İqtisadiyyat

Vergilər Nazirliyinin təcrübəli işçiləri istefa verir – TƏFSİLAT

Son aylar vergi orqanında təcrübəli kadrların öz ərizələrilə işdən ayrılması prosesi kütləvi hal alıb. AzPolitika.info-ya nazirliyə yaxın mənbələrdən daxil olan məlumatda deyilir ki, artıq 300 nəfərdən çox əməkdaş öz ərizəsilə işdən azad olunub, təqribən 500 nəfərin ərizəsinə isə baxılır. Onlara deyilib ki, proses kütləvi görünməsin deyə, həmin əməkdaşlar hissə-hissə işdən azad olunacaqlar. Ancaq istənilən halda, bu müddət iyulun 1-dək başa çatmalıdır.

Üst-üstə 800 nəfərədək təcrübəli mütəxəssisin nazirlikdən getməsinin səbəbləri isə əsasən maddi təminatla bağlıdır. Mənbə bildirir ki, uzun illər “paket sisteminə” öyrəşən kiçik və orta ranqlı vergi məmurlarının əksəriyyətinin aylıq gəliri 3-5 min manatdan başlayaraq, hətta 10 minlərlə manata qədər çatırdı. Lakin son zamanlar məlum səbəblərdən paketlər “balacalaşıb” və bir çox departamentlərdə ümumiyyətlə ləğv edilib. İndi bu əməkdaşların əksəriyyətinin əmək haqqı 1000 manat civarındadır. Belə “qəpik-quruşa” öyrəşməyən təcrübəli vergiyığanlar isə səhərdən axşama qədər “müftə” işləmək həvəsində deyillər.

Digər tərəfdən, nisbətən yaşlı və təcrübəli kadrların kütləvi şəkildə nazirlikdən getməsinin səbəbi yeni pensiya qanunudur. Artıq iyulun 1-dən qüvvəyə minəcək yeni qanuna görə, onlar yalnız 25 il staja malik olandan sonra pensiyaya çıxa biləcəklər. Hansı ki, köhnə qanunda bu müddət 15 ildir və pensiya məbləği əmək haqqının 80 faizi olaraq hesablanır. Bu isə kifayət qədər yüksək pensiya təminatı və “qulaq dincliyi” deməkdir… Belə ki, artıq 15 il staj toplamış və kifayət qədər təmin olunmuş vergi əməkdaşının pensiyası ilə rəsmi maaşı arsında 150-200 manat fərq olur ki, əksəriyyətinin öz biznesi, obyektləri və digər gəlirləri olan bu şəxslər üçün də həmin məbləğ heç bir əhəmiyyət kəsb etmir. Nəzərə alsaq ki, Azərbaycanda pensiya qanunu tez-tez dəyişir və bu dəyişikliklər heç zaman pensiyaçıların marağına xidmət etmir, onda vaxtında ərizə yazıb işdən getməkdən yaxşı variant qalmır.

Təəssüf ki, bir çox hallarda sahibkarların qəniminə çevrilən və bəzilərinin “akula” adlandırdıqları təcrübəli işçilərin nazirlikdən getməsi ciddi kadr probleminə səbəb olmaqdadır. Kifayət qədər geniş biliklər və təcrübə tələb edən bu sahəyə gənclərin gəlməsi şəffaflıq baxımından müsbət hal kimi görünə bilər. Ancaq nəzərə almaq lazımdır ki, onların savadlı və bacarıqlı kadra çevrilməsi illər tələb edir. Bu isə nazirliyin işində axsamalara və boşluqlara səbəb olur.

Digər tərəfdən, heç kəs təminat verə bilməz ki, yeni gələnlər də yaxın müddətdə öz sələflərinin mənfi xüsusiyyətlərinə yiyələnməyəcəklər və nazirlikdəki ab-hava, orada yüksək vəzifələr tutanların fantastik maddi imkanları gəncləri də nə yolla olursa-olsun varlanmaq həvəsinə salmayacaq…

Və sahibkarlar yenə yağışdan çıxıb, yağmura düşməyəcək!

Rüfət Manafov

Bənzər yazılar

Back to top button