Mübariz Mənsimovun “səhvi”

by Aztoday Xəbər Portalı

İş dünyasındakı böyük sərvət sahibi olan soydaşlarımız və həmvətənlilərimiz arasında yeganə vətən və millət duyğusu olan Mübariz Mənsimov Türkiyə hökumətinin terrorçu təşkilat kimi tanıdığı FETÖ dini-siyasi təriqqətətinin üzvü olmaq iddiası ilə həbs olunub.

Bu həbsin qanuniliyini şübhə altına almaq üçün kifayət qədər əsas var. Nüfuzlu beynəlxalq hüquq-müdafiə təşkilatları Türkiyədə qanunun aliliyinin olmadığı, hüquq-mühafizə orqanlarının siyasi hakimiyyətin sifarişi ilə fəaliyyət göstərdiyi qənaətindədirlər. Dünya miqyasında nüfuzlu araşdırmaçılar kimi tanınan elm adamları tərəfindən Türkiyə ən yaxşı halda dini təmayüllü avtoritar rejimin hökm sürdüyü ölkə, pis halda isə din pərdəli mafiya dövəti hesab olunur. Şəxsi qənaətim isə ondan ibarətdir ki, Türkiyə dünyəvi dövlət olmaqdan çıxaraq dini təriqqətlərin söz sahibi olduğu dövlətə çevrilib. Türkiyənin təriqqətlər dövlətinə çevrilməsi bu yazının mövzusu olmadığı üçün geniş yazmaq istəmirəm. Amma yaxın günlərdə bu mövzuda fikirlərimi paylaşacam.

Türkiyədə Atatürkçü hərbi və mülkü məmurların, iş adamları və ziyalıların FETÖ-nun hüquq-mühafizə orqanlarına yerləşdirdiyi şəxslər tərəfindən şərlənərək həbs edilmələri Türkiyədə rəsmən etiraf olunub. Bu ənənənin bu gün də davam etdiyini, FETÖ-çulardan təmizlənən yerləri digər islamçı təriqqətlərin təmsilçilərini ələ keçirdiyini nəzərə alanda Mübariz Mənsimovun şərlənərək həbs edildiyini iddia etmək üçün kifayət qədər əsas var.

Mühakimə olunduğu məhkəmədə də Atatürk heyranı və türk milliyətcisi olduğunu bəyan edən, türk dünyasının cümhurriyyət qurucularına sevgisini bundan öncə də dəfələrlə aşkar ifadə etmiş Mübariz Mənsimovun dini bir təriqqətin üzvü olmasına inanmaq mümkün olmadığı kimi, əksinə olaraq dini təriqqətlərin sifarişi ilə şərlənərək həbs olunduğunu düşünmək üçün daha çox əsas var.

Mübariz Mənsimov məhkəmədə verdiyi ifadədə iki dəfə FETÖ-nun başçısı Fətullah Gülənlə görüşdüyünü bildirib. Bu görüşlərin biri Türkiyənin dövlət və siyasət adamı, türk dərin dövlətinin önəmli isimlərindən olan Mehmet Ağarla birlikdə baş tutub. Eyni zamanda bu görüşlərin FETÖ-nun terror təşkilatı elan olunmasından əvvəl gerçəkləşdiyini nəzərə alanda Mübariz Mənsimovun əməlində cinayət tərkibli heç bir məqam yoxdur. Bunu hüquq fakültəsinin birinci kurs tələbələri belə sübut edə bilərlər. Hətta bu görüşlər FETÖ terror təşkilatı elan olunduqdaan sonraya təsadüf etsəydi belə bu cinayət əməli hesab oluna bilmz.

Mübariz Mənsimovun indi həbsdə olması özünün “səhvi”nin nəticəsidir. Bu “səhv” onun şirkətlərini Türkiyəyə köçürməsindən və özünün də Türkiyə vətəndaşlığını qəbul etməsindən ibarətdir. Çünki, Mübariz Mənsimov şirkətlərini Türkiyəyə köçürəndə və özü də Türkiyə vətəndaşlığını qəbul edəndə türk iş adamları sərvətlərini dünyanın başqa ölkələrinə daşıyır, özləri də başqa ölkələrin vətəndaşı olmağa çalışırdılar. Türkiyənin rəsmi qurumlarının məlumatına görə AKP hakimiyyətə gələndən sonra ölkədən 500 milyard dollar çıxarılıb. Bu əslində iş adamlarının öz sərvətlərini Türkiyədən qaçırmasının göstəricisidir. Aralarında Türkiyənin ən zəngin ailəsi olan Sabançıların da olduğu iş adamları sərvətlərini ölkədən çıxardığı, özlərinin də əsasən Avropa ölkələrinin, o cümlədən də Yunanıstan və yunan Kiprinin vətəndaşı olduqları bir zamanda Mübariz Mənsimovun şirkətlərini Türkiyəyə köçürməsi və türk dövlətinin vətəndaşı olması onun fəlakətli səhvi olub. Əgər bu “səhv” addım olmasaydı, təbii ki bu gün də həbsdə olmazdı.

Mübariz Mənsimov dünyada ən strateji fəaliyyət sahələrdən biri olan dənizdə yüklərin daşıması ilə məşğul olurdu. Qlobal ticarətin 85 faizi yüklərin dənizlərin üzərindən daşınması ilə həyata keçirilir. Bu sahədə uğur qazanmaq, həm də qısa zamanda uğur qazanmaq çox çətin bir işdir. Bir qayda olaraq bu sahədə uğur qazanmaq üçün ən azı 50 illik bir zaman lazımdır. Amma Mübariz Mənsimov bunu çox qısa bir zamanda edə bilmişdi.

Osmanlı Dövləti dəniz dövləti idi. Türkiyə də dəniz dövlətidir. Amma dənizlərdə yüklərin daşınmasında liderlik yunanlara məxsusdur. Bu sahədə ən böyük 100 iş adamının 15-i yunandır. Dünya ticarət donanmasının 16 faizi, Avropadkı ticarət donanmasının 40 faizi bu 15 nəfərə məxsusdur. Dünyadakı hər dörd neft tankerindən biri yunanlara məxsusdur. İran neftinin yarısını yunanların tankerləri daşıyır. Türkiyə iş adamları hər il yük daşınmasına görə yunan dəniz donanmasına yüz milyonlarla dollar pul ödəyirlər.

Mübariz Mənsimov məhz bu sahədə uğur qazanmışdı. Palmali Şirkətlər Qrupunun varlığı, böyüməsi və yunan ticarət donanmaları ilə uğurlu rəqabət aparmasının özü türk millətinə xidmət idi. Donanma sahibi yunaların vasitəsilə sel kimi Yunanıstan və yunan Kiprinin dövlət büdcısinə axan türk sərvətinin qarşısının alınmasından türk dövlətçiliyinə bundan böyük xidmət ola bilməz. Bu xidməti göstərən şəxsin həbsi bir millət, iki dövlət olan Azərbaycanla Türkiyəyə qarşı xəyanətdir. Bu xəyanətin ən az zərərlə aradan qaldırılması üçün bu gün Mübriz Mənsimovun bir millət, iki dövlətin dəstəyinə ehtiyacı var.

Xaqani Cəfərli
politoloq

Bənzər Yazılar