Hadisə

Mülkiyyət hüquqlarını müdafiə edən gənci həbs etdilər

“Azərbaycanda İnsan Hüquqlarının Müdafiəsinə Yardım” İctimai Birliyinin təsisçilərindən biri olan Cəfərov Saqi Pənah oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Buna səbəb S.Cəfərovun Bakı şəhəri Yasamal rayonu Nərimanov prospektində mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı təşkil edilən etiraz aksiyasında iştirak etməsi olub.

Belə ki, etiraz aksiyasının keçirilməsinə səbəb Bakı şəhəri Yasamal rayonunun “Sovetski” adlanan ərazisində yaşayan təxminən 10500 ailənin köçürülməsi prosesində qanunsuzluqların baş verməsidir. Saxlanılarkən Saqi Cəfərovun əməkdaşımıza deməsinə görə, köçürülmə prosesində əhaliyə verilən kompensasiyanın miqdarı, tarixi abidələrin sökülməsi və köçmək istəməyən ailələrin polis zorakılığı ilə evlərindən çıxarılmaları əhalinin narazılığına səbəb olmuşdur. Bununla əlaqədar olaraq o, aksiya yerinə gəlmiş, orada olan sakinlərlə söhbət edərkən polislər tərəfindən saxlanılaraq Polis Bölməsinə gətirilmişdir. Polis Bölməsində onun üzərinə baxış keçirilmiş və üzərindən müxalifət partiyasının üzvü olmasına dair vəsiqə aşkar edilmişdir. Həmin vəsiqə aşkar edildikdən sonra polislər ona “sən müxalifətçisən, əhalini sən qızışdırırsan” deyərək onunla kobud rəftar etməyə başlayıblar. Bundan sonra adını bilmədiyi polis mayoru onun barəsində protokol tərtib etməyə başlayıb.

Məlumat üçün bildirək ki, “Sovetski”də söküntülər Bakının Baş Planına uyğun olaraq 2013-cü ilin sonlarından başlanıb. 2013-cü il dekabrın 12-də Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Hacıbala Abutalıbov bununla bağlı sərəncam imzalayıb. Ümumilikdə “Sovetski”də 10500-dək təsərrüfat qeydə alınıb. Onlardan 82 faizi, yəni 8600 təsərrüfatda ölçü və qiymətləndirmə işləri yekunlaşıb. 2320 mülk sahibi ilə alqı-satqı aparılıb. Birinci mərhələdə Nərimanov heykəlinin ətrafından Hüseyn Cavid parkına qədər ərazi tam boşaldılıb. Orada paytaxt üçün əhəmiyyətli avtomobil yolunun tikintisinə başlanılıb. Köçürülmə işləri 6 mərhələ üzrə davam etdirilir. 2015-ci il büdcəsində “Sovetski”də köçürülmə işlərinə 180 milyon manat ayrılıb.

Hüquq müdafiəçisi Saqi Cəfərov əməkdaşmıza bildirib ki, köçürülmə prosesindən narazı qalan sakinlərin məhkəməyə müraciət etmək hüquqları olsa da, hökumət orqanları buna imkan vermir: “Belə ki, evlərindən çıxmaq istəməyən vətəndaşlara polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilir və onlar zorla evlərindən çıxarılır. Biz bu hallara qarşıyıq. Əgər vətəndaşlar mülkiyyət hüquqlarının qorunması üçün məhkəməyə müraciət etmək hüququna malikdirlərsə, onda buna şərait yaratmaq lazımdır. Azərbaycan Konstitusiyasına görə mülkiyyət hüququ toxunulmazdır. Lakin, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və polis əməkdaşları vətəndaşların bu hüququnu tanımır və onları qanunsuz olaraq mülkiyyətlərindən məhrum edirlər. Odur ki, hüquq müdafiəmiləri bu kimi hallara qarşı öz etirazımızı bildirdik və bu məqsədlə sakinlərlə birlikdə aksiya təşkil etdik. Təəssüf ki, etiraz aksiyamız polis zorakılığı ilə dağıdıldı”.

Günün sonunda redaksiyamıza daxil olan məlumata əsasən Cəfərov Saqi Pənah oğlu məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Bənzər yazılar

Back to top button