İqtisadiyyat

Ekologiya Nazirliyinin şübhəli tenderi: Qanunu pozanlar kimlərdir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin 5 saylı (Xaçmaz) Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi sifarişçi olduğu tenderə yekun vurub.

Qlobal.az xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin Xaçmaz Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “inzibati binasının əsaslı təmiri” işlərinin satın alınması lotu üzrə sifarişçi olduğu satınalmanın məbləği 52.988 manat, qalibi isə “Perlit” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.

“Perlit” MMC 2004-cü ildə dövlət reyestrində qeydiyyata alınıb.

Şirkətin hüquqi ünvanı Gəncə şəhərində fəaliyyət göstərən ADAU-nun yataqxanası, 6 saylı mənzildir.

Şirkətin web ünvanında (http://perlitmmc.com/az/content/66) verilən məlumata görə “Perlit” MMC Qaraşov Şahvələt Əbülfət oğlu tərəfindən 2004-cü ildə təsis edilib. Ömrümov Məhərrəm Xansuvar oğlu isə 2006-cı ildə şirkətin direktoru təyin edilib.

“Perlit” MMC-nin hazırda dövlətə 4.101.281 (dörd milyon bir yüz bir min iki yüz səksən bir) manat vergi borcu var.

Xatırladaq ki, Dövlət Satınalmaları Haqqında Azərbaycan Respublikasının Qanununa görə dövlət satınalmalarında iştirak edən təşkilatlar sifarişçi təşkilatların tender komissiyasına təqdim etdikləri sənədlərdən biri də Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayışdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin 5 saylı (Xaçmaz) Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sifarişçi olduğu tenderin qalibinin vergi mükəlləfiyyətinə diqqət etdikdə sözügedən qurumun tender komissiyasının ciddi səhlənkarlığa yol verildiyi görünür.

Bənzər yazılar

Back to top button