövlət büdcəsindən – səhiyyə üçün nəzərdə tutulan vəsaitdən maliyyələşdirilir. Hər bir koronovirus xəstəsinin bir günlük müalicəsi 80-150 manat (54-90 dollar) təşkil edir. Ölkədə hər gün 5 minə yaxın test edilir. https://www.kavkaz-uzel.eu/articles/349282/

Pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirinin aradan qaldırılması üçün dövlət büdcəsindən bir milyard manat vəsait ayrılmışdır. Ümumilikdə, Azərbaycanda koronovirusa qarşı mübarizə büdcəsi 1,1 milyard manatdan çoxdur. Ölkənin 600 minə yaxın vətəndaşı karantin tədbirlərinin gəlirlərinə vurduğu ziyan üzündən maliyyə yardımı alıb. Belə yardımın ümumi məbləği 333 milyon manat təşkil etmişdir. (EDNews.net). Lakin bu qərarın tənqidçiləri yardımın karantin tədbirlərindən əziyyət çəkənlərin əhəmiyyətli sayını əhatə etmədiyini iddia edirlər, çünki ölkədə belə insanlar 1,5-2 milyondan çoxdur.

Qeyd edək ki, müstəqil yerli ekspertlər tərəfindən hökumətin virusa qarşı mübarizə siyasətinin sərt tənqid edilməsinə baxmayaraq ÜST-nin nümayəndələri hökumətin virus ilə mübarizə tədbirlərini qənaətbəxş hesab edib. Bununla yanaşı, ÜST-nin koronovirusa qarşı mübarizə üzrə siyasəti və tövsiyələri həm dünyada, həm də ölkəmizdə daim tənqid olunub. Nə vaxt və necə karantini tətbiq etmək, maskaları taxmaq və ya taxmamaq, virusa yoluxanların müalicəsini necə aparmaq olar – bütün bu məsələlər üzrə ÜST-nin rəhbərliyi bir-birinə zidd olan tövsiyələri verirdi.

İkinci yoluxma dalğasının payızda gözlənilir

ÜST-nın proqnozuna görə payızda koronovirus infeksiyasının artması gözlənilir. Bu vəziyyətdə ÜST bu xəstəliyə qarşı mübarizə üçün yeni tədbirlər təklif edəcəkdir. ÜST gələcəkdə bütün ölkə daxilində deyil müəyyən bölgələrdə karantin tətbiq etməyi və sosial məsafəyə riayət etməklə xəstəliyə qarşı mübarizəni daha ehtiyatlı bir şəkildə davam etdirməyi tövsiyə edir. Azərbaycan səhiyyə sistemi əhəmiyyətli dərəcədə gücləndirilməlidir və infeksiyanın birinci dalğasında əldə olunan təcrübə diqqətlə öyrənilməli və infeksiyanın ikinci dalğasına hazır olmaq üçün praktikada tətbiq olunmalıdır.

Nəhayət

Dövrü elmi və kütləvi mətbuatın, eləcə də sosial şəbəkələrin incələnməsi sırasında aşağıdakılar qənaət olaraq formalaşmaqdadır:

Bütün dünyadapandemiya ilə mübarizədə uğur göstəriciləri müxtəlifdir.
Pandemiya ilə mübarizədə uğurun göstəriciləri (gündəlik yoluxma və aktiv yoluxmuş insan sayı) cəmiyyətin sosial məsafə, tam və ya nisbi təcrid qaydalarına uyumu ilə düz mütənasibdir.
Azərbaycanda tam təcrid siyasəti yoluxma sayına ciddi müsbət təsir göstərə bilmişdir.
Azərbaycanda ilk nisbi təcridə keçid dövrü sosial məsafə qaydalarının pozulması halları ucbatından uğursuzluqlanəticələnmişdir
Nisbi təcridə keçişdə ilk təcrübədən çıxarılan dərslər yenidən yumşaldılma siyasətinin icrasında mütləq nəzərə alınmalıdır.
Covid-19 pandemiyasının sonlanması üçün bu gün ən ağlabatan vasitə fəal immunizasiya, yəni peyvəndlərin tətbiqidir
Təsirli peyvənd tətbiqi olmadan dünyadapandemiyası HİV, HBV, HSV və s. üçün olduğu kimi davam edəcəkdir.

Nəticə

Elmi və kütləvi dövri nəşrlərdən, eləcə də sosial şəbəkələrdən topladığımız məlumatlar bizə aşağıdakı nəticələrə gəlməyə imkan verir:

* Azərbaycanda səhiyyə sistemi genişlənməkdə olan qloballaşma prosesi ilə əlaqədar təkrarlana biləcək bu cür pandemiyalara hazır olmaq üçün gücləndirilməlidir.

* Covid-19 pandemiyasını aradan qaldırmaq üçün aktiv immunizasiya, yəni əhalinin ümumi vaksinasiyası ən ağıllı üsul ola bilər.

* Azərbaycanda səhiyyə sistemi genişlənməkdə olan qloballaşma prosesi ilə əlaqədar təkrarlana biləcək bu cür pandemiyalara hazır olmaq üçün gücləndirilməlidir.

* Covid-19 pandemiyasını aradan qaldırmaq üçün aktiv immunizasiya, yəni əhalinin ümumi vaksinasiyası ən ağıllı üsul ola bilər.

Çoxalma İndeksi ( Reproductiveindex – R0)- Bu, qısa olaraq xəstəlik törədicinin olduğu mühitdə yoluxacaq insan sayıdır. Məsələn, nəqliyyat vasitəsində 1 xəstəlik daşıyıcısının olduğunu nəzərə alsaq, 10 dəqiqəlik yolçuluq sonrasında avtobusdan 6 yeni yoluxmuş insan enəcəksə, kobud olaraq R indeksi 6 olaraq hesablana bilər (M. J. Keeling, B. T. Grenfell, 2000). (Turan)

Bənzər yazılar

Back to top button