AnalitikaDünyaManşet

Son 23 ildə Ermənistandan gizli yollarla 10 milyard dollar çıxarılıb

Erməni yazar Samvel Ovannesyan Robert-Serj rejimini və indiki hakimiyyəti biabır elədi

Ermənistanda mövcud olan acınacaqlı vəziyyətin pandemiya səbəbi ilə daha da bərbad duruma düşməsi barədə təkcə bizim media deyil, vaxtaşırı ermənilərin özləri də yazırlar.

AzToday.az xəbər verir ki, Samvel Ovannesyan adlı müəllifin 3 avqust tarixində “Armenianreport.am”da yer alan “Kasıb Ermənistan” yazısı əsl reallığın tam çılpaqlığı ilə əks olunması baxımından əhəmiyyət daşıdığı üçün həmin yazının tərcüməsini oxuculara təqdim edirik.

“Kasıb Ermənistan”

Ermənistandan çıxarılan bu 10 milyard dolların hər biri səndən və məndən qoparılan puldur

Artur Vanetsyanın Ermənistan hakimiyyətinə qarşı ittihamları, dünyadakı erməni və Azərbaycan diasporaları arasındakı toqquşmalar, Tavuşdakı atışmanın nəticələrinin aradan qaldırılması və koronavirusa qarşı mübarizə ilə bağlı xəbərlər arasında bir məlumat diqqətdən kənarda qalıb.

Yerevanda «Transparency International» Beynəlxalq Mərkəzinin (TIAC) araşdırmasının nəticələri olan “1997-2020-ci illərdə Ermənistan Respublikasında özəlləşdirmə və xarici investisiyalar” mövzusunda təqdimatın da baş tutduğu onlayn açıq ictimai müzakirə keçirilib. Tədbirdə ölkədə şəffaflığın olmaması, Ermənistanın Rusiya investisiyalarından həddən çox asılılığı barədə müzakirələr aparılıb. Müzakirələr zamanı tədbirdə çox diqqətçəkici rəqəmlər səsləndirilib.

“Global Financial Integrity” analitik şirkətinin məlumatına görə, 1997-ci ildən bəri Ermənistandan 10 milyard dollardan çox pul çıxarılıb.

Bu rəqəmin nədən ibarət olduğunu başa düşürsünüz? Müqayisə üçün deyim, 2019-cu ilin büdcəsi 1 trilyon 496 milyard dram idi. Bu, təxminən 3,116 milyard dollardır.

Ermənistan nə qədər itirib? Üç illik dövlət büdcəsi qədər vəsaiti! İndi biz tamam başqa cür, müqayisəsiz olaraq daha yüksək keyfiyyətli həyat şəraitində yaşaya bilərdik!

Əvvəla, bütün ölkədən çıxarılan əmlak, məncə, iki hissəyə bölünməlidir: 1) qeyri-qanuni yolla əldə edilmiş – oliqarxların talan etdiyi sərvətlər və 2) adi vətəndaşların çıxardığı əmlaklar.

Çox güman ki, Hayk Marutyan (İrəvanın indiki meri nəzərdə tutulur) yalnız çıxışlarında Ermənistan xalqının “qaralara” və “ağlara” bölürdü, əslində hər şey, əlbəttə ki, çox daha mürəkkəbdir. Məsələn, bəzi sahibkarlar ilkin kapitalı tamamilə qanuni bir şəkildə toplaya bilmədilər, ancaq sonra “məskunlaşdılar”, vergi ödəməyə başladılar, ancaq bir gün Ermənistanda imkanların az olduğunu hiss etdilər və qaçmağa qərar verdilər. Onun gəlirini əmək və ya qeyri-əmək gəlirlərinə aid etmək olduqca problemlidir.

“Məxməri” inqilabdan sonra pulların çıxarılmasının daha bir dalğası müşahidə edildi. Əvvəllər oğurlanan kapital, heç olmasa, ölkə daxilində “işləyirdisə”, indi başqa bir sıra dövlətlərdə dövr edir.

Bu və ya digər şəkildə, Ermənistandan pul çıxarıldı: həm quldurların pulu, həm də qarət olunanların pulu.

Əvvəlcə bu pullar Robert Köçəryan və Serj Sarkisyana yaxın olanlar tərəfindən “offşor” zonalara aparıldı, orta səviyyəli iş adamları Rusiya və Gürcüstana pul çıxardılar, müəssisələrini orada açdılar. Həm də “ideya” sahibi olan sahibkarlar vardı. Onlar vergi, hüquq-mühafizə, məhkəmə sistemindəki özbaşınalıqları görərək, özlərini, övladlarını və müxtəlif səviyyələrdə olan qazanclarını regional məmurlar arasında “knyazlıqların telefon qanunları”nın deyil, qanunların işlədiyi ölkələrə aparmağı üstün tutdular.

Bu da mücərrəd pul deyil. Bu pul müəssisələrə yatırıla bilərdi və indi filiz yataqları və balıq zavodları ölkəsi deyil, kifayət qədər inkişaf etmiş bir istehsal sektoruna malik olan sənayenin inkişaf etmiş bir ölkəsi olardıq. İndi vilayətlərdə belə dəhşətli işsizlik olmazdı.

Bu pul tibb sahəsinə yatırıla bilərdi və o zaman “COVID-19” pandemiyasına bu qədər hazırlıqsız yaxalanmazdıq. Avadanlıqlarımız, xəstəxanalarımız olardı…

Kim bilir, bəlkə də hər hansı bir növ peyvəndi də biz kəşf edə bilərdik! Ermənistanın ucqar regionlarında doğum evlərinin necə bağlandığını xatırlayaq – niyə? Çünki pul yoxdur.

Eyni səbəbdən övladlarımız yararsız məktəblərdə oxuyublar və hələ də təhsil almağa davam edirlər – hətta təhsil naziri Arayik Harutyunyan da problemi etiraf edib.

Eyni səbəbdən, ali təhsil müəssisələrində gənclərə köhnəlmiş proqramlar üzrə tədris keçilir – bir dəfə Nikol Paşinyan istehza ilə qeyd etdi ki, “tələbə oxuduğu illər ərzində işləyəcəyi predmeti heç görməyib”.

Eyni səbəbdən, əsgərlərimiz 2016-cı ilin aprelində köhnəlmiş silahlarla döyüşməyə məcbur oldu.

Eyni səbəbdən, cəzaçəkmə müəssisələrimizdə məhbuslar dərman çatışmadığı üçün öldülər. İnanın, həbsxanadakıların hamısı qatı quldurlar deyil və necə deyərlər, həbsdən və puldan imtina edə bilməzsən.

Eyni səbəbdən ərazilərimizin abadlaşdırılması və Sevanın (Göyçə gölü nəzərdə tutulur) təmizlənməsi, keyfiyyətli su təchizatı və kanalizasiya üçün pulumuz yoxdur.

Eyni səbəbdən ucqar kəndlərimizin sakinləri dünyanın digər yerlərindən kənarda qaldıqlarını hiss edirlər – ya nəqliyyat nizamsızdır, ya da yollar dəhşətli vəziyyətdədir.

Eyni səbəbdən, Ermənistanın şimalında hələ 1988-ci il zəlzələsinin fəsadları aradan qaldırılmayıb, baxmayaraq ki, bu məbləğin dörddə biri Gümrü, Spitak, Vanadzorda yeni evlərin tikilməsində istifadə oluna bilərdi.

Eyni səbəbdən, hər il, əslində, alçaldıcı “Hayastan” marafonunu keçirmək, infrastruktur layihələri üçün diaspordan pul yığmaq məcburiyyətindəyik.

Bütün bunlar hər birimizin pulu əlimizdən alınaraq ölkədən çıxarıldığı üçün baş verdi…

Dağılmış yollarla gedən, layiqli tibbi yardım ala bilməyən, övladlarını təhsil almağa göndərməyə heç bir yeri olmayan insanlar və ya ali təhsil müəssisəni bitirdikdən sonra heç kimə lazım olmadığını başa düşən uşaqlar nə edəcəklər? Onlar mütləq ölkəni tərk etmək haqqında düşünəcəklər.

Əslində bütün proses bu şəkildə oldu. Həm də hər birimizdən xeyli miqdarda pulun oğurlandığı bizə pis təsir etmir, eyni zamanda insanları – istedadlı, zəhmətkeş, ölkədə işləyə, övlad böyüdə və lazım gələrsə, döyüşə bilən vətəndaşlarımızı “oğurladıqları” üçün məyusluq keçiririk.

1990-cı illərdə başlayan demokratik dəyişikliklər kriminal oliqarxik rejim tərəfindən məhdudlaşdırılmasa, hər şey tamamilə fərqli ola bilərdi.

Paşinyan və hökuməti ölkəmizə bu mənfi təsirləri ən azı qismən zərərsizləşdirə biləcəkmi? Bu barədə hələ danışmaq çətindir, təəssüf ki, həm pullar, həm də insanların Ermənistanı tərk etməsi davam etməkdədir.

Tərcumə etdi: Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button