Siyasət

Tofiq Yaqublu tezliklə azadlığa buraxıla bilər – AÇIQLAMA

“Tofiq Yaqublu aclıq aksiyasına davam edərsə, səhhətində geri dönüşü olmayan vəziyyət yarana bilər ki, həkim müdaxiləsi də nəticə verməyə bilər”.

Bu sözləri Redaktor.az-a millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, hazırda əsas məsələ Tofiq Yaqublunun aclıq aksiyasına son verməsidir:

“Tofiq Yaqublu məhkəmin çıxardığı hökmə etiraz edərək aclıq aksiyasına başlayıb. Amma bu, uzun müddət davam edə bilməz. İndiki məqamda ən vacib məsələ onu aclıq aksiyasından daşındırmaqdır. Çünki o, aclıq aksiyasına bir neçə gün də davam etsə, bunun sonu heç də yaxşı olmayacaq. Bu gedişlə onun səhhəti təhlükə altına düşə bilər ki, sonra həkimlərin müdaxiləsi də kömək edə bilməz”.

E. Nəsirov apelassiya məhkəməsində T. Yaqublu üçün müsbət cavabın çıxacağına ümid etdiyini bildirib:

“Tofiq Yaqublu məsələsində ictimai rəy yaranıb və burada ona olan dəstək hiss olunur. Düzdür, Azərbaycan hüququ dövlətdir və onun qanunları var. Amma hər bir halda ictimai fikir müəyyən qədər belə məsələlərdə nəzərə alınır. Bu baxımdan düşünürəm ki, T. Yaqublunun apelassiya məhkəməsində ictimai rəy nəzərə alınacaq və onun haqqında müsbət qərar veriləcək”.

Millət vəkili Tofiq Yaqublunun həbsini siyasi qərar olması ilə bağlı iddialara da münasibət bildirib:

“Hesab edirəm ki, bu iddia ilə çıxış edənlər qərəzli mövqeydə olan insanlardır. Tofiq Yaqublu evində oturduğu yerdə onu həbs etməyiblər ki, siyasi adlandırsınlar. Onun haqqında konkret ittihamlar və buna əsasən də o, həbs edilib. Əgər əksi olsaydı, o zaman siyasi həbs adlandırıla bilərdi. Ümumiyyətlə isə Azərbaycanda siyasi məhbus yoxdur. Bu, bir mənalı olaraq belədir”.

Xatırladaq ki, Tofiq Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunaraq 4 il 3 ay azadlıqdan məhrum edilib. Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyev bu barədə hökm çıxarıb. Elə həmin prosesdə T. Yaqublu aclıq aksiyasına başladığını bəyan edib.

Bənzər yazılar

Back to top button