Cəfərovlar ailəsinə təzyiqlər davam edir

by Aztoday Xəbər Portalı

Son zamanlar gənc fəallar Cəfərov Nicat Pənah oğlu, Cəfərov Saqi Pənah oğlu və onların anaları Cəfərova Ceyran Əvəz qızının hüquq mühafizə orqanları tərfindən müxtəlif formada təzyiqlərə məruz qalmaları Qeyri Hökumət Təşkilatlarını (QHT) narahat edib. İnsan hüquqları üzrə ixtisaslaşmış bir qrup QHT Cəfərovlar ailəsinin təqib edilmələrinə etiraz əlaməti olaraq bəyanat yayıb.

Bəyanatda bildirilir ki, beynəlxalq təşkilatların və ölkə ictimaiyyətinin Azərbaycanda çox sayda siyasi məhbusların olması ilə bağlı narahatlıq ifadə etdikləri, onların azadlığa buraxılması istiqamətində ciddi tələblər irəli sürdükləri və siyasi məhbus probleminin həll olunacağı gözləntilərinin olduğu indiki məqamda hakimiyyət orqanlarının fərqli düşünən, öz fikirlərini azad ifadə edən, siyasi fəallığı ilə seçilən iki gəncə və onların himəyəsində yaşayan Ceyran Cəfərovaya təzyiqlər etməsi qanuni prinsiplərlə bərabər, həm də əxlaqi dəyərlərə ziddir: “Siyasi və ictimai fəalların, jurnalistlərin, hüquq müdafiəçilərinin, ümumiyyətlə, fərqli fikir sahiblərinin valideynlərinin təzyiqlərə məruz qalması isə cəmiyyət üçün xüsusilə təhlükəlidir. Cəfərov Nicat Pənah oğlu və Cəfərov Saqi Pənah oğlunun fərqli fikirlərinə görə polis və məhkəmə orqanları tərəfindən tez-tez həbs olunmaları, yüksək məbləğdə cərimə edilmələri, azad yaşayış hüquqlarının pozulması, anaları Ceyran Cəfərovanın hüquq-mühafizə orqanları tərəfindən tez-tez narahat edilməsi Azərbaycanda hökumət rəsmilərinin demokratik dəyərlərə sadiq olmaları barədə fikirlərini təkzib edir”.

Bəyanat müəllifləri hesab edir ki, demokratik ölkələr və insan hüquqları təşkilatları tələb etməlidirlər ki, Azərbaycan fundamental azadlıqlara sayğı göstərsin, vətəndaş cəmiyyətinin azad işləməsinə icazə versin, siyasi fəalları və onların qohumlarını təqib etməkdən çəkinsin.

Qeyri Hökumət Təşkilatları hakimiyyətin Cəfərovlar ailəsinə qarşı qanunazidd, ölkədə hüquqi nihilizm yaradan, cəmiyyəti vətəndaş qarşıdurmasına sürükləyən, dövlətimizin beynəlxalq nüfuzuna zərbə vuran davranışlarını qətiyyətlə pisləyir və hökuməti bu davranışlara son qoymağa çağırır.

Məlumat üçün qeyd edək ki, Cəfərov Nicat Pənah oğlu və Cəfərov Saqi Pənah oğlu bir neçə dəfə polis zorakılığına məruz qalıblar. Eyni zamanda etiraz aksiyalarında iştirak etdikləri üçün məhkəmə qərarı ilə həbs ediliblər. Anaları Ceyran Cəfərova isə polis orqanlarına çağrılaraq onda oğlanlarının əleyhinə izahat almağa cəhd ediblər. Cəfərov qardaşları eyni zamanda «Azərbaycanda İnsan Hüquqlarının Müdafiəsinə Yardım» İctimai Birliyini təsis ediblər.

Bənzər Yazılar