ManşetSiyasət

Cəmil Həsənli: Cənab Feyziyev sərvətin mənbəyini açmaq lazımdır

Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə Agentliyinin təqdimatı ilə Londonun Westminster Məhkəməsi Böyük Britaniyada Azərbaycan parlamentinin deputatı, Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədri, Azərbaycan-Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus bank hesablarına qoyulmuş 15,3 milyon funt-sterlinqin 5,6 milyon funt-sterlinqini müsadirə etməyə qərar verib. Azərbaycan manatı ilə 13 milyon manata yaxın puldur. Bəli, 13 milyon manat!

Dünən bu məlumatın yayılması Britaniya mətbuatında bomba kimi partladı. Bir-birinin ardınca “Bloomberg”, “Occrp.org”, “Evening Standard” kimi çox nüfuzlu mətbuat orqanları Azərbaycan Milli Məclisinin üzvü, Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədri Cavanşir Feyziyevin ailə üzvlərindən çirkli pulların marşrutu üzrə əldə edilmiş 5,6 milyon funt-sterlinqin müsadirə edilməsi haqqında sensasiyalı məlumatlar verdi. Dünən axşamüstü 18:36-da “The Guardian” kimi media nəhəngi də bu işə qoşuldu və Britaniyanın ən böyük qəzeti “Azərbaycan çamaşırxanası” – məhkəmə ailəyə Böyük Britaniyaya gətirilmiş 5,6 mln. funt-sterlinqin təhvil verilməsini tapşırıb” adlı yazı dərc etdi. Qeyd edilən bütün yazılarda “Azərbaycan çamaşırxanası”, “Azərbaycan korrupsiyası”, “Azərbaycan Milli Məclisinin milyoner deputatı”, “Azərbaycanın çirkli pul yuma marşrutu” kimi seçmə ifadələr keçir. Yəni Cavanşir Feyziyevin ölkədən çıxardığı, müsadirə olunan, mənbəyi şübhəli olan vəsaitlər korrupsiyaya qarşı ümumdünya mübarizəsinin başladığı bir məqamda Azərbaycan hakimiyyətinin korrupsiya rejimi olması məsələsini yenidən dünya mətbuatının birinci xəbərinə çevirdi. Azərbaycan parlamentinin deputatı, Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədri, Azərbaycan-Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin həmsədri və ailə üzvləri həm də Azərbaycan, Estoniya, Latviyadan keçən çirkli pulların yuyulması marşrutu üzrə Böyük Britaniyaya mənşəyi məlum olmayan böyük həcmdə vəsaitlər gətirib. “The Guardian” dünənki məqaləsində yazır ki, sistemli korrupsiya idarəçiliyinin oturuşduğu və seçkilərin saxtakarlığının adi hala çevrildiyi 2012-2014-cü illər dövründə Azərbaycan rəhbərliyi 16 min gizli transferlə hər gün ölkədən 3 milyon pul oğurlayıb. Hər həftə yox, hər ay yox, hər il yox, hər gün. Bəli, hər gün!

İndi bütün bunlara aydınlıq gətirmək, Azərbaycan xalqından bu oğurlanmış vəsaitlərə görə üzr istəmək, ölkəni beynəlxalq aləmdə rüsvay etmiş deputatı istefaya göndərib məsuliyyətə cəlb etmək əvəzinə, dünən axşam 20:01-də “Azərtac” özünün London müxbiri Aynurə Tağıyevanın hadisə yerindən verdiyi “London məhkəməsi ədaləti bərpa etdi” sərlövhəli məlumatını dərc etdi. Yox, Sizə elə gəlməsin “Azərtac” kimi dövlət informasiya vasitəsi Cavanşir Feyziyevivin ailə üzvlərinə məxsus 5,6 mln. funt-sterlinqin müsadirə olunmasını, oğurluq pulun tutulmasını “ədalətli” hesab edirdi. Məlumatda söhbət Cavanşir Feyziyevin və ailə üzvlərinin çirkli korrupsiya marşrutu kimi ifşa olunmuş “Azərbaycan çamaşırxanası” vasitəsi ilə ölkədən çıxardığı oğurluq pullara bəraət qazandırmaqdan gedirdi. “Azərtac” məhkəmənin qərarını, müstəntiqlərin çıxışlarını, hakimin hökmünü Azərbaycan xalqına gül buketi kimi təqdim edirdi və Dövlət Agentliyinin məlumatından belə çıxırdı ki, sən demə, hakim Con Zani Cavanşir Feyziyevdən üzr istəyib və deyib ki, arayış gətirərsən, 5,6 milyon funtu da sənə qaytararıq, yəni söhbət sanki müsadirədən yox, həmin vəsaitin həbsdə saxlanmasından gedirmiş. Maraqlıdır ki, “Azərtac” London müxbirinin məlumatını ancaq Azərbaycan dilində yaymışdı və iş qəlizləşdiyi üçün onu da bu gün silib.

Bu gün isə Cavanşir Feyziyev London məhkəməsinin qərarı ilə bağlı “modern.az” saytına müsahibə verib, “Qafqazinfo” və digər saytlar da həmin müsahibəni yayıb. Adam törətdiyi əmələ görə üzr istəmək əvəzinə, 5,6 milyon funtla bağlı məhkəməyə təqdim etdiyi sənədlərin niyə məhkəmə tərəfindən saxta elan olunduğuna, həmin sənədlərin məhz bank hesablarının sahiblərinin (yəni Feyziyevin ailə üzvlərinin) bunu çirkli pulların yuyulmasıyla bağlı fəaliyyətlərini gizlətmək məqsədi ilə etdiklərinə bir aydınlıq gətirmir. Əlavə olaraq, Cavanşir Feyziyev bildirir ki, məhkəmə araşdırması “əsasən mənim ailə üzvlərim tərəfindən Böyük Britaniyada sərmayə kimi yatırılmış 10 milyon funt sterlinqin qanuniliyini yoxlamağa yönəlmişdi”. Belə idisə sənin ailə üzvlərinə məxsus 5,6 milyon funt, 13 milyon manat vəsait niyə müsadirə edilib? İkincisi, sən adi iş adamı deyilsən, Milli Məclisin deputatısan, seçildiyin dairədə və təmsil etdiyin ölkədə adamlar iş, çörək, dolanışıq tapmır, amma sən bu ölkədən “qazandığın” 10 milyon funt sterlinqi buna ehtiyacı olan ölkənə yox, ehtiyacı olmayan Böyük Britaniya iqtisadiyyatına qoyursan? Ola bilər ki, qanun bunu qadağan etməsin, bəs mənəvi məsuliyyət, bəs vicdan, bəs Nizami Gəncəvidən yazdığın Şərq mədəniyyəti harada qaldı? Bunu hər zaman üzünüzə pərdə kimi çəkdiyiniz erməni lobbisi etmir, cənab Feyziyev, Sizin kimi ölkənin vəsaitlərini əyri yollarla xaricə daşıyıb, arayışları saxtalaşdıran, ölkə əhalisinin hər funtuna ehtiyacı olan Azərbaycandan korrupsiya marşrutu ilə çıxarılmış 5,6 milyon funtu müasadirə olunmuş deputat edir, vəzifəli şəxs edir, Avroppa İttifaqında ölkəni təmsil edən məsul bir şəxs edir.

Adam əməlindən utanmaq əvəzinə, müsadirə olunmuş milyonlarının hesabatını vermək əvəzinə, professor Qubad İbadoğlu ilə məni “Xarici ölkə kəşfiyyatının nökərləri” adlandırır, guya bizim məhkəmə prosesi zamanı “məhkəmə binasının ətrafında sülənməyimizdən” danışır. Adam hələ də anlamır ki, Britaniya Azərbaycan deyil və burada “məhkəmə binasının ətrafında sülənməklə”, ona yuxarıdan tapşırıq verməklə məhkəmənin qərarına təsir göstərmək mümkün deyil. Yaxşı, lap deyək, biz olaq xarici kəşfiyyatın nökərləri, sən ol vətənpərvər, bir vətənpərvər kimi Azərbaycanda “qazandığın” 15,3 milyon funtun (yəni 34 milyon manatın) vergi ödənişlərini qoy ortaya, ol yaxşı oğlan. Məsələn, acından köpük qusan Azərbaycan əhalisinə izah et ki, onların hesabına “qazandığın” 10 milyon funtu niyə deputat olduğun ölkənin iqtisadiyyatına yox, ondan 10 milyon dəfə irəlidə olan Britaniyanın iqtisadiyyatına yatırırsan? Ona da aydınlıq gətir ki, London məhkəməsi niyə sənin ailə üzvlərindən müsadirə olunan 5,6 milyon funtun bəraət sənədlərini saxta hesab edib? Bu saxta sənədləri sən haradan almısan? Yaxud dünyaca ünlü “The Guardian”ın bu iddiasına aydınlıq gətir ki, “Britaniya Milli Cinayətkarlığa Qarşı Mübarizə Agentliyi (NCA) Azərbaycan parlamentinin hazırkı üzvü Feyziyevin “çirkli pulların yuyulması çamaşırxanası” vasitəsilə Böyük Britaniyaya milyonlarla funt qanunsuz sərvət gətirdiyini bəyan edib. Bizə xarici kəşfiyyatın nökəri deməklə iş aşmır e, cənab Feyziyev, sərvətin mənbəyi barədə doğru-dürüst sənədlər qoymaq lazımdır ortaya.

Cəmil Həsənli

Turan.az

Bənzər yazılar

Back to top button