Cəmiyyət

Zəhmətdə keçən bir ömrün kitabı

Həyatın mənası çalışmaqdadır.
Zəhmətsiz bir ömür puçdur, saxtadır…

R.Rza.

Yaşın çəkisi olurmu? Və ya yaş insanın şəxsiyyət göstəricisidirmi? Mənim fikrimcə yaşlı olmağın, saçın ağarmağının nə yaş sanbalına, nə də insanın şəxsiyyət göstəricisinə dəlaləti, aidiyyəti yoxdur. Yaşlı adamlar görmüşəm, saçları dümmağ, lakin özlərini ərköyün cavanlardan da yüngül aparırlar. Yaşın çoxluğu nə insanın həyat tərzinə, nə də taleyində bir məsuliyyət kəsb eləmir. Cavan insanlar görmüşəm həyat tərzləri, həyata baxışları, hərəkətləri ölçü-biçili, zəhməti başlarına tac edərək öz ağıl, dərrakələri ilə çox qondarma ağsaqqalı yarı yolda qoyaraq öndədirlər. Daha dəqiq söyləsəm, yaşın sanbalı olur, lakin yaşın çoxluğu ilə deyil, ağlın çoxluğu ilə ölçülür.
Onun ömür yolu ya lap əzəldən alın yazısı olan zəhmətdən başladı. Ağaqədir Rəşid oğlu Osmanov. Cənnətim Azərbaycanın qədim kökü olan Şirvanın mərkəzi Şamaxı şəhərində dünyaya göz açmışdır…

Haşiyə: İnsanın tale yolu ana bətninə düşər-düşməz Tanrı tərəfindən müəyyən olunur. Tanrı seçir, Tanrı yönləndirir yaratdığını, can, nəfəs verdiyi hər bir bəndəsinin tale, ömür yolunu. Ağaqədir Osmanovun da, zəhmətlə, torpaqla ünsiyyətdə olanların, torpağın nazını çəkənlərin varlığı bərəkət deməkdir. Zəhmətlə yoğrulan ömrünü təravətləndirən, mükafatlandıran da elə o böyük varlıq – Ulu Tanrıdır. O, torpaq adamıdır. Əsatirlərə söykənərək söyləsək, adam oğlu adam torpaqdan yaranır, torpaqdan dirəniş tapır, torpağın övladıdır, sonda da mayalandığı, dirəniş, pərvəriş, tapdığı məkana – torpağa qayıdır, torpağa qarışır.

Yuxarıda qeyd etdiyim kimi, Ağaqədir müəllimin əmək fəaliyyəti torpaqdan başlayıb. Adi fəhləlikdən vəzifəyədək zəhmət çəkdiyi, bərəkətin gördüyü torpaqdan alıb xeyir-duasını.

Ağaqədir müəlilm torpağın övladıdır. Torpağa bağlıdır. Torpaqdan danışanda onun çöhrəsinin nə qədər işıqlandığının, nurlandığının şahidi olursan. Yalnız torpağa bağlı olanların, onu sevənlərin üzündə görə bilərsən bu nuru, bu işığı, bu sevgini. Ulu Öndər Heydər Əliyev də torpağını sevən, torpağa can verən insanları özünə çox doğma sayardı, lap çox sevərdi. Ağaqədir Osmanovun həyatından, taleyindən də bu sevgi, bu diqqət, bu qiymət yan keçməmişdir. Ağaqədir müəllim özü söyləyir: 1975-ci il idi. V.İ.Lenin adına sovxozda fəhlə işləyirdim. Başçılıq etdiyim 19 №li briqadanın fəhlələrinin və mənim ömrümüzə, yaradıcılığımızın tarixinə yazılan o həlledici il – H.Əliyevin Şamaxıya, bizim birqadaya səfəri taleyimizdə bir dönüş yaratdı. Üzüm o qədər bol idi ki, yığıb çatdırmaq olmurdu. Üzümün üstünə qar yağdı. Onun gəlişini toy-bayram kimi qeyd edirdik. Ayağında saya, bərəkət var idi, H.Əliyevin. Bu həmişə belə idi. Çünki H.Əliyevi xalqı üçün yaratmışdı Yaradan. 23 yaşlı bir gəncin həyatında bu böyük insanın nəsihətləri, xeyir-duası böyük rol oynadı bu görüş mənim üçün tarixi görüş, həyatım üçün tarixi dönüş oldu. O, zəhmətkeşləri çox sevirdi. Bu onun simasında, varlığında oxunurdu. Onun torpaqda çalışan insanlara verdiyi qiymət bu günə qədər mənim həyat, zəhmət yolumun mayakına çevrildi. H.Əliyevin zəhmətkeş insanlara göstərdiyi doğmalıq, verdiyi qiymət o zaman mənim kimi minlərlə gəncin torpağa bağlanaraq yaxşı mütəxəssis kimi yetişməsinə imkan yaratdı.

Bəli, həyatda hər bir peşəkarın fəaliyyətinə, ucalmasına təkan verən bir stimul olur. A.Osmanovun işıqlı, əziyyətli, lakin şərəfli həyatı, əmək yolunda ən uğurlu bələdçisi gərgin zəhməti, bir də gənc yaşlarında qarşısına çıxan və idealına çevrilən H.Əliyevin roludur, varlığıdır. (Zatən H.Əliyev şəxsiyyəti Azərbaycanda saysız-hesabsız insanların insan kimi, mütəxəssis və əsl azərbaycanlı kimi yetişməsində mayak rolunu oynayıb və oynayır. Red.)

Bu dünyada insana yaşamaq haqqı verən Böyük Yaradan hər kəsin yolunun üstünə sınaqlardan keçmək üçün çətinliklər çıxarır. Çiyninə ömür boyu daşımalı olacağı bir yük qoyur. İnsan ağlına, bacarığına və gücünə güvənərək ömrü boyu bu yükü bir məqsəd, amal yolunda çəkməli, xərcləməli olur. Tanrının taleyinə bəxş etdiyi hər hansı bir yükü çəkmək kimi qəbul edən insan ya ömrünə bəxş olunmuş yaşam haqqına «xoş gəldin» deyib, üzünə açılan dünyanın qapısından girərək həyatını yaşamağa başlayır. Yıxıla-büdrəyə addımlarını bərkidib arzularına doğru yol alır. Güclü xarakterə, dəyişməz əqidə malik olan insan bu dünyaya gəlişinin əsl mənasını dərk edirsə, ona verilən tutiyə ömrün qədrini bilir, onu daha mənalı, zəngin və geniş anlamda yaşamağa qərar verir. O zaman insan kiçik ailə, cəmiyyətdən başlamış ölkə həyatında faydalı işlər görmək missiyasını daşımaq olduğunun fərqinə varır. Bu fürsətdən zəkasına, bacarığına, gücünə, əqidəsinə görə çalışmağı özünə borc bilir. Əqidə isə ağlın gücüdür. Şübhəsiz bunlar vətən, xalq qarşısında məsuliyyətini dərk edən insanlarda özünü daha böyük anlamda biruzə verir. Ağaqədir müəllimin keçdiyi həyat yolu, sürdüyü mənalı ömürü yuxarıda sölədiklərimlə tam üst-üstə düşür təbii ki, Ağaqədir müəllimin işıqlı əməllərindən əxz etdiyimiz ibrətamizliyi, mənəvi keyfiyyətləri formalaşdıran amillər var və bunlar yeniyetmə çağlarından zaman-zaman formalaşaraq onun həqiqi obrazına bir mükəmməllik gətirmişdir. Bu ailədən gələn əsillikdir, tərbiyədir. Yüksək tərbiyənin mayası ailədən, nəsildən gəlir. Ağaqədir müəllim doğulduğu ailədən götürdüyü yaxşını bu gün də ailəsinə verir, ötürür. Bütün bu keyfiyyətlər Ağaqədir Osmanovun timsalında, ailədə ağıllı kişi və həyat yoldaşı, ata, baba kimi böyük məna kəsb edir! Ata adına, haqqına sahib olaraq cəmiyyət üçün layiqli övladlar tərbiyə edib yetişdirmək kişi üçün böyük şərəfdir. Ağaqədir müəllim 5 övlad atasıdır. Cəmiyyətə beş tərbiyəli, savadlı, vətənsevər vətəndaş bəxş edib. Böyük oğlu Rövşən ehtiyyatda olan zabitdir, böyük qızı Rəşidə savadlı, seçilən dil-ədəbiyyat müəllimidir, oğlu Ramin Ədliyyə Nazirliyində Penitensiar Xidmətinin tərbiyə işinin təşkili idarəsinin böyük inspektoru vəzifəsində çalışır. Kiçik oğlu Natiq ali təhsillidir, rayonda sahibkarlıq fəaliyyəti ilə məşğuldur.

Kiçik qızı Nigar evdar qadındır, vətən üçün gözəl balalar böyüdüb tərbiyə edir. Bütün bunları, gözəl, dəyərli sahib olmaq, atalıq statusunu daşımaq haqqını tale özü müəyyən edir. Lakin bu şərəfli ağır həqiqi mənada, mənəvi-əxlaqi dəyərlərin ucalığında qazanabilmə haqqı, əlbəttə, Ağaqədir müəllimin milli ruha, azərbaycançılıq məfkurəsinə bağlı olması ilə xarakterizə olunur.
Ağaqədir Osmanov hal-hazırda Şamaxı RİHB-nın Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsidir. 1972-ci ildən bu günədək keçən həyat fəaliyyəti yoluna ekskursiya edək. 1974-cü ildən 1981-ci ilədək hektarçı fəhlə, 1981-ci ildə M.Qasımov adına Tovuz Sovxoz Texnikumuna daxil olmuş, 85-ci ildə üzümçü-aqronom ixtisasına yiyələnərək 1995-ci ilədək üzümçü briqadir kimi fəaliyyət göstərmişdir. 1993-94-cü illərdə Mədrəsə Təhlə Komitəsinin sədri olmuş, 1997-ci ildə isə Gəncə Kənd Təsərrüfatı Akademiyasının «Yerquruluşu və torpaq müfəttişliyi» fakultəsinin qiyabi şöbəsini bitirərək, alitəhsilli mütəxəssis kimi Vətəninə, torpağına xidmət göstərməkdədir. 1994-cü ildən 1999-cu ilədək Şamaxı RİHŞ-nın Quşçu kəndi üzrə icra nümayəndəsi, 1999-cu ildən 2001-ci ilədək Şamaxı RİHB Muğanlı – Qurdənənə kəndləri üzrə icra nümayəndəsi, nəhayət 2004-cü ildən bu günə qədər isə o, Şamaxı RİHB-nın Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəs vəzifəsində çalışır. Əlbəttə ki, bu nailiyyətlər aramsız, zəhmətdə, əziyyətdə keçən bir ömrün kitabıdır. Böyük sınaqlardan çıxaraq, həyat məktəbi keçən ömür kitabının şərəflə yazılan səhifələridir. Tarixən belədir, nailiyyəti, müvəffəqiyyəti olan insanlar cəmiyyətin bəzi ağzıgöyçəkləri tərəfindən birmənalı qarşılanmırlar. Bu xüsusiyyəti özlərinin yetə-çata bilmədikləri müvəffəqiyyətini, seçilən insanlarda görəndə qısqanclıqdan min bir fəndə əl atır, qarşı tərəfi ləkələməyə, aşağılamağa, böhtan top-tüfənginə tutmağa başlayırlar. Bütün bunlar isə tarixin çağırılmış bayatılarıdır. Düz elə düzdür, vay düz olmayanların, yarımçıqların halına. Ağaqədir Osmanov da fəaliyyəti dövründə bu cür simalı adamlardan yan keçməyib. Dəyanəti, iradəsi hesabına bu maneələrdən qalib olaraq çıxıb. Özünün söylədiyi kimi: «H.Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışını səmimiyyətimə inanın, dünyaya yenidən gəlişim kimi bildim. Öz-özümə «Qələbə mənimdir» söylədim. Bu ifadələr bütün varlığımı silkələdi, məni gələcəkdə fəaliyyət yolunda yeni-yeni qələbələrə ruhlandırdı. H.Əliyev mənim ruhumdadır. Mən torpaq adamıyam, mayam torpaqla yoğrulub. Mənim kimi adamları isə ruhlandıran, yeni-yeni nailiyyətlər qazanmağa sövq edən bizim əməyimizə, zəhmətimizə göstərilən diqqət, verilən qiymətdir. Ulu öndər ömrünün axırlarınadək bizə qayğısını, sevgisini əsirgəmədi. Bu gün də çox xoşbəxtəm. Onun yolunun layiqli davamçısı, oğlu İ.Əliyevin prezidentliyi dövründə Allahım mənə nəsib etdi ki, bir icra nümayəndəsi olaraq, üzüm mütəxəssisi olaraq nəyə qadir olduğumu göstərə bilim. 2005-ci ildən 2017-ci ilədək başçılıq etdiyim Şəhriyar qəsəbəsində 450 h. üzüm bağının salınmasına nail olmuşam. Bu isə pis göstərici deyil… biz torpaq adamları dövlətimizə, Vətənimizə sevgimizi bu cür nailiyyətlərimizlə, müvəffəqiyyətlərimizlə sübut edirik…

Ağaqədir Osmanovun işgüzar həyatı sanki baharda yaz yağışından sonra günəşin ilıq nəfəsi altında dirilən, gözəlləşən çəmənzarı xatırladır. Bu mənzərəyə – müdrikanə ömür yoluna nəzər salmaq, zəhmətdən yoğrulan əməllərin saldığı naxışları görmək olduqca xoşdur. Ağaqədir Osmanov bütün hallarda xoş məqamlarda, mürəkkəb stiuasiyalarda belə dəyişməzdir, dəyanətli, qətiyyətli, güclü və bütövdür. Hər zaman və hər yerdə özüdür. Ən ümdəsi də odur ki, o torpaq adamıdır. Damarlarında can verdiyi doğma torpağının qanı axır. O torpaq ki, ondan yaranaraq, onun üçün canını, qanını əsirgəməyənlərə qucağını ikiəlli açır: Ağaqədir Osmanova açdığı kimi.

Hürü Hacızadə,
yazıçı-publisist.

Bənzər yazılar

Back to top button