Hadisə

Otağında həbs edilən sabiq xidmət rəisinin kabineti ona verildi

Mədəniyyət Nazirliyində yeni təyinat olub. Nazirlikdən verilən məlumata görə, Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Cəfərli Azad Məhyəddin oğlu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Həmçinin Dövlət Xidmətinin rəisi vəzifəsinin səlahiyyətləri Azad Cəfərliyə həvalə edilib.

“ASAN xidmət”in Aparat rəhbərinə böyük etimad

Azad Cəfərli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin 1999-cu ildə “Beynəlxalq hüquq” ixtisası üzrə bakalavr, 2001-ci ildə “Beynəlxalq münasibətlər” ixtisası üzrə magistr, Cenevrə İnsan hüquqları Akademiyasının Beynəlxalq humanitar hüquq və insan hüquqları üzrə elmlər namizədi (L.L.M.) dərəcələrini alıb. “İşğal olunmuş ərazilərdə mədəni sərvətlərin qorunması” mövzusunda diplom müdafiəsi edib. Həmçinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər sahəsində bir sıra kurslarda və təlimlərdə iştirak edib.

Əmək fəaliyyətinə 1999-cu ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində başlayıb. 2004-2008-ci illərdə Azərbaycan Respublikasının BMT-nin Cenevrə bölməsi yanındakı Daimi Nümayəndəliyində çalışıb.

2008-2012-ci illərdə Xəzər dənizinin hüquqi statusu, dəniz ətraf mühitinin qorunması, insan hüquqları və digər sahələrdə ekspert kimi fəaliyyət göstərib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Beynəlxalq əlaqələr şöbəsinin müdiri (2012-2016) vəzifəsində çalışıb.

Zakir Sultanov

Son təyinatadək Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Aparatının rəhbəri vəzifəsini daşıyıb.

Beynəlxalq hüquq və dövlət xidmətlərinin göstərilməsi mövzusunda bir sıra məqalələrin müəllifidir. Qərb Universitetində, ADA Universitetində və “ASAN xidmət”in Təlim mərkəzində beynəlxalq hüquq, danışıqların aparılması, dövlət xidmətlərinin göstərilməsi konsepsiyası üzrə qabaqcıl təcrübə mövzularında yerli və əcnəbi dinləyicilərə mühazirələr deyib.

İngilis, fransız, rus və türk dillərini bilir.

Zakir Sultanovun istintaqı davam edir

Yada salaq ki, Z.Sultanov Dövlət Təhlükəsizliyi Xidmətinin mayın 8-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılıb. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2020-ci il mayın 8-də məhkəmənin qərarı əsasında Zakir Sultanovun xidməti və yaşadığı ünvana keçirilmiş baxış zamanı qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb. Səbayel Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə) maddələr üzrə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Azad Cəfərli

İstintaq araşdırmaları zamanı Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin Zakir Sultanov tərəfindən müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. DTX-nin o zaman yaydığı kadrlara əsasən, Zakir Sultanovun korrupsiya sxemi həbs edilən sabiq nazir müavini Rafiq Bayramovun sxemi ilə müqayisədə daha böyük olub. Onun aldığı “otkat” milyonlarla ölçülür. Məsələn, İrəvan Dövlət Dram Teatrının binasının yenidən qurulması layihəsində Z.Sultanov 900 min manat “otkat” aldığını təsdiqləyir. Lakin podratçı şirkətin rəhbəri onun yalanını ifşa edir, rəqəmin daha böyük olduğunu deyir.

Davam edən cinayət işi üzrə, mədəni irs hesab edilən xüsusi arxitektura-memarlıq üslubuna malik binalarda rekonstruksiya işlərinin aparılmasına maddi maraq müqabilində vəzifə səlahiyyətlərindən istifadə edərək razılıq verilməsi ilə bağlı əldə olunmuş məlumatlar araşdırılır.

Qeyd edək ki, sentyabrın 2-də Zakir Sultanov məhkəməyə çıxarılıb. Z.Sultanovun həbs müddəti daha 3 ay uzadılıb. Z.Sultanov tikinti işləri üçün ayrılan pullardan milyonluq “otkat”lar almaqda, Rafiq Bayramov isə tabeliyində olan idarələr və musiqi məktəblərindən aylıq on minlərlə manat məbləğində “tas” yığmaqda təqsirləndirilir.

Mənbə: Musavat.com

Bənzər yazılar

Back to top button