Dünya

Dünya miqyasında tanınmış türkoloq: “Əcnəbi əsgərlərin ölkədə olmasına qarşı ən güclü etirazı yazıçılar, alimlər etməlidir”

Professor Kamil Vəli Nərimanoğlu Turan İnformasiya Agentliyinin suallarını cavablandırdı

Turan: Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatının 85-ci ilində də insanların onun xatirəsini necə əziz tutduqlarına bir daha şahid olduq. Söhbətimizə buradan başlayaq…

Kamil Vəli: Səhər mən də eyvana çıxıb böyük lider Mustafa Kamal Atatürkün xatirəsini 1 dəqiqəlik sükutla yad etdim, gözlərim yaşardı. Atatürkün həyatda olduğunu varlığımla hiss etdim.

Turan: 85 il əvvəl dünyadan köçən Atatürkü heç kimə məcburən sevdirmirlər. Onu sevənlərin heç bir təmənnası yoxdur. Diktator ölkələrdə isə vətəndaşları kimlərisə sevməyə məcbur edirlər. Müqayisə aparsanız, nə demək istərdiniz?

Kamil Vəli: Cəmiyyət həyatında kütlədən fərqlənmiş insanlar dünyadan gedəndən sonra da hörmətlə xatırlanırlar. Öz cəmiyyətinin yanında olmuş, özlərini cəmiyyətdən yuxarıda görməyən insanlar həmişə yaşayır. Mən Türkiyəni 1960-cı illərdən izləyirəm. Əmimin radiosu vardı, Türkiyəyə qulaq asırdı. Türkcə danışığı da ilk dəfə o radiodan dinləyəndə əmimdən soruşmuşdum ki, bu, hansı dildir? Demişdi ki, türk dilidir, biz də türk olduğumuza görə öz dilimizdir. “Rekord” radiosundan saatlarla Türkiyəyə qulaq asmaq əmimin genindən gəlirdi. Əmim Cəbrayılın ən yaxşı mühasibi idi, başı çox bəlalar görmüşdü. Tez-tez Atatürkün adını çəkərdi. Anam deyərdi ki, mən məktəbdə oxuyanda toylarda “Xoş gəlişlər ola, Mustafa Kamal Paşa” mahnısına oynayardım. Sonra mahnı kimi qadağan qoyulsa da, oyun havası kimi qaldı. Bizim yaddaşımızda Atatürk qadağan edilsə də, həmişə müqəddəs ad olub. Daha sonra tələbə ikən Atatürk barədə ən dərin söhbətləri bizə Əbülfəz Elçibəy edərdi. O, Atatürkü özünəməxsus şəkildə bizə başa salarkən saatlarla qulaq asardıq. Elçibəy üçün Atatürk təkcə Anadolunun və Türkiyənin deyil, Türk dünyasının xilaskarı idi. Mən o kontekstdə Atatürk şərhləri görməmişdim. Elçibəy bizə deyirdi ki, Atatürkü oxumasanız, dünyanı dərk edə bilməyəcəksiniz, Mehmet Akif Ersoyu oxumasanız, ədəbiyyatı anlaya bilməyəcəksiniz. Şəxsi həyatında xoşbəxt ola bilməyən Mustafa Kamal Atatürk ictimai həyatında ən xoşbəxt adamdır. Yaratdığı Cümhuriyyətə cəmiyyət sahib çıxır, onun övladı Türkiyə Cümhuriyyətidir. Müasir dövrdə Atatürk Türk dünyasının da atasıdır. Radikal dinçilərin, icma mənsublarının onun əleyhinə haqsız danışmaları məni narahat edir, kədərləndirir. Halbuki, Atatürk batan bir dövlətin küllərindən müasir respublika yaradıb. O, cəmiyyətə ağılla düşünməyi tövsiyə edib, türk dilini əcnəbi kəlmələrdən böyük ölçüdə təmizləyərək daha da gücləndirib. Türk Dil Qurumunu, Türk Tarix Qurumunu yaratması onun uzaqgörənliyinin əsərləridir. Təəssüf edirəm ki, indi bu qurumlar çox zəif hala gətirilib. Halbuki, o qurumlar Türk dünyası üçün də çox vacibdir. Onun ənənələrini davam etdirməliyik. Bizim həmişə Atatürkü təkrar-təkrar oxumağa ehtiyacımız olacaq. Çünki Atatürkçülük Leninizm, Marksizm deyil, cəmiyyətin tələblərinə həmişə cavab verən bir təlimdir. Müasir texnologiya ilə mədəniyyətin, elmin vəhdətidir. Sizi inandırıram ki, Atatürk təkcə Türkiyə üçün yox, dünyanın bütün məzlum xalqları üçün bir ümid yeridir. Mən onun fikirlərini həmişə canlı sistem kimi qəbul edirəm.Allah rəhmət etsin.

Turan: Türk Dil Qurumu və Türk Tarix Qurumunun adlarını çəkdiniz. Atatürk həm özünün sərvətindən, həm də İş Bankının fondundan o iki quruma daimi maddi dəstək verilməsini qanuni hala gətirib. Atatürkün bir mühüm xüsusiyyəti də həmişə ziyalılarla, yazıçılarla, alimlərlə məşvərətlər aparmasıyla birgə mədəniyyətin inkişafını dəstəkləməsi olub. O, süfrəsinə dəvət etdiyi yazıçılara heç vaxt yuxarıdan baxmayıb, siyasətçi həmkarlarıyla fikir mübadiləsini çox mühüm hesab edib. Azərbaycanın bu sahədəki vəziyyətini Atatürk dövrünün Türkiyəsilə müqayisə edəndə tragikomediya görürük: Yaradıcı insanların əksəriyyəti kölə halına gətirilib, yaradıcılıq təşkilatları gülünc vəziyyətdədir, kitab çapı və satışı sahəsində ölkə dünyada ən axırıncı yerlərin birindədir. Bütün bunlarla bağlı nə demək istəyərdiniz?

Kamil Vəli: Azərbaycanda normal məntiqlə dərk edilə bilməyəcək bir xaos var. Yazırlar, pozurlar. Ancaq Təhsil Nazirliyinə verilən tədqiqat institutlarının taleyi necə oldu? Bunu bilən yoxdur. Məncə, bunu Akademiyanın rəhbərliyi də bilmir, məncə, prezident də bilmir (gülür). Çünki o xaosun içində Azərbaycan öz yönünü itirib, dünya standartlarıyla getməyib. Sizin dediyiniz Yazıçılar İttifaqı və Akademiya öz ömürlərini başa vurublar. Bunlar sovetlərin yaratdığı qurumlar idi. İndi Azərbaycan müstəqil dövlətdir. Onda niyə dünya standartlarında işlər görülmür? Bakıdan gələn bir alimdən soruşmuşdum ki, 80 yaşındakı adamı Akademiyaya necə prezident təyin etdiniz? Cavabı: “80 yox, 79 yaşındadır” (gülür). O ki qaldı Yazıçılar İttifaqına, əvvəla, Mədəniyyət Nazirliyindən maaş alan bir təşkilatın adı Yazıçılar İttifaqı ola bilməz. İkincisi isə oranı öz şirkətləri kimi işlədən bir neçə nəfərin işi bina kirayəyə vermək, prezident təqaüdü alıb yaltaqlara paylamaqdan ibarətdir. Lazımsız dərgilərə ətək-ətək pul xərclənir. Mahir Mehdi, Aqşin Yenisey, Kəramət kimi istedadlı qələm sahibləri öz qruplarını yaradıb orada diskussiyalar təşkil etsinlər. Onların qazanc yeri yazdıqları kitablardır. Yazıçılar İttifaqı hər şeyi siyasətin əmrinə verib, hər şeydən azad fikirli yazıçılara təzyiq vasitəsi kimi istifadə edilir. Dünən Mariya Zaxarova dedi ki, rus ordusu “sülhməramlı” adı altında Qarabağda qalacaq. Buna heç bir yazıçı, heç bir alim etiraz etmirsə, o yazıçı, alim kimə lazımdır? Bu, Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, Əli Kərim, Xəlil Rza əxlaqına ziddir. Mənim üçün torpağımın tam azadlığı hər şeydən üstündür. Yenə rus əsgərləri gələcəksə, yenə rus çəkmələrinin səsini eşidəcəyiksə, onda biz azad deyilik. Buna həlledici etirazı yazıçılar, alimlər etməlidir. Rusiya hökumətinin sözünü deyən qələm sahibi bu millətin yazıçısı ola bilməz. Çingiz Hüseynov, İsa Hüseynov, Sabir Əhmədov, Əkrəm Əylisli kimi yazıçılar lazımdır. Əli Kərim, Məmməd İsmayıl, Vaqif Cəbrayılzadə kimi şairlər lazımdır. Mən burada kateqoriyalaşma aparmıram, fikirlərimi deyirəm.Yaxşı yadımdadır ki, Əkrəm Əylislinin vaxtında “Azərbaycan” jurnalını satışda tapmaq mümkün olmurdu. Məmməd İsmayılın 300 min tirajlı “Gənclik-Molodost” jurnalları fenomen idi. İctimai fikir evlərdə də inkişaf edirdi, çox yaxşı müzakirələr olurdu. Küçələrdə, auditoriyalarda, çayxanalarda fikir mübadilələrinin səviyyəsi çox yüksək idi. Mirzə Ələkbər Sabir və Cəlil Məmmədquluzadədən sonra bizim ədəbiyyatımızın azad fikir simvolları Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq idi. 1950-ci illərin ortalarından yeni dirçəliş başladı və 1960-cı illərdə davam etdi. Mən Çingiz Hüseynovun, İsa Hüseynovun, Sabir Əhmədovun, İsi Məlikzadənin, Anarın adlarını çəkməyi özümə borc bilirəm. Ancaq bu gün müstəqillik dövrünə və əqidəsinə uyğun gələn ədəbiyyat yoxdur. Dünən arzu və həsəd olan bu hisslər müstəqillik dövründə həqiqətə çevrilə bilmədi. Bu baxımdan yanaşanda bizim gənclərimiz var. Mən konkret adlar çəkmək istəmirəm. Ancaq onların yolu bağlıdır. Həm dövlət siyasəti bağlayır, həm də dövlət siyasətinin nökərə çevirdiyi qurumlar bağlayır. Türkiyədə müxtəlif dünyagörüşlərə sahib yazıçıların yaratdığı bir neçə qurum var. Türkiyədə heç kimə dövlət təqaüdü verilmir. Burada qələm sahibləri, fırça sahibləri, yaradıcı insanların hamısı hökumətlərdən milli gəlirin ədalətli bölüşdürülməsini tələb edirlər ki, oxucular kitab, kolleksiyaçılar tablo ala bilsinlər. Bu baxımdan Azərbaycanda köləlik sistemi yaradılıb və bunun əsas günahkarı yazıçılar, alimlər, aktyorlar-aktrisalar, müğənnilərdir. Azərbaycanı idarə edənlər anlamırlar ki, dünyada yaltaqlıqdan iyrənc şey ola bilməz və yaltaqlar üçün kimə yaltaqlanmalarının heç bir fərqi yoxdur. Onları əbədi nəzarət altında saxlamaq mümkün olmayacaq. Dövlətə xidmət namus kimidir, onu şəxsiyyətə yaltaqlıq halına gətirmək millətə vurulan ən böyük ziyandır.Yaşı doxsanı keçmiş insanlar hansı məntiqlə prezidentə yaltaqlanırlar? Azərbaycanda maşınla məhəllə-məhəllə gəzərək kitab satılması mənim xoşuma gəldi. Dövləti idarə edənlər bu ibrətamiz örnəyi görüb adambaşına düşən milli gəliri bir an əvvəl artırmalıdır ki, kitab alan təbəqə pul xərcləyə bilsin. Çünki evlərə nə qədər çox kitab getsə, narkomaniyanın da qabağı alınar. Müasir düşüncə məhz kitabla yetişir. Azmış beyinləri xilas etməyin yolu kitab və mətbuat oxumaqdan keçir. Mən bunu vətənimiz üçün ürək ağrısıyla deyirəm. Azərbaycan birinci növbədə öz müstəqilliyini qorumaqla yanaşı, idarəçilər ölkəyə haqq-ədalət gətirməlidirlər. Ağıl tarazlığı yerində olmayan “dəli inəklər”ə orden-medal verməklə ölkə inkişaf etdirmək olmaz. Biz öz fikirlərimizi deməyə davam edəcəyik.

Bənzər yazılar

Back to top button