İqtisadiyyat

AQRAR SEKTOR TƏNƏZZÜLDƏ, NAZİR DƏBDƏBƏLİ BİNA DƏRDİNDƏ – KTN SOCAR-la yarışır?

Kənd Təsərrüfatı Nazirliyi yeni inzibati binanın layihələndirilıməsi üzrə tender elan edib. Bu barədə nazirliyin saytında elan yerləşdirilib. 10 mərtəbəli binanın tikintisi üçün təkliflər iyunun 20-dək təqdim olunmalıdır. Hələlik inzibati binanın hansı ərazidə olacağı bəlli deyil. Nazirlik yeni inzibati binanın tikintisinin zəruriliyini “müxtəlif ərazilərdə yerləşən strukturlarını bir yerə toplayaraq daha səmərəli fəaliyyət göstərmək məqsədi ilə əsaslandırır.

Son illər bir sıra nazirliklər və dövlət şirkətləri üçün dəbdəbəli yeni inzibati binalar inşa olunub. Bunlardan ən məşhuru SOCAR-ın Bakıdakı 33 mərtəbəli göydələnidir. Habelə “Azərsu” Səhmdar Cəmiyyəti üçün yeni inzibati bina tikilib, Vergilər Nazirliyinin yeni binasının tikintisi davam edir.

Lakin Kənd Təsərrüfatı Nazirliyi SOCAR deyil və necə deyərlər “əli pulla oynamır”, üstəlik elə sahəyə cavabdehdir ki, orada görülməli vacib işlər arasında nazirlik üçün yeni inzibati binanın tikintisi yer almır. Bu nazirlik ilk növbədə iqtisadiyyatın neft asılılığından azaldılmasının mühüm istiqamətlərindən biri kimi kənd təsərrüfatının dirçəldilməsi ilə məşğul olmalıdır.

Kənd təsərrüfatının problemləri ilə məşğul olmaq üçün isə Bakıda yeni çoxmərtəbəli ofisdə rahat kreslolarda əyləşib kondisionerlərin altında sərinləmək əsas şərt deyil. Bunun üçün müntəzəm şəkildə kənd təsərrüfatı rayonlarına baş çəkmək, fermerlərin, kəndlilərin dərd-səri ilə yerində məşğul olmaq lazımdır. Başqa sözlə, nazirliyin rəhbər və digər məsul şəxsləri iş günlərinin çoxunu kəndlinin yanında, torpaqla təmasda keçirməlidir. Kənd Təsərrüfatı Nazirliyinin yerləşdiyi əzəmətli Hökumət Evi isə bu fəaliyyəti koordinasiya etmək üçün heç də əlverişsiz məkan sayılmaz.

O zaman on milyonlarla dollar xərcləyib nazirliyə yeni bina inşa etmək nə dərəcədə düzgün addımdır və bunun kənd təsərrüfatının inkişafına hansı birbaşa faydası ola bilər? Hansı ki, həmin kənd təsərrüfatında həmin milyonlara kəskin ehtiyacı olan çoxlu sahələr var. Məsələn, hər il dağlıq və dağətəyi rayonlarda əkin sahələrini məhv edib kəndlinin bütün əziyyətini heç edən doluya qarşı mübarizə üçün doludağıdan stansiyaların yaradılması kimi.

Üstəlik kənd təsərrüfatına hər il ayrılan yüz milyonlarla manatlıq dotasiyaya baxmayaraq bir çox sahələrdə tənəzzülü aradan qaldırmaq mümkün olmur.

Ölkə özünün ətə olan təlabatının yalnız 38 faizini, südə olan təlabatın 50 faizini, yumurtaya olan təlabatın isə 55 faizi daxili istehsal hesabına ödəyir. Şəkərin, bitki yağının xammalı 95 faiz idxal olunur, çay idxalı isə 97 faiz təşkil edir. Kənd Təsərrüfatı Nazirliyi isə dövlət büdcəsi hesabına 10 mərtəbəli bina tikdirir”, -kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyir.

Qeyd etmək lazımdır ki, Kənd Təsərrüfatı Nazirliyi son illərdə ən yaddaqalan fəaliyyəti kimi rayonlarda kənd təsərrüfatı idarələri üçün inzibati binaların tikintisinə dair statistikanı həvəslə təqdim edir. Məsələn, 2015-ci ildə nazir Heydər Əsədov 52 rayonda kənd təsərrüfatı idarələri üçün yeni inzibati binaların tikildiyini açıqlamışdı. Həmin binalara xərclənən pulların kənd təsərrüfatının inkişafına təsirini isə təəsüf ki, görmək mümkün deyil…

Rüfət Manafov

Bənzər yazılar

Back to top button