AnalitikaManşet

Brüssel Qarabağ məsələsində Stalinin təsirini yenidən yaradır

İyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin moderatorluğu ilə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü danışıqların həlledici mərhələsi adlandırılıb. Gündəlik altı komponentə yönəlib: suverenlik və ərazi bütövlüyü, sərhədlərin delimitasiyası, əlaqə, humanitar təchizat, hüquq və təhlükəsizlik, həmçinin məhbuslar.

Mişelin liderlərin sülh prosesinə sadiqliyini yüksək qiymətləndirməsinə və onları daha cəsarətli addımlara çağırmasına baxmayaraq, ötən ilin oktyabrında Praqa görüşündən bəri cüzi irəliləyiş əldə edilib. Praqada Paşinyan mövcud sərhədlərin tanındığı 1991-ci il Alma-Ata bəyannaməsi əsasında Qarabağın erməni əhalisinin məskunlaşdığı ərazi də daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanımağa razılıq verib. Lakin Brüsseldə gündəliyin altı bəndindən heç biri üzrə əhəmiyyətli irəliləyiş olmayıb, bəzi parametrlər isə daha da pisləşib. Bunlara Azərbaycanla Ermənistan arasında, əsasən də Laçın dəhlizində sərhəd məhdudiyyətlərinin gücləndirilməsi, hərbi əsirlərlə bağlı problemlərin qalması, sərhədin delimitasiyası və sülh müqaviləsinin bağlanmasında irəliləyişin olmaması, həmçinin Qarabağda hərbi insidentlərin artması daxildir.

Faktlar danışıqlar prosesində durğunluğu göstərir, hər iki tərəf öz maraqlarından irəli gələrək sülhü həvəssiz təbliğ edirlər. Azərbaycan Qarabağın erməni əhalinin məskunlaşmış ərazisinə ayrıca status verməkdən imtina edir, Ermənistan isə bu ərazinin Azərbaycandan qoparmağa ümid edir. Görünür, Avropa İttifaqı Mişelin bəyanatında göstərildiyi kimi, 1923-cü ildə Stalinin yaratdığı Dağlıq Qarabağ Muxtar Vilayətinin əvvəlki statusunu qəbul etdirməyə çalışaraq Qarabağın erməni əhalinin məskunlaşmış ərazisini potensial vaxt bombası kimi saxlamağa çalışır. Bu, Mişelin bəyanatındakı “DQMV” ifadəsindən aydın görünür.

Əksinə, Rusiya Xarici İşlər Nazirliyinin Brüsseldəki görüşlə eyni gündə yaydığı bəyanatda DQMV-nin adı çəkilmir. Bunun əvəzinə, 9 noyabr 2020-ci il tarixli bəyanatın əsasında Qarabağda ermənilərin hüquq və təhlükəsizliyinə zəmanət verilməsinin vacibliyi vurğulanır. Moskva Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını qeyd edir ki, bu da onun bildirdiyinə görə, bəyanatın imzalanma şərtlərini, həmçinin Rusiya sülhməramlı kontingentinin statusunu dəyişdirib.

Rusiya XİN bəyan edir ki, Qarabağda erməni əhalinin taleyinə görə məsuliyyət artıq üçüncü tərəfin üzərinə qoyulmamalıdır. Bu, ondan xəbər verir ki, artıq nə Moskva, nə Brüssel, nə də hər hansı digər vasitəçi paytaxtlar regiondakı vəziyyətə görə məsuliyyət daşımırlar və danışıqlar prosesi ilk növbədə Xankəndi və Bakının daxili işi olmalıdır.

Bu hadisələrin fonunda Rusiya Dağlıq Qarabağda normal vəziyyətin bərpası üzrə beynəlxalq səylərə fəal kömək etmək niyyətini ifadə edir. Rusiya hökuməti sülh müqaviləsi üzrə danışıqlar da daxil olmaqla, sazişlərin icrasının gedişatını yüksək səviyyədə müzakirə etmək üçün yaxın vaxtlarda Moskvada xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçirilməsini təklif edir. Sözügedən sənədin imzalanması üçün Moskvada Rusiya-Azərbaycan-Ermənistan sammitinin çağırılması təklif olunur.

Bu, onu göstərir ki, Kreml payıza planlaşdırılan iki Avropa görüşünün nəticələrini gözləmək istəmir. Lakin Qərblə qlobal qarşıdurmanı nəzərə alsaq, Moskvanın Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına nail olub-olmayacağı bəlli deyil. Ermənistan Fransanın ermənilərlə həmrəy olmasına dair son bəyanatlarına və Avropa Şurasın prezidentinin “DQMV” terminini xatırlamasına arxalanaraq prosesi uzatmağa davam edə bilər. Avropanın son hərəkətləri Ermənistanın ehtiyatlı yanaşmasına müəyyən bəraət qazandırır.

Mehman Əliyev

Turan.az

Bənzər yazılar

Back to top button