Hadisə

Bakıda avtobus kabusu: Əgər qapılar blok olsa…

Bu gün səhər saatlarında 88A nömrəli müntəzəm marşrut xətti üzrə 99-JH-038 Dövlət Qeydiyyat Nişanlı avtobusda yanğın baş verib. Hadisə zamanı avtobus boş olub və xəsarət alan olmayıb. Bildirək ki, bu, son iki həftədə depoya gedərkən yanan ikinci avtobusdur.

Məsələ ilə bağlı açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, hazırda yanğının səbəbi araşdırılır:

“Araşdırma yekunlaşdıqdan sonra məlumat verəcəyik. Bu, hamının marağında olan məsələdir. Bu gün səhər sürücü xəttə çıxıb və texniki nasazlıq olduğunu hiss edəndə geri qayıdıb. Digər “BakuBus”larda da müəyyən yoxlamalar aparılacaq”.

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov isə vurğulayıb ki, son iki həftə ərzində belə bir hadisənin baş verməsi xoşagələn hal deyil:

“Çünki burada söhbət hər hansı sıradan yanğından getmir, söhbət ictimai nəqliyyatda baş verən yanğın hadisəsindən gedir. Avtobuslarda onlarla insan daşınır. Əgər bu gün hansısa qısaqapanma nəticəsində və ya digər səbəblərlə yanğın baş verirsə və qapılar çox rahat şəkildə açılıb insanlar təxliyyə olunursa, sabah baş verə biləcək hadisə daha ağır fəsadlar ola bilər. Çünki avtobusların elektrik sistemində qısaqapanma baş verirsə, bu, hansısa digər funksiyaların blok olunmasına gətirib çıxara bilər. Məsələn, qapıların açılmamasına səbəb ola bilər ki, bu da avtobusun içərisində olan insanları çətin duruma sala bilər. Təbii ki, araşdırmaların nəticəsini gözləmək lazımdır. Digər baş vermiş hadisəylə bu, müqayisə olunmalıdır”.

Həmsöhbətimiz qeyd edib ki, yanğının səbəbi öyrənildikdən sonra digər avtobusların da texniki xüsusiyyətlərində həmin səbəbin nə dərəcədə yer almasına baxılmalıdır:

“Onun qarşısını ala biləcək zəruri tədbirlər müəyyənləşməli və tətbiq edilməlidir. Hesab edirəm ki, baş verən yanğın hadisəsində sürücü və sərnişinlərin davranış məsələsi aktuallaşır. Çünki sürücü və sərnişinlər fors-major vəziyyətdə daha düzgün davrandıqda hər hansı bir xəsarət almadan avtobusu təxliyyə edə bilərlər. Bunun üçün sürücü və sərnişin hazırlığı olmalıdır. Müəyyən mənada maarifli olmalıdırlar. Bizim ictimai nəqliyyatlarda bu kimi hallarla əlaqədar davranış qaydaları aşılanmalıdır”.

Yenisabah.az

Bənzər yazılar

Back to top button