HadisəSiyasət

Gənclər “Əsgər ölümlərinə son!” aksiyasını keçirib

Fəal gənclərdən bir neçəsi saxlanılıb

1994-cü il doğumlu əsgər Ceyhun Qubadovun ölümünə etiraz olaraq gənclər Bakıda “Əsgər ölümlərinə son!” adlı etiraz aksiyası keçirib. Aksiya yeri olan Fəvvarələr Meydanı, R.Behbudov, Nizami küçəsi və Xaqani bağına gənclər, əsgər valideynləri və partiya nümayəndələrinin iştirak etdiyi insanlar toplaşıb. İştirakçıların əsas şüarları “Əsgərimiz ölməsin, ordu morqa dönməsin!”, “Ali Baş Komadan, bizə cavab ver!”, “Bəsdir yalan danışmaq!”, “Əsgər ölümünə son!” olub.

Aksiyaya başlanğıcda müdaxilə olmasa da, şüarlar səsləndikdən sonra polis iştirakçılardan ərazini tərk etməyi tələb edib. Aksiya iştirakçıları polis, çevik polis alayı və mülki geyimlilər tərəfindən sıxışdırılıb və iştirakçılardan bəziləri saxlanılıb.

Aksiya zamanı Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı, Nida Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Turqut Qəmbər, Rəşad Həsənov, Müsavat Gənclər Təşkilatının üzvü Ayxan Hacıbəyli, AXCP üzvləri Babək Həsənov, Nicat Cəfərov və Renat Nəcəfli də polis tərəfindən saxlanılıblar. Aksiyada iştirak edənlərdən Saqi Cəfərov isə polisin kobud rəftarı ilə üzləşib.

Polis aksiyaya toplaşanları bir neçə dəfə dağıtmaq istəyib, lakin sonda mühasirəyə almaqla iştirakçıları ayırıb. Polis həm də səsgücləndiricidən istifadə edib. Gənclər getməmək üçün yerə əyləşiblər, amma bu dəfə arxa və qabaqdan çevik polis alayı tərəfindən sıxışdırılıb. Aksiya şənbə günü saat 15:30-da başlayıb. Etirazın təşkil oldunacağı sosial şəbəkələrdə yazılıb.

Günün sonuna yaxın redaksiyamıza daxil olan məlumata əsasən həbs olunanlardan Nicat Cəfərov məhkəmənin qərarı ilə 2500 manat cərimə edilib. Onunla əlaqə saxladıqda N.Cəfərov aksiya barədə bunları bildirib: “Atəşkəs şəraitində yaşamağımıza baxmayaraq hər həftə əsgər ölümləri barəsində xəbərlər eşidirik. Ölüm faktları araşdırılmır və ölümlərə səbəb olanlar cəzalandırılmır. Əgər biz bu haqsızlığa “dur!” deməsək, heç kim deməyəcək. Bu səbəbdən də etirazımızı bildirmək qərarına gəldik. Məhkəmənin qərarı ədalətsizdir və qərardan apellyasiya şikayəti verəcəm”.
Qeyd edək ki, 2013-cü il yanvar ayının 7-də Daşkəsən rayonundakı hərbi hissədə ölmüş Ceyhun Qubadovun ailəsi onun ürək çatışmazlığı ilə bağlı ölməsi rəsmi orqanların versiyanı rədd edib. Mediada yayımlanan əsgərin meyitinin şəkilləri geniş ictimai narazılığa səbəb olub. Bu səbəbdən də etiraz aksiyası keçirilib.

Bənzər yazılar

Back to top button