Trampın yeni İran strategiyasına dəstək verən ölkələr və Ruhani

Print Friendly, PDF & Email

ABŞ prezidenti Donald Trampın açıqladığı yeni İran strategiyasına bəzi ölkələrdən dəstək gəlib.

“Qaynarinfo” xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən və İsraildən Trampın qərarına dəstək açıqlaması verilib.

İsrailin baş naziri Benyamin Netanyahu bu addımı cəsur adlandırıb və Trampı təbrik edib.

Səudiyyə Ərəbistanı isə qərarı məmnuniyyətlə qarşılayıb, lakin kütləvi qırğın silahlarının yayılmasının qarşısını almaq məqsədilə İranla imzalanmış nüvə razılaşmasının tərəfdarı olduğunu vurğulayıb.

Bəhreyn, Yəmən və Birləşmiş Ərəb Əmirlikləri də Trampın İran ilə nüvə razılaşması və İran İslam İnqilabı Keşikçiləri Korpusuna qarşı qərarını alqışlayaraq terror və terrorizmə dəstək verənlərlə mübarizənin, bölgənin sabitliyinin vacibliyini vurğulayıblar.

İran prezidenti Həsən Ruhani isə ABŞ-ın nüvə razılaşmasından təktərəfli çəkilə bilməyəcəyini deyib. ABŞ prezidentinin İran əleyhinə açıqlamalarına münasibət bildirən Həsən Ruhani bu fikirləri İran xalqına qarşı təhqir və böhtan adlandıraraq “ABŞ İranda dəfələrlə çevrilişə cəhd edib. Tramp nüvə sazişindən təkcə imtina edə bilməz, çünki bunu bir neçə ölkə ilə birlikdə imzalamışıq. Əgər digər ölkələr bu razılaşmadan imtina etsə, biz də eyni qərarı qəbul edəcəyik” deyib.

Qeyd edək ki, ABŞ dünən İrana qarşı növbəti sanksiyaları qəbul edib, lakin gözlənilənin əksinə, İranla 2015-ci ildə imzalanmış və bu ölkənin nüvə fəaliyyətinə ciddi məhdudiyyətləri nəzərdə tutan nüvə sazişindən imtina etməyib.