Mədəniyyət

Çingiz Abdullayevin qafasını qarışdıran nədir? – Etimad Başkeçid

Şair Etimad Başkeçid Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayevin ölkədəki rus məktəblərinin bağlanmasına çağıran yerli millətçiləri tənqid etməsinə cavab verib.

Qaynarinfo həmin yazını təqdim edir:

“Əziz dostlar, gözəl insanlar! Dünyada hər şeyi məntiqə bağlamaqdan da böyük məntiqsizlik yoxdur. Xüsusən də bu, bir gözü kor, bir qulağı kar, taytıya-taytıya ortalıqda dolaşan məntiqdirsə. “Xalq yazıçısı” Çingiz Abdullayevin rus dili, rus məktəbləri, erməni əsilli Rusiya jurnalistləri və s. ilə bağlı yeddi dərədən su gətirən açıqlamasını oxuyanda, adamın ağlına yalnız bu fikirlər gəlir. Həşəmətli sənətkar Çingiz Abdullayev buyurur ki: Rusiya kanallarında Kurqinyan, Sarkisov, Şahnazarov, Poqosyan, Keosayan kimi aparıcı junalistlər çıxış edir. Mənə onların lobbisi haqqında boş-boş şeylər danışmayın. Onlar rus dilində əla danışan ağıllı, bacarıqlı, istedadlı admlardır. Bizdə isə yel əsib, yengələr oynayır. Türklər demiş, orası öylə də…

Hazırda Azərbaycanda 300-dən çox orta ümumtəhsil məktəbi, 38 orta ixtisas təhsil müəssisəsi, bir çox yerli ali təhsil ocaqlarında (10-da çox) tədris rus dilində aparılır. Ölkəmizdə rusdilli təhsil müəssisələrində çalışan müəllimlərin assosiasiyası fəaliyyət göstərir. 2009-cu ildə Azərbaycanda, postsovet məkanında ilk dəfə, “Rus kitabı evi” açılıb, özünü də Rusiya prezidenti administrasiyasının rəhbəri açıb. Burada çoxlu digər faktlar da gətirmək olar, amma gəlin, mətləbdən uzaqlaşmayaq. Gələk Rusiyanın vazkeçilməz müttəfiqi, könül həmdəmi və «forpostu» Ermənistanın üzərinə. 1993-cü ildə Ermənistanın qəbul etdiyi dil qanununa uyğun olaraq, bu ölkədə rus dilində təhsil verən bir dövlət məktəbi belə yoxdur. Damazlıq üçün də yoxdur yəni. Rus dilində təhsil almaq istəyən xarici ölkə vətəndaşları üçün bütün Ermənistanda 38 məktəbdə “rus sinifləri” var, vəssalam. Amma burada da, yalnız bəzi fənnlər rus dilində keçilir. Amma bu rusdilli siniflərdə oxumağın da şərti var – uşağın atası və ya anası erməni olmamalıdır, yaxud valideynlərindən biri MDB ölkələrindən birinin vətəndaşı olmalıdır. Yəni atası da, anası da erməni olan uşağı rus dilində təhsil verən sinfə götürmürlər. Bu da sizə təhsil azadlığı!

Yeri gəlmişkən, Ermənistanda urusbaşlı adamlar qayıran Slavyan universiteti də yoxdur, Rusiya-Ermənistan Universiteti var. Yadımdadır, mən Bakı Slavyan Universitetində işləyəndə, tez-tez universitet rəhbərliyindən donoslar yazırdılar bizim urusbaşlılar. Yazırdılar ki, bura Slavyan (oxu: rus) universiteti olduğu halda, niyə burada Türkiyə Mərkəzi və ya tutalım, türkiyəşünaslıq ixtisasları açılır? Bu qədər yəni! İndi, əziz dostlar, burdan nə qənaət hasil olur?

Bu qənaət hasil olur ki, Rusiya telekanallarında sayrışan, qeyri-rus kökənli danışan başların kəmiyyət və keyfiyyət göstəriciləri heç də ayrı-ayrı respublikalarda rus dilinə məhəbbətdən və rusdilli məktəblərin çoxluğundan asılı deyil. Bəlkə də, tam tərsinə – mənə bircə ixtisaslaşmış məktəb verin, rus idli, tarixi, mədəniyyəti və s. üzrə elə mütəxxəssislər yetişdirim ki, dövlətin butun diplomatik, mədəni ehtiyaclrını ödəsin. Amma Azərbaycan xalqının ödədiyi vergilər və dövlət vəsaiti hesabına başqa dövlətin dilində bütöv bir təhsil sistemi qurmaq və bundan yalnız zərər görmək ağıl karıdırmı? Buna görə bizə quruca «sağ ol» deyən varmı? Gecə-gündüz demədən, əyri-üyrü yollarla, Ermənistana “tikinti materialı” daşıyanların vecinədirmi belə şeylər?

Deyil! Bəlkə Rusiya telekanallarında meydan sulayan erməni əsillilərin çoxluğunu şərtləndirən amilləri tamam başqa yerlərdə axtarmaq lazımdır və onlardan biri də, onların Çingiz Abdullayev kimi cahanşümul, adamların qafasını qarışdıran, kələfini dolaşdıran yazıçılarının olmamasıdır? Yeri gəlmişkən, Ermənistanın cəmi-cümlətanı üç xalq yazıçısı var ki, onlardan biri və axırıncısı 1935-ci ildə dünyasını dəyişmiş Aleksandr Şirvanzadə həm də Azərbaycanın xalq yazıçısıdır…”

Qeyd edək ki, Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev “Facebook” profili vasitəsilə ölkədəki rus məktəblərinin bağlanmasına çağıran yerli fəalları tənqid edib. O bildirib ki, Rusiya mediasında erməni soyadlı jurnalistlər üstünlük təşkil edir və bu, lobbi fəaliyyətinin nəticəsi deyil: “Onlar rus dilində səlis danışan ağıllı, intellektual və istedadlı insanlardır”.

Bənzər yazılar

Back to top button